“Kabusun gözü ilə” adlı filmin çəkilişləri aparılır
   
   Bakıda Azərbaycan və Fransanın birgə istehsalı olan “Kabusun gözü ilə” adlı filmin çəkilişinin ikinci mərhələsinə başlanılıb. Filmin ssenari müəllifi və rejissoru, məşhur azərbaycanlı dramaturq Rüstəm İbrahimbəyovdur.
   Filmin çəkilişləri iyulun 21-də Marseldə başlayıb. Fransada işlər başa çatdırıldıqdan sonra filmin baş rol ifaçısı, Marselin “Turski” teatrının məşhur aktyor və rejissoru Rişar Marten də Bakıya gəlib. R.Martendən başqa, filmdə bolqar Georgi Branev, həmçinin Teymur Bədəlbəyli, Fatimə İbrahimbəyova, Şükufə Yusupova, Mələk Abbaszadə, Gülzar Qurbanova və başqaları da rol alacaqlar.
   Filmdə hadisələr fransız aktyor R.Marten ətrafında cərəyan edir. O, 1990-cı ilin yanvarında gənc Azərbaycan dövlətinin müstəqillik uğrunda mübarizəsini dəstəkləmək üçün Bakıya gəlir və burada özündən 20 yaş kiçik aktrisaya vurulur.
   Azərbaycan və Fransanın birgə layihəsi olan film “İbrus” kinoşirkəti tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə həyata keçirilir. Filmin büdcəsi 1 milyon manat təşkil edir. Bunun 200 min manatını Fransa, qalan hissəsini isə Azərbaycan tərəfi ödəyəcək.
   Ekran əsəri həyat və psixoloji dram janrı kimi səciyyələndirilir. R.İbrahimbəyovun mətbuata verdiyi məlumata görə, çəkilişlər bu ilin sonuna kimi başa çatacaq. Filmin təqdimat mərasimi əvvəlcə Bakıda, 2010-cu ilin martında isə Marseldə olacaq.

  İntiqam