Sənədli filmlər ustası
Kinorejissor Niyazi Bədəlovun həyat və yaradıcılığı nəinki Azərbaycan kinosunun, həm də ölkənin tarixi ilə bağlıdır. Çünki ötən illər ərzində o özü baş vermiş bir çox hadisələrin şahidi və iştirakçısı olmuşdur. Və bütün bunları çəkdiyi min metrlərlə filmlərdə əks etdirmişdir. Niyazi müəllimlə bağlı sənədləri və məktubları araşdırarkən, onun lentə aldığı filmlərə baxarkən, bu sənətkarın tərcümeyi-halında o dövr nəslinin tərcümeyi-halını görürük.
O, 1927-ci ildə Şəkidə «Yeni yol» kinoteatrında kinomexanik köməkçisi kimi fəaliyyətə başlayanda hələ çox cavan idi, cəmi 18 yaşı vardı.
Niyazi müəllim 1931-36-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alan ilk şəkili tələbə olmuşdur. O, rejissorluq fakültəsində bədii kino sahəsində görkəmli sənətkar S.Eyzenşteyndən dərs alaraq, rejissorluq sənətinin sirlərinə yiyələnmişdir. N.Bədəlov kinostudiyada ilk filmlərini-«Komsomol nəsli» və «Azərbaycan aşıqları»nı 1938-ci, axırıncı filmini - «Xəzər üzərində körpü» kinolentini isə 1988-ci ildə çəkmişdir. Deməli, görkəmli sənətkar nə az-nə çox, düz 50 il Azərbaycan kinosuna canla-başla xidmət etmişdir. Hətta təqaüdə çıxandan sonra Niyazi müəllim üç sənədli film çəkmişdir: «Əbədi iz» (C.Zeynallı ilə birgə), «Estafet» və «Xəzər üzərində körpü».
Maraqlıdır ki, N.Bədəlov bədii kino üzrə ixtisaslaşdığı üçün Böyük Vətən müharibəsi başlamazdan bir il əvvəl həmkarı H.Seyidzadə ilə birgə «Ayna» adlı bədii filmin çəkilişlərinə başlayır. Müəyyən səbəblərdən filmin çəkilişləri yarımçıq qalır. Lakin inadkar rejissorlar çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə «Sovqat» adlı qısametrajlı bədii film yaradırlar. Bu film həm arxa, həm də ön cəbhədə nümayiş etdirilir. Bu film Niyazi müəllimin bədii kinoda ilk və son işi olur. Lakin sonralar rejissor bir sıra sənədli filmlərində bədii kinodan yeri gəldikcə bacarıqla istifadə edir. 1958-ci ildə çəkdiyi «Məhəmməd Füzuli» sənədli filmini buna misal göstərə bilərik.
Dahi Azərbaycan şairi Füzulinin poetik irsi kinematoqrafçıları da ekran əsəri yaratmağa ruhlandırmış, onlar Məhəmməd Füzulinin vəfatının 400 illiyinə ithaf olunan eyniadlı film yaratmışlar. Filmdə şairin ata babasının Azərbaycandan İraqa köçməsi, şairin Kərbəlada anadan olması, yaradıcılığı barədə danışılır. Azərbaycan kinosunda bir epizodla da olsa Füzulinin bədii obrazı ilk dəfə olaraq, bu filmdə yaradılmışdır. Burada şairin «Şikayətnamə» əsərindən bir parça ekranlaşdırılmış, Füzuli rolunda görkəmli aktyor Əli Qurbanov çıxış etmişdir.
Yazıçı-alim Gülhüseyn Hüseynoğlu «Füzuli haqqında film» resenziyasında yazıb: «Film həcm etibarilə kiçik olsa da, məzmun və ideyaca dolğundur... Filmdə, xalqın sevimli şairə bəslədiyi böyük sevgiyə geniş yer verilmişdir. Film «Azərbaycanfilm» kinostudiyasının bədii-sənədli filmlər sahəsində əldə etdiyi yeni nailiyyətlərdəndir».
Niyazi Bədəlovda işləməyə o qədər həvəs var idi ki, o, bir saat da olsun bekar qalmağı sevmirdi. 30-cu illərin sonunda M.F.Axundov adına Bakı Dövlət Teatr Texnikumunda kino texnikası fənnindən dərs demişdir. 1941-ci ilin əvvəllərində «Böyük həyat», «Tüfəngli adam», «Oyanmış torpaq» və keçmiş Sovet İttifaqının müxtəlif respublikalarında istehsal olunan digər bədii filmləri Azərbaycan dilinə dublyaj etmişdir.
