Kino yarananda hər kəsi - onun yaradıcılarını da, ona maraq göstərənləri də yalnız görüntü maraqlandırırdı. Doğrudan da, ağ mələfənin üstündə sehrli qurğunun köməyilə hərəkət edən insan təsvirləri, səsləri gəlməsə belə, maraqlıydı. Lümyer qardaşlarının icadı artıq əməlli-başlı sənət növünə, oyun filminə çevriləndə Avropada istər dramatik, istərsə də musiqili teatr geniş yayılmışdı. Odur ki, indi ekran deyilən mələfənin üstündə göstərilən lentdəki məşhur aktyorlar, müğənnilər danışmasaydılar belə, onların göstərdiyi tamaşa cəlbedici idi. Zaman keçdikcə primitiv kino kamerası, çəkiliş texnikası inkişaf edir, özünü yalnız səssiz kinoya həsr edən (elə Vera Xolodnayanın, Qreta Qarbonun, ya da Çarli Çaplinin adını çəkmək kifayətdir) aktyorlar isə çox hay-küylü ulduz həyatı yaşayırdılar.
   
   Amma kino qurğusunun monoton «qığıltı»sını boğmaq üçün canlı fortepiano musiqisindən istifadə edirdilər. Usta pianoçu səhnənin bir küncündə əyləşir, ekranda baş verən hadisələrə münasib musiqi parçaları seçib çalırdı. Təbii ki, bu zaman çox şey həmin ifaçının yaddaşından, ekrandakı hadisələrə çevik reaksiyasından, öz işinə vicdanlı münasibətindən asılı olurdu. Çox ola bilsin ki, ilk improvizələrin müəllifləri də elə səssiz filmlərin canlı müşayiətçiləri olublar. Başqa ölkələrin məşhur kino musiqi müəlliflərini deyə bilmərik, amma bizim sonradan, çox gözəl kino bəstəkarı kimi məşhurlaşacaq böyük bəstəkarımız Tofiq Quliyev yaradıcılıq karyerasına Moskva konservatoriyasında təhsil alarkən, kinoteatrda səssiz filmləri canlı fortepiano ifası ilə müşayiət etməklə başlayıb.
   Dünya, yəni əslində Avropa və Amerika kinematoqrafından fərqli olaraq, Azərbaycan oyun kinosu, yəni bədii filmin yaranış tarixi musiqili teatr tarixi ilə demək olar ki, yaşıddır. Elə ilk bədii filmlərimizdən biri - XX əsrin əvvəlində sənaye bumu yaşayan Bakı üçün xaraktrerik olan neft mövzusunda («Neft və milyonlar səltənəti») çəkilmişdisə, o biri populyarlığı hələ də azalmayan sevimli operettamız «Arşın mal alan»ın əsasında lentə alınmışdı. Təbii ki, səssiz «Arşın mal alan»a tamaşaçı marağı da onun yaradıcılarının gözlədiyi qədər olmamışdı. Biz hələ müəlliflik hüququ barədə mübahisələri demirik.
   Bu gün sauntreklərin dillər əzbəri olduğu, kinofilmlərə yazılmış ayrı-ayrı mahnıların filmdən kənar yaşadığı bir vaxtda kinonu musiqisiz təsəvvür etmək çətindir. Kinoya səsyazma texnikasının inkişafı ilə əlaqədar gələn musiqinin də yaranış tarixi maraqlıdır. Elə məqsədimiz də milli kino günü ərəfəsində Azərbaycan kino musiqisinin tarixinə ekskurs etməkdir.
   Oxucularımıza bunu bilmək maraqlı olar ki, sonuncu səssiz filmimiz olan «Almaz»a musiqi bəstələnibmiş. 1936-cı ildə ekranlara çıxmış bu filmdə aktyorların səsi gəlməsə də, musiqi səslənirmiş. Həmin musiqinin müəllifləri isə Niyazi və Zülfüqar Hacıbəyovlar olub.
   Bayaq da qeyd etdik ki, hələ 1916-cı ildə çəkilmiş birinci «Arşın mal alan» filmi ilə bağlı Üzeyir bəy öz müəlliflik hüququnun tapdanması ilə bağlı məhkəməyə müraciət etmişdi və onun şikayəti təmin olunmuşdu.
