Gəncliyində Moskva əyləclər zavodunda çilingər işləyən Mişa Puqovkin aktyor olmağı qərara alır. Valideynləri isə həmin vaxt buna razı olmamışdılar. Mixail İvanoviç sonralar o günləri belə xatırlayacaq: «Zavodda işləməklə mən ayda 450 rubl qazanırdım. Teatrda isə mənə cəmi 75 rubl təklif etdilər. Buna baxmayaraq, anam xeyir-duasını verərək dedi: «Əgər ürəyin istəyirsə, get işlə. Amma çətin ki, bu sifətlə səni artistliyə qəbul etsinlər?»
  
   Puqovkini qəbul etdilər, baxmayaraq ki, «aktyorluğa yaraşmayan» xarici görünüşü onu ömrü boyu təqib edəcəkdi.
   Mixail İvanoviç Puqovkin 1923-cü il iyulun 13-də Yaroslav vilayətinin Ramaşki kəndində anadan olub. 1938-ci ildə o, ailəsilə bərabər Moskvaya köçüb. Zavodda işlədiyi vaxt boş saatlarında dram dərnəyində məşğul olan gənc Mixail aktyorluq istedadına malik olduğunu göstərə bilmişdi. Onun kinoda oynadığı ilk rolu 1941-ci ildə rejissor Q.Roşalın «Artamonovların işi» filmindəki Stepaşa obrazı olub.
   Müharibə başlayan zaman Puqovkin təvəllüdünə bir il əlavə edərək, könüllü cəbhəyə yollanır. Atıcı polkunda kəşfiyyatçı olan Mixail 1942-ci ilin avqustunda döyuşdə ağır yaralanır. Uzun müddət müalicə olunduqdan sonra ehtiyata göndərilir. Müharibədən sonra MXAT-ın studiya məktəbində təhsil alan Puqovkin sənət ocağını müvəffəqiyyətlə bitirir. O, 1947-49-cü illərdə əvvəlcə Şimal Donanmasının, sonra isə Vilnüs şəhərinin rus dram teatrının səhnələrində aktyorluq istedadını daha da inkişaf etdirir.
   Əsas etibarı ilə komik və xalq yumoru ilə zəngin olan personajların mahir ifaçısı olan Puqovkin bəzən kəskin xarakterli obrazlar da yaratmağı bacarırdı. 1950-1958-ci illər ərzində Moskva teatrının aparıcı aktyorlarından sayılan Mixail Puqovkin, 1962-1977-ci illərdə Moskva kinoaktyor teatr studiyasında səhnə fəaliyyətinin davam etdirib.
   Qeyd etmək lazımdır ki, Puqovkinə tamaşaçı məhəbbətini qazandıran və şöhrət gətirən kinofilmlərdə oynadığı, xalq arasından çıxmış sadə, məzəli personajlar olub. Məhz buna görə bir sıra nağıl-filmlərə quruluş verən məşhur rejissor Aleksandr Rounun ekran əsərlərinin əksər qəhrəmanlarını Puqovkin ifa edib. Bundan əlavə, aktyoru xalqa daha çox sevdirən onun filmlərdə yaratdığı müxtəlif səpkili, maraqlı və rəngarəng obrazlar qalereyası olub; - əsgər Fedya («Kutuzov», 1944), Artyuxin («Maksimka»), Pirojkov («Admiral Uşakov»), «Gəmilər istehkamları atəşə tutur» - hamısı 1953-cü ildə, Zaxar Silıq («Əsgər İvan Brovkin», 1955), («İvan Brovkin xam torpaqlarda», 1959), Pekin («Gitaralı qız», 1958), Komendant («Qızlar», 1962), Prorab («I» əməliyyatı və Şurikin digər macəraları», 1965), Yaşka («Malinovkada toy», 1967), Bosman Dudko («Əgər yelkənlər varsa», 1970), Fyodor ata («On iki stul», 1971), Vrungel («Kapitan Vrungelin təzə macəraları», 1979), San Sanıç («İdman lotosu-82», 1982) və başqaları. Mixail Puqovkin 1968-ci ildə Ümumittifaq kinofestivalında ən yaxşı aktyor işi nominasiyasında laureat adını alıb.
   Kinorejissor Leonid Qayday ən yaxşı komediyalarını Mixail Puqovkinin iştirakı ilə çəksə də, sonra ona «İvan Vasilyeviç peşəsini dəyişir» kinofilmində bir qədər ciddi - rejissor Yakin rolunu həvalə edir. O zaman «Mosfilm»in komissiyası aktyorun bu rola çəkilməsinə qəti etirazını bildirmişdi: «Ziyalı sifəti» olmayan aktyor necə rejissor ola bilər?». Puqovkin deyirdi: «Mənə ömrüm boyu irad tuturdular. Qaydayı isə inandırmağa çalışırdılar ki, Puqovkin yalnız «Əsgər İvan Brovkin»dəki Zaxar və «Malinovkada toy»da Yaşka rollarına yarıyır. Orada intellekt olmaya da bilər». Sonra o, zarafatla əlavə edib deyirdi: «Axı onlar bilmirdilər ki, mən intellekti həmişə özümlə gəzdirirəm. Bunun üçün xüsusi çantam da var».
   1991-ci ildə Puqovkin ciyərləri xəstə olduğu üçün (aktyor, astmadan əziyyət çəkirdi) Yaltada emiqrant kimi yaşamağa başlayır. Mixail İvanoviç burada faktiki olaraq əcnəbi sayılsa da, hamı onu sevir və hörmətlə qarşılayırdı.
   Sahilboyu bulvardan və Lastiçkino qnezdodan fərqli olaraq, Puqovkinə canlı abidə kimi baxırdılar. Xanımı İrina Kostantinovnanın qayğısı sayəsində aktyor tədricən səhhətinin yaxşılaşdığını hiss edir və ailəsi ilə Rusiya paytaxtına qayıdır. Burada, 2003-cü ildə aktyorun 80 illiyi ərəfəsində, «Mixail Puqovkin adına kinomərkəz» açılır. M.Puqovkin yubileyi ərəfəsində yüzüncü filminə çəkilir. Belə hesab edirdilər ki, Puqovkin kinoda bütün imkanlarını axıra kimi açıb göstərə bilməyib.
   «MXAT-ın studiya-məktəbində mənə deyirdilər, sənin müəllifin Dostoyevski olmalıdır. Özüm də bilmirəm, bəlkə, bu, təbiətin möcüzəsi idi ki, mən Dostoyevskidən Qaydaya keçdim. Mən bunu, həyatımın ən xoşbəxt günləri hesab edirəm. Bir dəfə Stanislavskidən soruşublar: aktyor üçün başlıca keyfiyyət nədir? O, cavab vermişdi ki, cazibəlik. Yalnız o zaman sənə baxmağa gələcəklər. Deyəsən, bu keyfiyyətdən azacıq da olsa, məndə var».
   RSFSR xalq artisti (1977), SSRİ xalq artisti (1988) Mixail İvanoviç Puqovkini «komediylar kralı» və «Hollivudun etibarlı dostu» adlandırıblar. O, təkcə dahi aktyor deyildi. O, sadəcə hamının sevimlisi idi. 1997-ci ildə Puqovkinin şərəfinə fəzada kiçik bir planetə onun adını veriblər.
  
   Həsən Tağıyev