Niyazi müəllim 40-a qədər sənədli film, «Novosti dnya», «Po strane Sovetov», «Sovet Azərbaycanı», «Ordenli Azərbaycan», «Gənc nəsil», «İncəsənət» və «İdman» kinojurnalları üçün süjetlər çəkmişdir. Onun çəkdiyi süjetlərin sayını hesablamaq mümkün deyil, çünki bunlar kilometrlərlə ölçülür.
Yaratdığı sənədli filmlər Azərbaycanın qəhrəmanlıq tarixinə, xalqımızın Böyük Vətən müharibəsində iştirakına, milli mədəniyyətimizə, mədəniyyət xadimlərinə, respublikamızın şəhər və kəndlərinə, zəhmət adamlarına həsr olunmuşdur. «Azərbaycan aşıqları», «General Həzi Aslanov», «Biz Bakını müdafiə edirik», «Mirzə Fətəli Axundov», «Məhəmməd Füzuli», «Xalq şairi Səməd Vurğun», «Dağlarda ada», «Hanı mənim övladlarım?», «Onun adı Serafino idi», «Əbədi iz» və digər sənədli filmləri ölkəmizin kino salnaməsində öz layiqli yerini tutmuşdur.
Milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundovun həyat və yaradıcılığı Niyazi müəllimi onun barəsində film yaratmağa ruhlandırmışdır. O, 1962-ci ildə M.C.Cəfərov və Ə.Qurbanovun ssenarisi əsasında «Mirzə Fətəli Axundov» kino-oçerkini lentə almışdır. Görkəmli dramaturqun anadan olmasının 150 illiyinə həsr olunmuş bu film bizi Mirzə Fətəlinin uşaqlıq illəri, mürəkkəb keçən həyatı və fəaliyyəti ilə, onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərlə tanış edir.
M.F.Axundovun Şəkidən Tiflisə gəlməyi, burada M.Ş.Vazeh ilə görüşü-bunlar kadrda yoxdur, yəni sağlıqlarında çəkilməyib, çünki kino o vaxtı hələ icad olunmamışdı. Amma rejissor hücrələrdən istifadə edib bu iki sənətkarı elə şəkildə dilləndirir ki, onlar sanki filmdə iştirak edirlər, eyni zamanda onlar yoxdurlar.
N.Bədəlov filmə «Hacı Qara» pyesindən bir fraqmenti daxil etməklə kino əsərini daha da canlandırmışdır. Hacı Qara rolunda Sadıq Hüseynov, arvadı rolunda Məhluqə Sadıqova çəkilmişlər. Bu tarixi-bioqrafik film Tiflisdə M.F.Axundovun qəbri önündə və Bakıda böyük maarifçinin abidəsi qarşısında keçirilən təntənəli mərasimlərlə qurtarır.
1963-cü ildə Tbilisidə Zaqafqaziya respublikaları, Rostov-Don, Orconikidze studiyalarının sənədli filmlər baxışında N.Bədəlov ən yaxşı rejissor işinə görə diplom almışdır.
N.Bədəlovun filmləri mənalı, təravətli və baxımlıdır. Rejissor gələcək filmi öz xəyalında canlandırır, onu aydın görür. Nə çəkəcəyini və necə çəkəcəyini yaxşı bilir. Sonra təsəvvüründə canlandırdıqlarını kadrbakadr kağızlara köçürür. Belə bir iş üsulunu o, müəllimi, dahi S.Eyzenşteyndən öyrənmişdi.
Qocaman sənətkar kinematoqrafiyada öz sözünü deyib. Onun yarım əsr ərzində yaratdığı filmlər Azərbaycan sənədli kinosunda öz layiqli yerini tutub. Belə dəyərli filmlərdən biri də «Hanı mənim övladlarım?» tammetrajlı sənədli filmidir. 1967-ci ildə çəkilmiş bu film Cənubi Azərbaycanda milli azadlıq hərəkatı yatırıldıqdan, Azərbaycan milli hökuməti devrildikdən sonra şah üsul-idarəsinin azərbaycanlıların başına gətirdiyi müsibətlərdən, öz ev-eşiklərini tərk edib, Sovet İttifaqında, o cümlədən Quzey Azərbaycanda məskunlaşmağa məcbur olmuş İran mühacirlərinin-demokratların taleyindən bəhs edir.
