Bayram təbriklərindən bezməyənlər üçün
   
   Rasim Balayev (xalq artisti, aktyor):
    «Təbii ki, son illər Azərbaycan kinosunda bir canlanma var, dövlət vəsait ayırır, bunlar hamısı ürəkaçandı və bir kino işçisi kimi mən də buna sevinirəm. Amma bir problemimiz var ki, çəkilən filmləri göstərməyə yerimiz yoxdur. İstehsal edirik, istehlak, prokat sarıdan vəziyyətimiz çox pisdir. Çəkdiyimiz filmləri geniş tamaşaçı kütləsi görə bilmir. Tutaq ki, kinoteatrda bir dəfə göstərirlər, 200-300 adam baxır. Amma axı kino geniş kütlə üçün nəzərdə tutulub, bax, bizdə problem budur. Səbəb olaraq kinoteatrlarımızın bu gün bir qədər başqa profildə işləməsini göstərmək olar. Əksəriyyəti təmirdədir və bu da tamaşaçını qaçırdır, özündən uzaqlaşdırır. Görünür, tamaşaçıları kinoteatrlara qaytarmaq üçün böyük zamana ehtiyacımız var.
   Kino günü münasibətilə də bütün işçilərimizi təbrik edirəm. Elə filmlər çəkək ki, tamaşaçılar da o filmə baxaraq böyük zövq alsınlar. Nə biz onlardan, nə də onlar bizdən utanmasın».  

   Ramiz Fətəliyev (ssenarist, rejissor):
   «Onu deyə bilərəm ki, kinomuzun məhz son 3 ildəki vəziyyəti məni qane edir. Bunun üçün də bizim nazirliyin rəhbərliyinin və kino şöbəsinin də böyük əməyi olub. Deyərdim ki, “Bu meydan, bu ekran» layihəsi də özünü 100 faiz doğruldub. Gənclərin öz yaradıcılıq qabiliyyətlərini göstərə bilməsi, onlara böyük yol verilməsi məni çox sevindirir. Hamıya, bütün həmkarlarıma uğurlar arzu edirəm, özümdən başqa. Çünki düşər-düşməzi var. Arzu edirəm ki, kinomuzda başlayan bu tendensiya, proseslər elə bu istiqamətdə davam etsin. Mənə belə gəlir ki, bu, mənimlə yanaşı, bütün həmkarlarımın arzusu olar”.
   
   Elxan Qasımov (xalq artisti, rejissor):
   
«Sevindirici haldır ki, ulu öndərimiz Heydər Əliyev Azərbaycan Kino Gününü ayrıca qeyd etməyimiz haqqında sərəncam verdi. Bu sənətə xalqın, dövlətin verdiyi qiymətdir. Azərbaycan kinosunun xalqımızın formalaşmasında çox böyük əhəmiyyəti olub. Çünki sənədli və bədii filmlərin verdiyi məlumatlar, göstərdiyi tərbiyəvi süjetlər gələcəkdə millətin formalaşmasına kömək edir. Çünki kinonun dövrü yoxdu. Düşünürəm ki, bu gün Azərbaycan kinosu yenidən əvvəlki yüksəliş dövrünə yaxınlaşır. Hamı təsdiq edə bilər ki, hazırda kinomuza qayğı çoxalıb. Müharibə şəraitində olan ölkədə, böhranın dünyanı cənginə aldığı bir zamanda prezidentimizin kino haqqında iki sərəncam verməsi və maddi vəsaitin ayrılması- bunlar hamısı böyük əməkdir. Mən kinomuzun gözəl gələcəyinə inanıram. Çünki arxadan yaradıcı gənclik gəlir. Bu kino günündə bütün həmkarlarımızı, əməkdaşlarımızı ürəkdən təbrik edirəm».
   
   Həmidə Ömərova (xalq artisti):
 
  «Təki kinomuzu dünya tanısın. Son illər Azərbaycan kinosunda hər hansı bir baş rolda çıxış etməmişəmsə, Azərbaycan kinosu üçün çox dəyərli ola biləcək bir samballı obraz yaratmamışamsa, milli kinonun gedişatından necə razı ola bilərəm? Yəqin ki, indiki rejissorlar daha gənc ulduz axtarışındadır. Kinomuzda inkişaf var, bu, danılmazdır, yeni-yeni filmlər çəkilir. Azərbaycanın çoxseriyalı filmlərə ehtiyacı var. Bu bayram günündə bütün kino xadimlərinə, aktyorlarımıza heç vaxt işsiz qalmamağı, Azərbaycan kinosunun milli dəyərlərimizi beynəlxalq səhnələrdə təbliğ edərək ən yüksək zirvələri ələ keçirməsini və kinomuzun dünyada tanınmasını arzulayıram”.
   
