Kinoçulardan ilk dəfə şəxsən tanış olduğum ən yaşlı adam gərək ki, o idi. Təqribən iyirmi ilin söhbətini eləyirəm. İyirmi yoxdusa da, üstündən bir-iki il əskik olar. SSRİ dağılhadağılıydı. Başımda gənclik havası mədəniyyət aləmində qabağıma kim çıxırdısa, nə görürdümsə, əlimdən buraxmırdım. Hər gün irili-xırdalı nəsə yazırdım. Başqa qəzetdə işləsəm də, «Kino»dan sifariş, sifariş dalınca gəlirdi. Hər həftə kinostudiyaya, sənətkarların evinə gedib-gəlməkdən qısa zamanda məşhurlaşmışdım. Tanış-bilişlərimin sayı günbəgün artırdı. Hər şey bu minvalla getdiyi bir vaxtda tale məni Niyazi Bədəlovla görüşdürdü. Kinomuzun veteran sənətkarlarından biriylə. O vədə Niyazi müəllim artıq səksəni yola salmışdı. Amma yaşına görə qıvrağıydı, hafizəsi də yerindəydi. Təqaüdə çıxdığından, özü demişkən, qoca qarısıyla bir damın altında dövranını sürüb, gününü keçirirdi. Arada yaşadığı binayla üzbəüzdə yerləşən Yasamal bazarına və dörd bir yandakı dükanlara baş çəkməyini nəzərə almasaq, axtaranda, demək olar, çox vaxt evdə tapardın.
      
   Mən onunla bir yazılıq söhbət zamanı yaranan tanışlığın sonradan səmimi münasibətə çevriləcəyini, dostluq səviyyəsinəcən yüksələcəyini ağlıma gətirə bilməzdim. Ən azından yaş fərqinə görə. Axı, o mənim babam yerindəydi. Haqlı yerə «ağlıma gəlməyən başıma gəldi» deyiblər. Uzun illər bundan qabaq öz şəxsimdə gördüklərim bu qənaəti bir daha təsdiqlədi.
   Niyazi Bədəlov əslən Şəkidəniydi. Elə xasiyyətinə görə də oralıydı ki, durmuşdu. Şəkililərə məxsus hazırcavablıq, baməzəlik canında-qanındaydı. Sadə, səmimi, ünsiyyətcilliyi isə özgə aləmiydi. Kimlə sözü-söhbəti tutdu, onnan axıracan varıydı. Ta bu adamın işi-gücü, qulluğu onu maraqlandırmazdı. Deməyim odur, tanışının, həmsöhbətinin vəzifəsindən, imkanlarından istifadə eləmək barədə fikirləri bir yol xəyalında dolandırmazdı. Əqidəsi çürüklərdən deyildi axı, ona görə.
   Uşaqnan uşaq, böyüknən böyük olmağı bacaran, yeri gələndə tay-tuş görünən, məqamı çatandasa pərdə saxlamağı bacaran bu kişi maraqlı ömür yolu keçmişdi. Doğulanda Azərbaycan çar Rusiyasının əsarəti altındaydı. Ağlı kəsər-kəsməz dünya-aləm bir-birinə dəymişdi. Nikolay taxtdan düşmüşdü, bolşeviklər hakimiyyətə gəlib tamam yeni bir cəmiyyət qurmuşdular. Niyazi Bədəlov onda uşağıydı. Məktəbə gedirdi, xoşbəxt sovet balalarından biri kimi yazıb-pozmaq öyrənirdi. Və o öyrənən düz ömrünün sonunacan şəxsi nə qeydləri vardısa, hamısını əski əlifbayla yazırdı. Zarafat deyil, uşaq vaxtından ta doxsanı haqlayanacan bir əlifbadan yapışıb durasan. Təqribən səksən ildə gör nə qədər işlər olmuşdu, neçə yol əlifba dəyişmişdi. O isə əli qələm tutanda öyrənib isinişdiyi hərflərdən əl çəkmirdi, onların köməyilə gündəliyini yazanda könlü açılırdı. Niyazi müəllimin ürək-könül həmdəmini, səhifələri muncuq kimi xətlə yazılı dəftərini mən də görmüşəm. Baxmayaraq ki, can yoldaşı, ömür sirdaşı sayılacaq dəftər sirr dağarcığıydı. Orda sahibinin çoxlarına danışmadığı neçə-neçə mətləblər varıydı. Yəqin elə bu səbəbdən də hər saat üzə çıxmazdı. Evin içəri otağında, hündür, əlçatmaz yerdə saxlanardı...
