Erməni rejissoru stereotipləri qırmaq istəyir
Oktyabrda İrəvanda Azərbaycan filmləri festivalı keçiriləcək. Festivalın təşkilatçısı Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzidir. Mərkəzin direktoru rejissor Georgi Vanyandır. Artıq festivalın proqramına daxil edilməsi nəzərdə tutulan 50 filmə baxılıb. Filmlər paytaxt kinoteatrlarında nümayiş etdiriləcək. Vanyan qeyd edib ki, festivalın keçirilməsində əsas məqsəd iki dövlət arasında dialoq qurulmasına yardım etməkdir.
Ermənistanda “Azərbaycan filmləri festivalı” keçirməyə hazırlaşan rejissor Georgi Vanyan müsahibəsində aşağıdakıları qeyd edib: “İdeya Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzində yaranıb və ABŞ-ın Ermənistandakı səfirliyinin dəstəyini alıb. Biz artıq uzun illərdir cəmiyyətlərimiz arasında izolyasiyanın aradan qaldırılmasına və mədəniyyət sahəsində körpülər qurulmasına yönəlmiş layihələr həyata keçiririk. Bunun üçün rəssamlar, musiqiçilər, jurnalistlər üçün birgə ustad dərslərdən başladıq, sonra erməni məktəbində Azərbaycan Mədəniyyəti Günləri keçirildi. İndisə biz bütün irəvanlılar üçün Azərbaycan filmləri festivalı təşkil edirik. Biz Azərbaycanın müasir mədəniyyətinin daşıyıcısı sayılan filmləri, bir çox cəhətdən bizimkinə bənzəyən bugünkü reallığı və problemləri əks etdirən filmləri nümayiş etdirəcəyik. Festivalın proqramında bütün janrlarda qısametrajlı filmlərin nümayişi olacaq. Son seçim sentyabrın əvvəllərində festivalın gənclərdən - yuxarı sinif şagirdləri və birinci kurs tələbələrindən ibarət münsiflər heyətinin işi zamanı baş verəcək. Bu münsiflər heyətinin köməyilə biz festivalın müsabiqə proqramını tərtib edəcəyik, ona baxdıqdan sonra tamaşaçılar səsvermə yolu ilə qalibi müəyyən edəcəklər. Biz həmçinin tammetrajlı filmlərin müsabiqədənkənar nümayişini planlaşdırırıq.
Layihənin məqsədi ilk öncə, daxili dialoqa, erməni cəmiyyəti daxilində dialoqa nail olmaqdır. Festivala gələnlərə və filmlərə baxanlara düşünmək üçün imkan yaratmaq, əsas vermək, stereotiplərdən azad etmək istəyirik. Stereotiplər Azərbaycan-Ermənistan dialoqunun qarşısını alır. Azərbaycan filminə, əlbəttə ki, Ermənistanda tələbat var və biz festival coğrafiyasının genişlənməsi və filmlərin təkcə paytaxtda deyil, regionlarda da nümayiş etdirilməsi üçün əlimizdən gələni etməyə çalışacağıq. Son illər ərzində bizdə Azərbaycan filmlərindən kiçik kolleksiya yığılıb, biz Azərbaycanda və Gürcüstandakı dostlarımıza və tanışlarımıza müraciət etmişik və bu kolleksiyanı, əsasən, beynəlxalq festivallarda nümayiş etdirilmiş filmlər hesabına tamamlamışıq.
Bu günlərdə bizim www.southcaucasus.com http://www.southcaucasus.com saytımızda festivalda iştirak üçün dəvət yerləşdirilib və Azərbaycan kinematoqrafçılarından cavab almağa ümid edirəm. Filmlər seçildikdən və festivalın proqramı tərtib edildikdən sonra biz mütləq nümayişə razılıqlarını almaq üçün müəlliflərə müraciət edəcəyik.
Layihəmiz Azərbaycanda da analoji festival keçirilməsini nəzərdə tutur və qarşımıza Azərbaycanda festival keçirilməsinə nail olmağı məqsəd qoymuruq. Amma biz belə bir təşəbbüsə lazımi dəstək göstərməyə hazırıq. Ermənistanda bizim fəaliyyətimizin “rəqibləri”, xüsusən Azərbaycan Günləri keçirildikdən sonra, belə birtərəfli təşəbbüslərin erməni ictimaiyyətinin, xüsusən gənclərin beyninin yuyulmasına yönəldiyi barədə nəzəriyyə irəli sürürlər. Bu, sadəcə, Stalin rejiminin yaşamaqda olan atavizmidir. Ünsiyyət satqınlıq deyil. Ünsiyyət insanın yeganə ehtiyacıdır”.
İntiqam