Rəna Əliyeva: «Kinoda qrimin də, geyimin də özünəməxsus yeri var»
   

   1979-cu ildən «Azərbaycanfilm» kinostudiyasında işləməyə başlayıb. Rəna Əliyeva 20 bədii, o cümlədən “Qorxma, mən səninləyəm”, “Bəxt üzüyü”, “Arxada qalmış gələcək”, “Məkanın melodiyası” və s. filmlərdə çalışıb. 
   
   - Rəna xanım, neçə ildir kinostudiyada işləyirsiniz?
   
- Artıq 30 ildir ki, kinostudiyada işləyirəm. Bura ilk gəlişim 1979 ildə oldu. 1981-ci ildə rejissor Yuli Qusman “Qorxma, mən səninləyəm” filmini çəkirdi və məni də bu filmə dəvət etdilər. İlk işim idi və çox həyəcan keçirirdim. Amma sonra işim mənə maraqlı gəldi. Yadımdadır ki, ilk dəfə Polad Bülbüloğlunu qrimlədik. Hamı bəyənmişdi. Özünün də xoşuna gəlmişdi. “Qorxma, mən səninləyəm”dən sonra bir-birinin ardınca filmlərə dəvət aldım. Bundan başqa, Polşa, İran rejissorlarının çəkdikləri filmlərdə də işləmişəm.
   - Kinostudiyaya qrim rəssamı kimi gəlmişdiniz?
   
- Yox. Mənim uşaqlıqdan kinoya, aktrisa sənətinə çox marağım olub. Amma o vaxtlar bu sənətə o qədər də yaxşı baxmırdılar. Musiqi məktəbini bitirdiyimdən incəsənətə çox meylim olub. Kinostudiyaya gözəl aktrisamız Suğra Bağırzadənin köməkliyi ilə gəlmişəm. O bu sənətə olan həvəsimi bilirdi. Mədəni Maarif Texnikumuna daxil oldum və həmin ildə də kinostudiyaya gəldim. Gələn gündən qrim rəssamı kimi işləməyə başladım. Amma təbii ki, vaxtaşırı imtahanlar verirdik. Amma deyim ki, bəzi filmlərdə aktrisa kimi çəkilmişəm. Hərçənd ki, buna xüsusi həvəs göstərməmişəm.
   “Bəxt üzüyü” filmində qrim rəssamı işləyirdim. Filmdə aktrisalardan biri xəstələndi. Rejissor Ramiz Əzizbəyli də dedi ki, səhər hazırlaş səni çəkəcəyik. Etiraz elədim. Düzü ailədə mənə aktrisalığa icazə vermirdilər. Filmdə çox səs-küy salan bir qadını canlandırmalı idim. Dedim Ramiz müəllim, bacarmayacam. Mənə dedi ki, aktrisa gərək hər şeyi bacarsın- ağlasın, gülsün. Səhər çəkiliş meydançasına gəldik, kameranı düzəldəndə operator Amin Novruzov dedi ki, “Rəna, bir burdan keç”. Keçdim, sonra da dedilər hazırlaş çəkirik. Çəkildim, çox bəyəndilər. “Mozalan”ın bəzi süjetlərində çəkilmişəm... Sonra da Rüfət Əsədov “Arxada qalmış gələcək” filminə çəkdi.
   - Məlumdur ki, qrim rəssamı filmdə önəmli personalardan biridir...
   
- Kinoda qrimin, geyimin özünəməxsus yeri var. Onu da gərək düzgün seçəsən. Hər bir aktyora nəyin lazım olduğunu düzgün bilmək lazımdır. Qrim rəssamı öncə filmin ssenarisi ilə tanış olmalıdır. Ordakı obrazları yaxından tanımalıdır. Filmdə oynayan aktyorları da tanıdıqdan sonra artıq qrim rəssamı obrazdan çıxış edərək hansı aktyora hansı qrimin uyğun gəldiyini müəyyənləşdirə bilir. Bu yaxınlarda bir seriala dəvət aldım. Ssenari ilə tanış olmamış birbaşa çəkilişlərə çağırdılar. Getmədim.
   - Aktyorlarla necə yola gedirsiniz?
   
- Onların hamısının nazı ilə oynayıram.
   - Teatrda işləmək təklifi almısınızmı? Ümumiyyətlə, maraqlıdır, teatrda işləyən qrim rəssamı ilə kinodakı qrim rəssamının nə kimi fərqləri var?
   
- Məni dəfələrlə teatra dəvət ediblər. “Cansıxıcı əhvalat” filmindən sonra Hacıbaba Bağırov məni Musiqili Komediya Teatrına dəvət etsə də, kinodan gedə bilmədim. Özümü kinoya daha yaxın hiss edirəm. 30 il az vaxt deyil. Gecəli-gündüzlü çəkilişlərdə. Həm də teatrla müqayisədə kino daha maraqlıdır. Teatrda işləyən qrim rəssamının işi daha asandır. Orada hər şey şərti olduğu üçün qrim üzərində çox incəliklə işlənməsə də olar. Amma kino elə deyil. Kameradan qaçmaq olmur. Ən balaca səhv belə gözə çarpır. Biz ən xırda detallara belə fikir veririk.
   - Rəna xanım, bir çox filmlərdə çalışmısınız. Müxtəlif xarakterli rejissorlarla işləmisiniz. Hansı rejissorla işləmək daha rahat olub?
  
 - Əgər sən öz işini yaxşı bilirsənsə, istənilən rejissorla işləmək də rahatdı. Düzdü, filmə rejissor cavabdehdi, amma o, həm də müştərək işdir. Obrazın üzərində qrim rəssamı ilə rejissor birgə işləyirlər. Deyirlər, Hüseyn Mehdiyevlə işləmək çətindir. Amma mən onunla işləmişəm, işini bildinsə, onunla işləmək çox rahatdı.
   - Hazırda hansı filmdə çalışırsınız? Kinostudiyanın yeni filmlərinə dəvət almısınızmı?
  
 - Dəvət etməyiblər yeni filmlərə. Son zamanlar çəkilən yeni seriallarda (“Tamahkar”, ”Nəfs”, “Kor bədbəxt”, “Böhtan”, “26 nömrəli ev”) işləmişəm. Hazırda da yeni serialın çəkilişləri gedir və məni də dəvət ediblər.
   - Dediniz ki, xarici filmlərdə də işləmisiniz. Orda işləmək təklifi almamısınız?
  
 - Bir dəfə olmuşdu. Türk rejissorları film çəkilişlərində işimi bəyənmişdilər və məni seriala dəvət etdilər, amma oğlum balaca idi, gedə bilmədim. İndi oğlum mənim davamçımdı. Çəkilişlərdə mənə çox kömək olur.
   - Qarşıdan Kino Günü gəlir. Belə bir gündə yəqin sizin də deyiləcək sözünüz var.
  
 - Milli kinomuzun inkişafı göz qabağındadır. 90-cı illərdən fərqli olaraq çoxlarının əməyinə layiqli qiymət verirlər. Düşünürəm ki, bu sahədə uzun müddət çalışan insanların heç biri dövlət qayğısından kənarda qalmayacaq. Mənim üçün ən böyük hədiyyə tamaşaçıların, filmlərində işlədiyim rejissorların rəyidir.
   
   Aylin N.