   Niyazi müəllim Şəkidə məktəbi bitirər-bitirməz kinomexaniklik peşəsinə yiyələnmişdi. Rayon mərkəzindəki «Yeni yol» kinoteatrında işə düzəlmişdi. 17-18 yaşlı gəncin sənətə maraq göstərməsi, kinomexanik köməkçisi kimi əmək fəaliyyətinə başlaması təsadüfi deyildi. Onun ailəsində teatra məxsusi münasibət varıydı. Atası, böyük qardaşı və əmisi oğlu bütün Şəki camaatının tanıdığı və sevdiyi insanlarıydı. Ötən əsrin əvvəllərində onlar illər boyu həvəskar aktyorlar kimi tamaşaçılar qarşısında çıxış edib, məharət göstərmişdilər. Təbii ki, lap balaca yaşlarından düşdüyü mühit Niyazi Bədəlovu da sehrləmişdi. Amma o, teatrı sevə-sevə, digər istiqamətə üz tutdu. Taleyini incəsənətin ən cavan sahəsi-kinoyla bağladı. Çox güman dövrünün gözüaçıq gənclərindən biri kimi o, bu sənətin imkanlarının genişliyinə, laübalı aləminə vurulmuşdu...
   1931-36-cı illəri Moskvada keçdi. Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinin tələbəsi kimi həyatının beş ilini sevib-seçdiyi sənətin incəliklərini öyrənməyə sərf etdi. Müəllimi, dünyaşöhrətli Sergey Eyzenşteyn idi. Milli kinomuzun ilk peşəkar rejissoru kimi tarixə düşəcək, dünyadan nakam köçmüş Səməd Mərdanov, sonralar Azərbaycanın ən məşhur sənətkarları olacaq Hüseyn Seyidzadə, Əlisəttar Atakişiyev də onunla bir vaxtda oxuyurdular. Mədəniyyətimizdə yeni intibah dövrünün qurucuları o zaman bundan xəbərsiziydilər. Və böyük arzularla peşələrinin sirlərinə yiyələnirdilər. Onlar müəllimlərindən öyrəndiklərini bölüşməkçün vətənə tələsirdilər. Burda nəylə qarşılaşacaqlarını bilmədən. İstedadlarının, zəhmətlərinin müqabilində heç nə ummadan.
   1930-cu illərin sonunda o zamankı, «Azərfilm»ə yeni gənc qüvvələr gəldi. Moskva mühitindən çıxmış peşəkarlar kinoda öz sözlərini demək üçün qollarını çırmalayıb, həvəslə işə başladılar. Milli kadrların çatışmadığı, erməni və yəhudi millətindən olanların meydan suladığı vaxtda film çəkmək, sənət göstərmək çətiniydi. Bu çətinlik Niyazi Bədəlovdan da yan keçmədi. 1938-ci ildə ara vermədən «Komsomol nəsli» və «Azərbaycan aşıqları» sənədli filmlərini lentə aldıqdan sonra, bədii filmlər rejissoru ixtisasına nahaq yiyələnmədiyini sübuta yetirmək istədi gənc Niyazi. O, istedadını tam nümayiş etdirmək üçün bədii kinoya üz tutmağa can atırdı. Bir yandan qəlbinin hökmü beləydi, o biri yandan ixtisası ona bu hüququ verirdi. Belə bir vaxtda ədəbiyyatda kövrək addımlarını atan Ənvər Məmmədxanlı «Ayna» adlı ssenarini kinostudiyaya təqdim elədi. Sadə bir kəndli qızının usta xalçaçı kimi necə yetişməsindən bəhs edən əsərə quruluş vermək Niyazi Bədəlovla Hüseyn Seyidzadəyə tapşırıldı. O zamankı, qaydalara görə, rejissorlarla yanaşı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin, Yazıçılar İttifaqının və Bakı kinostudiyası nümayəndələrinin təmsil olunduğu ssenari müzakirəsində tənqidi fikirlər səsləndi, mübahisə düşdü. Bir müddət sonra Moskva rejissor ssenarisini təsdiq etsə də, filmin xarici kinolentdə çəkilməsinə razılıq verilmədi. Niyazi və həmkarı baş verənlərdən usanmadılar. Tanınmış sovet kinorejissoru M.Çiaurelinin bədii rəhbərliyilə filmin çəkilişlərinə hazırlıq işləri aparıldı. Vətənpərvərliyi, milli təəssübkeşliyilə seçilən gənc rejissorlar filmi erməni əsilli operatorun çəkməsinə imkan vermədiyindən, iki dəfə dəyişiklik oldu. Və son nəticədə kamera arxasında ali təhsilli kinooperator Əlisəttar Atakişiyev dayandı. Əsas qəhrəmanı-Ayna rolunu oynamaq Leyla Bədirbəylinin öhdəsindəydi. Di gəl, «Ayna» ortaya çıxmağa macal tapmadı. Sadalanan səbəblər üzündən yubanan film üzərində iş müharibənin başlamasıyla əlaqədar yarımçıq qaldı. Əslində ekran əsəri gec də olsa, tamam-kamal ərsəyə gələ bilərdi. Amma yenə də rejissorların qabağını problemlər kəsdi. Bu dəfə çəkilmiş materialların sənət baxımından yararsızlığı səbəb göstərildi. Hüseyn vəziyyətdən çıxış yolunu tapdı. O, lentə alınmış kadrlardan ərsəyə gələcək yeni ekran əsərində-qısametrajlı bədii filmdə istifadə etmək üçün kinostudiyanın rəhbərliyini razı saldı. Beləliklə, 1942-ci ildə İmran Qasımovun ssenarisi əsasında arxa cəbhədəkilərin döyüş meydanındakılara köməyindən söhbət açan «Sovqat» filmi yarandı. Bu, Niyazi Bədəlovun nəhayət ki, arzusuna çatması demək idi. Və çox güman, o özü də belə qənaətdəydi. Amma yox, rejissorun bədii kinoya birinci və axırıncı sovqatı oldu «Sovqat».