   Rövşən Almuradlı (rejissor):
 
  «Son 3-4 ildə kinomuza ən böyük yanaşma və qayğı deyərdim ki, dövlət tərəfindən olub. Çəkilən filmlərimizin əksəriyyəti də elə dövlətimizin birbaşa qayğısı nəticəsində ərsəyə gəlib. Mən bütün yaradıcı insanları təbrik edirəm, kino ilə bağlı olan hər kəsə böyük müvəffəqiyyətlər arzu edirəm. Amma yeganə bir şeyi də əlavə etmək istərdim ki, əgər bir film, tamaşa hazırlayıramsa, özümü ona həsr edirəm. İlk tamaşamı Ədil İsgəndərova həsr etmişəm. Elə “Cavad xan” filmini də çoxlarımızın müəllimi, ustadımız olan Ədil müəllimə ithaf edirəm».
   
   Böyükağa Məmmədov («Salnamə» studiyasının direktoru, prodüser):
 
  «Birinci arzum budur ki, ən məşhur beynəlxalq festivallardan ən yüksək mükafatları gətirək.
   Hazırda bir neçə müştərək layihələr üzərində işləyirik. Bu il almanların Azərbaycanda məskunlaşmasının 190 ili tamam olur. Bununla əlaqədar olaraq, biz Almaniya kinostudiyaları ilə birgə maraqlı bir film üzərində çalışırıq. Həmçinin Rusiyanın Sankt-Peterburq şəhərindəki kinostudiyalarından biri ilə də orada yaşayan azərbaycanlılarla bağlı film yaratmaq niyyyətindəyik.
   Azərbaycan kinematoqrafiyasının ABŞ, İngiltərə, Rusiya kimi böyük ölkələrin kinematoqrafiyası ilə müqayisəsi məsələsinə gəldikdə isə düzdür, Azərbaycan onlarla müqayisədə böyük dövlət deyil, amma biz yenə də bunun üçün çalışmalı, dünya bazarına çıxmaq üçün əlmizdən gələni əsirgəməməliyik. Bunun üçün də yaxşı texniki bazaya, güclü yaradıcı qüvvəyə ehtiyacımız var. Hamımız yaxşı bilirik ki, məlum səbəblərdən son 10- 15 ildə Azərbaycan öz kinosu ilə maraqlana bilmədi. İndi isə kino aləminə yaxşıca nəzər salmağın əsl zamanı yetişib. Mən bu sahə ilə bağlı hazırlanan dövlət proqramına çox güvənirəm”. 

    Yusif Quliyev (rejissor):
  
 «Ən böyük arzum Azərbaycan filmlərinin xaricdə ayaqüstə alqışlanmasını görməkdir. Kinomuzun gələcəyinə tərəf boylananda, orda parlayan, hətta gözqamaşdıran işığın olduğunu görmək mümkündür. Hazırda kino ilə bağlı vəziyyətdə hər şey əlli-əlliyədir. Hətta 10- 15 il əvvələ boylananda, hazırda milli kinomuzun yüksək inkişaf dövrünü yaşadığını görərik.
   Nə vaxtsa Azərbaycan kinolarından hər hansı birinin adının böyük reytinqlər qıran xarici kinoların adları ilə bir sırada çəkiləcəyinə inanıram. Hətta məncə, bizim kino dünya səviyyəsinə qalxmağa artıq başlayıb.
   Düzdür, kinomuzun daha da inkişaf etməsi üçün geniş laboratoriya şəraiti, texniki heyət, güclü texnologiya yoxdur və təəssüf ki, bu “yoxdur”lar çoxdur. Amma ümid yeri böyükdür. Bazanı saxlamaq şərtilə, yeni nəsil yetişdirmək, gənclərə yer vermək, onlara dəstək olmaq lazımdır”.
   
   Cavid İmamverdiyev (“Yaddaş” sənədli filmlər studiyasının direktoru, rejissor və prodüser):
  
 “Azərbaycan kinosu inkişafdadır, yeni, maraqlı və səviyyəli filmlər çəkilir. Kinomuz çox maraqlı bir dövrünü yaşayır. Mədəniyyət və Turizm Nazirliyinin, və bir çox ciddi fəaliyyətdə olan prodakşnlarımızın gördüyü işlər göz qabağındadır. Bizim studiyamız da əlindən gələni əsirgəmir. Bir neçə filmi çəkib qurtarmışıq, bir qisminin son çəkilişlərini aparırıq, bəzilərinin isə çəkilişlərinə başlamağı düşünürük. Məsələn, sentyabrda əfsanəvi “Qaya” qrupu haqda çəkdiyimiz “Ey həyat, sən nə qəribəsən?!” adlı tammetrajlı filmin premyerasını keçirməyi düşünürük. Bundan başqa, Azərbaycan musiqisi, muğamı, İçərişəhər haqqında, Azərbaycanın görkəmli aktyoru Lütfəli Abdullayev, tanınmış şəxsiyyətlərdən olan Ə. Topçubaşov, İ. Qasımov və başqalarından bəhs edən filmlərin çəkilişləri davam edir. Azərbaycan xalçalarından bəhs edən sənədli filmimizin Kann festivalındakı iştirakından isə hamı xəbərdardır, yəqin ki. Həmkarlarımı təbrik edirəm».
   
   Könül Nəcəfova
   Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar