Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzi və "Təkan" Tələbə Gənclər İctimai Birliyi ilə birgə iyulun 27-dən 31-dək Milli Kino Günü münasibətilə kino həftəsi keçirir.
Dünən keçirilən açılış mərasimində bildirilib ki, kino həftəsinin keçirilməsində məqsəd milli kinonun ən yaxşı filmlərini nümayiş etdirmək, gənclər arasında mədəniyyətin təbliğini artırmaq, eyni zamanda, onların asudə vaxtını səmərəli təşkil etməkdir.
Həftə çərçivəsində son vaxtlar çəkilən "Qala", "Küçələrə su səpmişəm", "Yalan", "Girov", "Arxada qalmış gələcək", "Hökmdarın taleyi", "Ev" və "Ərazi" filmləri nümayiş etdiriləcək.
Digər çıxış edənlər Azərbaycanda mədəniyyət adamlarına göstərilən dövlət qayğısından, gənc rejissorların puxtələşməsi istiqamətində atılan addımlardan və gənclərin incəsənətə olan marağından danışıblar.
Həftənin ilk günündə rejissor Şamil Nəcəfzadənin "Qala" filmi nümayiş etdirilib.