   Aradan çox illər ötüb. Təqribən yetmiş il qabaq əslində nə baş verdiyini, nəyə görə Niyazi müəllimin bir daha bədii filmə üz tutmamasının səbəbini bilən canlı şahidlər qalmayıb. Doğrusu, sağlığında sənətkarla yetərincə görüşümüz olsa da, bu sualın tam cavabını eşitdiyim yadıma gəlmir. Onunla həyat və sənət mövzusunda elədiyimiz söhbətlərdə o bir yol bu məsələyə aydınlıq gətirməyib. Qəribədi ki, aramızdakı pərdə məsələsinə, ya nəyə görəsə bilmək istədiyim məqamı onun dilindən eşitməyə təkid eləməmişəm. İndisə nə rejissorun özü var, nə də canlı şahidlər. Demək, bu sirri onlar özləriylə apardılar. Daha kimsənin əsl həqiqətdən agah olacağına güman yoxdu. Bir də, həqiqətə sahib çıxacaq insanın özü yoxsa, bundan nə fayda?
   Niyazi Bədəlov taleyilə barışanlardanıydı. Hər halda, mən onu həmişə şükranlı gördüyümdən bunu əminliklə deyirəm. Çox yəqin bir daha bədii film çəkməmək «hökm»ünü də o, alın yazısı kimi qəbul eləmişdi. Arada müəyyən illərdə Teatr Texnikumunda kino texnikası fənnindən dərs deməsini, dublyaj rejissorluğunu, Salyan Dövlət Dram Teatrının təşkilində rolunu və burada tamaşalara quruluş verməsini, təqaüdə çıxandan sonra «kiçik kino» həvəskarlar kinosunun inkişafındakı uğurlu fəaliyyətini hesaba almasaq, onun bütün həyatı sənədli filmlərin çəkilişində keçib.
   Niyazi müəllim Böyük və Kiçik Qafqaz sıra dağlarında, Mingəçevir SES-də, Neft Daşlarında, Mil düzündə, qoruqlarda, idman yarışlarında, mədəniyyət günlərində və sair yerlərdə saysız-hesabsız süjetlər çəkib. Rejissor axırıncı dəfə kamera arxasına keçib, «Xəzər üzərində körpü»nü lentə alanda səksən yaşına bircə il qalmışdı. 1938-88-ci illər arasında onun müəllifi olduğu filmlərin siyahısında «Dağlıq Qarabağ», «Yedilliyin qabaqcılları», «Biz Bakını müdafiə edirik», «Mirzə Fətəli Axundov», «Neft akademiyası», «Dağlarda ada», «Əbədi iz», «Estafet», «Xalq şairi Səməd Vürğun», «Onu Serafino çağırırdılar», «Hanı mənim övladlarım?» və sair sənədli ekran əsərləri, 1941-45-ci illər müharibəsini, «Ordenli Azərbaycan», «Novosti dnya», «İncəsənət», «İdman» və başqa kinojurnalları əhatə edən yüzlərlə süjetlər var. Bunların arasında dahi şairimiz Məhəmməd Füzulidən bəhs edən eyniadlı film xüsusilə diqqəti çəkir. 1958-ci ildə lentə alınmış «Məhəmməd Füzuli» nadir kadrlarla zəngindi. Burada Hüseynqulu Sarabski və Cabbar Qaryağdıoğlunun çıxışlarına, görkəmli aktyor Kazım Ziyanın ifasında səslənən qəzəllərə yer ayrılıb. Ölməz söz ustasının «Şikayətnamə» əsəriylə bağlı ekranlaşdırılmış parçanın hüsnüsə bambaşqadı. Azərbaycan kinosunda dahi şairin bədii obrazı ilk dəfə məhz bu filmdə xalq artisti Əli Qurbanovun ifasında yaradıldığına görə. Yeri gəlmişkən, görkəmli müğənni Zeynəb Xanlarovanın kinokamerayla birinci tanışlığı da buradan başlayıb. O dövrün neçə-neçə alimlərinin, sənətkarlarının əla qiymətini alan filmdən. Bədii kinoya təşnə rejissorun sənədli ekranın diliylə bədii fikirlərini, duyğularını çatdırdığı canlı lent parçasından.
   Yasamalda bir ev var. Onun üçüncü mərtəbəsində sadə, mehriban və surəti xəyalımdan itməyəcək bir insan yaşıyırdı. Yanında qoca qarısı, əlindən çörək yediyim Şəfiqə xanım, stolunun üstündə termosda hazır çayı...
   Ev yerindədi. İllər o iki nəfəri qoparıb aparsa da, sakinləri dəyişən evin çörəyi təknədən üzülməyib. Sənətkarla müəllimin halal ruzisindən binə tutan ocağın çörəyi üzülməz axı...
   
   Seymur Elsevər