   Azərbaycan kino salnaməsini vərəqləyəndə maraqlı bir məqam da diqqətimizi çəkdi. Nə qədər qəribə olsa da, professional musiqimizin təməlçisi hesab etdiyimiz Üzeyir Hacıbəyli heç bir filmə musiqi bəstələməyib. İlk səsli filmlərimizin titrlərində o zamanın çox gənc Azərbaycan bəstəkarlarının - Niyazinin, Qara Qarayevin, Rauf Hacıyevin, Tofiq Quliyevin adlarına daha tez-tez rast gəlinib.
   Aradan daha 10-15 il keçəcək və həmin dörd cavan bəstəkardan ikisi - Rauf Hacıyevlə Tofiq Quliyev daha çox kino bəstəkarı kimi tanınacaq, onların kinofilmlərə bəstələdikləri mahnılar, melodiyalar filmdən ayrı ömür sürəcək.
   Fikrimizi əsaslandırmaq üçün bir neçə fakta müraciət edək.
   1988-ci ildən sonra uzun müddət çox gözəl bir ekran əsəri - «Romeo mənim qonşumdur» filmi milli teleekranımızda göstərilmədi. Amma hələ ötən əsrin 60-cı illərinin əvvəlindən Rəşid Behbudovun ecakar səsiylə bütün dünyaya yayılan «Sevgilim» mahnısı tenor səsli bütün müğənnilərin sənət vəsiqəsi sayılır. Maraqlıdır ki, bu mahnını həm də postsovet məkanındakı digər rusdilli müğənnilər də ifa edir. Heç şübhəsiz ki, mahnının bu uğurunun bir səbəbi də onun həm Azərbaycan, həm də rus dilindəki mətninin xidmətidir.
   Tofiq Quliyev hələ 1941-ci ildə «Səbuhi» filminə musiqi bəstələsə də, müharibə illərində yaranan ilk Azərbaycan caz orkestrinin beşiyi başında dursa da, repressiyaya uğramış inqilabçı nəslindən olduğu üçün ta 1953-cü ilədək onun yaradıcığının genişlənməsinə xeyli yasaqlar qoyulub. Dayısı Qəzənfər Musabəyov, xalası Ayna Sultanova, xalasının həyat yoldaşı Həmid Sultanov bəraət alandan sonra isə cavan bəstəkarın özünütəsdiqi bir qədər ləngiyib. Çünki sənət meyarları amansızdır. O, heç bir obyektiv, yaxud subyektiv şərtləri nəzərə almadan özünü sənətə həsr edən insanın daim göz önündə olmasını tələb edir. Məhz 1955-ci ildə ekrana çıxan «Bəxtiyar» filminə bəstənilən musiqi, dillər əzbərinə çevrilən mahnılar Tofiq Quliyevin sənət bəraəti oldu və Azərbaycan xalqı gözəl və mükəmməl bir bəstəkar qazandı.
   XX əsrin ən görkəmli bəstəkarlarından sayılan Qara Qarayevin yaradıcılığında mahnı janrı demək olar ki, yoxdur. Amma onun «Bir məhəlləli iki nəfər» filminə bəstələdiyi musiqilərin içində bir mahnı da var. Çətin ki, bu sətirləri oxuyanlar həmin mahnını xatırlayalar. Zeynəb Xanlarovanın repertuarındakı «Çıxdım hündür divara...» misrası ilə başlayan mahnını yadınıza salın. Bəli, Zeynəb xanım böyük sənətkarlığının sayəsində «Bir məhəlləli iki nəfər» filminə yazılmış həmin mahnını başqa bir mətnlə - bayatılarla əvəz edərək populyar mahnıya çevirə bilib.
   Kinofilmlərə yazılmış bəzi mahnılar isə o qədər populyarlıq qazanıb ki, artıq onları çoxumuz xalq mahnısı kimi qəbul edirik. Məsələn, Cahangir Cahangirovun «Koroğlu» filminə bəstələdiyi «Qonaq gəl bizə» mahnısı az qala əlli ildir ki, rəsmi dövlət tədbirlərindən tutmuş toy şənliklərinədək oxunur və dinlənilir.
   Əslində Azərbaycan kino musiqisinə dair maraqlı məqamları, bəstəkarlarımızın kino yaradıcılığını bir qəzet yazısına sığışdırmaq qeyri-mümkündür. Çünki Vasif Adıgözəlovun, Emin Sabitoğlunun, Arif Məlikovun, Xəyyam Mirzəzadənin, Oqtay Kazımi, onların ardınca gələn digər bəstəkarların da kino yaradıcılığına dair deyiləsi söz, söyləniləsi fikir çoxdur.
   
   Gülcahan Mirməmməd