Bəzi problemlərin hələ də çox qabarıq şəkildə özünü göstərməsinə baxmayaraq, Azərbaycan kinosunun hazırda inkişafa doğru addımladığını danmaq insafdan olmaz. Dövlətin xüsusi qayğısı, Mədəniyyət və Turizm Nazirliyinin maddi və mənəvi dəstəyi nəticəsində son zamanlar, bir çox prodakşn, studiya və kinokompaniyaların istehsalı olan maraqlı, Azərbaycan kinosunun həqiqətən də inkişafda olduğunu sübut edən yeni- yeni filmlər yaradılmaqdadır. Bu gün kino aləmimizdə daha hansı yeniliklərin baş verdiyindən xəbərdar olmaq üçün “Nərimanfilm” studiyasının rəhbəri Nəriman Məmmədov və filminin quruluşçu rejissoru İlqar Safatla maraqlı xəbər dolu söhbətimiz oldu.
Nəriman Məmmədov:
“Bizim yalnız bir məqsədimiz var: Filmlərimizin həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda tanınmasını təmin etmək!”
- Nəriman müəllim, eşitdiyimizə görə, bir neçə müddətdir ki, nazirliklə birgə bir film üzərində işləyirsiniz. Film haqqında bilgi almaq istərdik...
- “Nərimanfilm” kinostudiyası hazırda “Sahə” bədii tammetrajlı filmi üzərində çalışır.
Ssenari müəllifi İlqar Safat həm də filmin quruluşçu rejissorudur. Layihənin bədii rəhbəri isə Cəmil Quliyevdir. Film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Pasha bankın dəstəyi ilə yaradılır. “Nərimanfilm” (Azərbaycan) kinostudiyasının, “Georgiafilm” və “Bagirafilms” (Gürcüstan) kinostudiyaları ilə birgə istehsalı olan “Sahə” filminin sürəkliliyi təxminən 1 saat 56 dəqiqədir. Misteriya janrını təmsil edən film, Kodak 35 mm kinolentinə çəkilib. Filmdə iştirak edən aktyorlar, müxtəlif ölkələrin incəsənət adamlarıdır. Məsələn, baş rolları Gürcüstandan Zaza Bejaşvili, Fransadan Melissa Papel, Azərbaycandan isə Vaqif İbrahimoğlu və Timur Oduşev bölüşürlər. Filmdə həmçinin Rusiyadan Ramis İbrahimov, Nina Rakova, ABŞ-dan fotomodel olan Debora Kidd, Azərbaycandan isə Məmməd Səfa, Sona Mikayılova, Ruslan İsmayılov, Midhət Aydınov və başqaları da iştirak edirlər. Filmin çəkilişlərini Bakıda və onun ətrafında, həmçinin Qobustanda və digər yerlərdə aparmışıq. Çəkiliş dövrü 2008- ci ilin payızında başa çatıb və hazırda “Sahə” özünün post-prodakşn dövrünü yaşayır.
- Həm filmin, həm də ümumiyyətlə kinostudiyanın son durumu nə yerdədir?
- İndi biz səsyazma və eləcə də filmin musiqi məsələləri ilə məşğuluq. Ümumiyyətlə, kinostudiyanın indiki vəziyyətinə gəldikdə isə, onu deyə bilərəm ki, “Nərimanfilm” vaxtını boşa xərcləmir, daim gərgin çalışma rejimindədir. Bildiyiniz kimi, “Sahə” bədii filmindən əvvəl biz Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” layihəsi çərçivəsində, “Pəri Qala” qısametrajlı filmin istehsalını başa çatdırmışdıq. Hər bir xırdalığına qədər fikir verdiyimiz və xüsusi diqqətlə yanaşdığımız “Sahə” filmini tam hazır vəziyyətə gətirdikdən sonra da, durmadan yeni işlərə start verəcəyimiz və yeni proyektlərin həyata keçirilməsinə başlayacağımız istisna deyil. Bizim qarşımızda yalnız bir məqsəd var: Maraqlı, eyni zamanda yüksək səviyyəli filmlər yaratmaqla, onların həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda tanınmasını və yüksəkliklərə doğru irəliləyişini təmin etmək!