1941-1945-ci illər müharibəsinin ortalarında N.Bədəlov sevimli işindən-kinematoqrafdan məcburi ayrılıb bir müddət həyatını teatra bağladı. O, 1944-cü ilin fevral ayında Salyan şəhərinə ezam olundu. Burada Salyan Dövlət Dram Teatrını təşkil etdi. Həmin teatrın bədii rəhbəri təyin olundu və M. Rzaquluzadənin «Sədaqət» əsərini tamaşaya hazırladı.
Kinoya qayıtdıqdan sonra N.Bədəlov yenidən filmlər çəkməklə məşğul olub və bir daha sevimli işindən ayrılmayıb.
Səməd Vurğun ictimai xadim kimi ölkəmizdə keçirilən bir çox mədəni və siyasi tədbirlərdə fəal iştirak edirdi. Onun bu tədbirlərdə iştirakı, məruzə və çıxışlar etməsi, şeirlər oxuması daim kino işçilərinin diqqət mərkəzində olmuş, onlar şairi belə tədbirlər zamanı dəfələrlə kinoxronika üçün lentə almışlar. Bundan başqa, xalq şairinin özü barəsində bir neçə sənədli film çəkilmiş, əsərləri ekranlaşdırılmışdır. Rejissor N.Bədəlov iki filmində Səməd Vurğunu böyük məhəbbətlə əks etdirmişdir: «Komsomol nəsli» və «Xalq şairi Səməd Vurğun». İkinci filmin ssenarisini yazıçı İsmayıl Şıxlı yazmışdır.
İkinci Dünya müharibəsində Azərbaycanın 700 mindən artıq oğul və qızı iştirak etmiş, onlardan 300 mindən çoxu həyatlarını qurban vermişdir. Müharibə illərində İtaliyada faşizmə qarşı mübarizə aparan Beynəlmiləl Müqavimət Hərəkatı briqadasında azərbaycanlılıar da iştirak etmiş, igidlik və şücaət göstərmişlər.
«Onun adı Serafino idi» hərbi və vətənpərvərlik sənədli filmi vətəndən uzaqlarda hitlerçilərlə vuruşan igid oğullarımızdan biri - Tahir İsayev haqqındadır. Döyüş yoldaşları Tahir İsayevi «Serafino» çağırırdılar. O, «Fiamma Verdi» Beynəlmiləl briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla çiyin-çiyinə vuruşmuşdur.Göstərdiyi igidliklərə görə T.İsayev yeddi İtaliya Ordeni ilə təltif olunmuşdur. Bütün bunlar barəsində müəlliflər filmdə fəxrlə, ürəkaçıqlığı ilə danışırlar.
Niyazi müəllimi bir insan kimi, bir sənətkar kimi xalqın taleyi, Azərbaycanın dünəni, bu günü və sabahı həmişə düşündürmüş, narahat etmişdir: istər kinostudiyada fəaliyyət göstərdiyi illərdə, istərsə də təqaüdə çıxandan sonra. Məhz o vaxt kinostudiyanın rəhbərliyi ona təbrik göndərmişdi. Təbrikdə bu sözlər yazılmışdı: «Yaradıcı işçinin tərcümeyi-halı onun layiqli istirahətə getməsi ilə bitmir...»
Bu, doğrudan da belədir. Niyazi müəllim sonralar «kiçik kino» - həvəskar kinonun inkişafı üçün xeyli zəhmət çəkmiş, bu sahə üzrə onlarla şagird hazırlamışdır. Onun şagirdlərinə bu gün Bakıda, Qubada, Naxçıvanda, Saatlıda və respublikanın digər bölgələrində rast gəlmək olar. Azərbaycan kino həvəskarlarının filmləri dəfələrlə ümumittifaq və respublika müsabiqələrinin mükafatlarına layiq görülmüşdür.
Niyazi müəllim 90 yaşına iki il qalmış, yəni 1997-ci il noyabrın 2-də vəfat etmişdir. N.Bədəlovdan bizə və gələcək nəsillərə gördüyü işlər, bir də sadə insanın timsalında prinsipiallıq, cəsarətli olmaq nümunəsi yadigar qalmışdır. Bu gün gənc nəslin beynəlxalq kino aləmində qazandığı uğurlar bir daha deməyə əsas verir ki, yaşlı nəslin çəkdiyi zəhmət hədər getməmişdir, estafet möhkəm əllərdədir.
Aydın KazımzadƏ,
əməkdar incəsənət xadimi