Ötən saylarımızdan da məlumdur ki, avqustun 27-dən 31-ə kimi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, «Cinema» Gənc Kinematoqrafçılar Mərkəzi və «Təkan» Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Kinematoqrafçılar İttifaqının nümayiş zalında Milli Kino Günü münasibətilə «Azərbaycan kinosu həftəsi» keçirilir.
   
   Qeyd edək ki, film həftəsində «Qala» (rej.Ş.Nəcəfzadə), «Məhkumlar» (rej.M.Ələkbərzadə), «Girov» (rej. E.Quliyev), «Arxada qalmış gələcək» (rej.R.Əsədov), qısametrajlı filmlərdən «Ev» (rej.A.Rüstəmov) və «Qocalar» (Rej. İ.Məmmədov, F.Əhmədov) filmləri nümayiş etdirilir.
   Əvvəlcədən gözlənildiyi kimi, bütün filmlərin nümayişində böyük tamaşaçı kütləsi iştirak edir. Əsasən kinodan kənarda çalışan və təhsil alan gənclərdən təşkil olunmuş tamaşaçıların son dövrlər çəkilən filmlərimizə bu qədər maraq göstərməsini bizim rejissorlar öz gözləri ilə görmək istəyirdilər. Bu məqsədlə hər bir filmdən bir nümayəndə nümayişdən əvvəl tamaşaçılara əsər haqqında məlumat verirdi.
   Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun çıxışından sonra Şamil Nəsəfzadə səhnəyə çıxdı və tamaşaçılara öz minnətdarlığını bildirdi. Filmin ərsəyə gəlmə prosesindən danışan Şamil müəllimin çıxışından sonra film nümayiş olundu.
   Nümayişin sonunda titrləri görən kimi gurultulu alqışlar eşidildi. Son dövr çəkilən filmlərimizdən məlumatsız olan bir çox gənclərimizin bu ekran əsərini belə maraqla qarşılaması sevindiricidir. Bu onu göstərir ki, milli filmlərimizin tamaşaçısı var və onlar bu filmiləri izləmək istəyirlər. Nümayişdən sonra gənclərin öz aralarındakı müzakirələri də maraqlı oldu. «Doğrusu, bilməzdik ki, Azərbaycanda belə filmlər çəkilir. Bu filmlərin nümayişlərini tez-tez təşkil etmək lazımdır. Nədənsə bu filmləri satışda tapmaq olmur. Yeni filmlər haqqında məlumatlar çox az verilir» və s. bu kimi sözləri oradakı əksər gənclərdən eşitmək olardı.
   «Qocalar» qısametrajlı filminin nümayişindən əvvəl rejissor İsmayıl Məmmədov çıxış edərək film haqqında məlumat verdi. Çəkiliş prosesindən də danışan gənc rejissorun fikrincə, bu səpkili nümayişlərin təşkil olunması tamaşaçıların yeni filmlərimizi tanımasına kömək edir. Rejissor Asif Rüstəmovun «Ev» filminin nümayişindən əvvəl isə baş rolun ifaçısı Rasim Cəfərov özü və film haqqında məlumat verdi. Nümayiş başa çatsa da, gənclər yerlərindən qalxmaq istəmirdilər.
   Ölkənin müxtəlif gənclər təşkilatlarından, təhsil ocaqlarından gəlmiş bu gənclərin Azərbaycanda son illər çəkilən filmləri necə acgözlüklə izləməsi kinomuzun gələcəyinə də bir inam yaradır.
   Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, «Cinema» Gənc Kinematoqrafçılar Mərkəzi və Təkan Gənclər Təşkilatının kinomuzun inkişafı və təbliği sahəsində atdığı addımlardan biri uğurla başa çatmaqdadır. Tədbir bu gün «Arxada qalmış gələcək» filminin nümayişi ilə başa çatır.
   
   Aylin N.