İlqar Safat:
“Bizim üçün ən əsası filmin tamaşaçılar tərəfindən necə qarşılanacağını görməkdir”
- İlqar müəllim, “Sahə” filmi nədən bəhs edir və filmin adı tamaşaçılara nə demək istəyir?
- Bilirsiniz, biz filmin adının mənasını və onun altında gizlənən parolu açıqlasaq, filmin əsas intriqa və konfliktinin nədən ibarət olduğunu açıb göstərmiş olarıq. Ona görə də hələ ki, gəlin, bu sirri aləmə faş etməklə, tamaşaçıları tapmacanın açmasını axtarırmış kimi düşünərək seyr etmək və bundan həzz almaq imkanından məhrum etməyək. Zatən premyeradan sonra bu suala ehtiyac qalmayacaq, hələliksə gözləyək.
- Bəs filmi nə vaxt tamaşaçıların ixtiyarına verməyi düşünürsünüz? Çoxmu gözləyəcəyik?
- İnşallah, bütün işlərimizi başa çatdırdıqdan sonra (bu da çox ehtimal ki, payızın axırlarına təsadüf edəcək) təqdimat mərasimi keçirmək niyyətindəyik.
- Sizcə, bu film 2009- cu il, ümumiyyətlə Azərbaycan kino səhifəsinə uğurlu bir iz kimi düşəcəkmi?
- Filmimizin nə qədər özünəməxsus və Azərbaycan kinosu üçün nə dərəcədə əhəmiyyətli olduğu barədə fikir yürütməyi, tənqidçi-kinoşünas və sənətşünaslara həvalə etsək, daha yaxşı olar. Özümüzün özümüz barədə tərif yağdırmağına gərək yoxdur. Lakin ümidlərimiz bizə pis şeylər pıçıldamır. Bizim üçün ən əsası filmin tamaşaçılar tərəfindən necə qarşılanacağını görməkdir.
- Bir kino-kompaniya olaraq, “Narimanfilm”dən başqa nələr gözləyə bilərik?
- Bu gün Azərbaycanda yaxşı kinoya, professionallar tərəfindən yaradılmış keyfiyyətli və bütün janrlarda olan filmlərə böyük ehtiyac var. Hətta deyərdik ki, hazırda filmlərin demək olar, bütün janrları üzrə defisit hiss olunur. Necə deyərlər, bu boşluğu doldurmaq üçün digər kinokompaniyalar kimi, “Nərimanfilm” studiyası da əlindən gələni əsirgəmir. Hazırda kinokompaniyamızın ssenari portfelində müxtəlif janrlarda olan maraqlı ssenarilər var. Biz də gələcəkdə onlardan ən layiqlisinin ekran variantını yaratmağa hazırıq.
- Bir az da festivallarla bağlı vəziyyətdən bəhs edərdiz.
- “Sahə”yə qədər bizim kinostudiya əsasən sənədli və qısametrajlı bədii filmlər çəkirdi. Onların içərisində bir çox kinofestivallarda uğurla iştirak edənləri də var. Qətərdə keçirilən “Aljazeera” festivalından tutmuş, Almaniyada baş tutan “Berlin Asia- Parcific Film” festivalınadək, bütün festivallarda iştirak etmişik. Göndərdiyimiz filmlərdən bəziləri müxtəlif diplomlarla da təltif olunub. Təbii ki, biz “Sahə” filmini də müəyyən kinofestivallara göndərməyi düşünürük və göndərəcəyik də! Filmin “festival taleyi”nin nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək!...
“Sahə”nin tamaşaçı sayının 86, 6 min kv. km sahədən kənara çıxması ümidi ilə...
Könül NƏCƏFOVA