Hamıya məlum olduğu kimi, bu il Azərbaycan kinolarının bir çoxu beynəlxalq festivallardan tutmuş, Kann və “Oskar” kimi dünyanın ən nüfuzlu festivallarında da iştirak edərək, bir çox mükafatlara layiq görülmüş və ən azından Azərbaycan kinosunun dünyada tanınmasına nail olmuşlar. Kinolarımızın festivallardakı iştirakı ilə bağlı ən son məlumatları öyrənmək üçün bir neçə rejissor və prodüserlərimizlə söhbətimiz oldu.
  
   Quruluşçu rejissor Tahir Əliyevlə də onun festivalda iştirak edən filmi barədə söhbətimiz oldu. T.Əliyev “Salnamə” studiyasının istehsalı olan “Təxəllüsü Mixaylo” sənədli filminin Sevastopol şəhərində keçirilən V Beynəlxalq Avroasiya kinoforumunda iştirak edərək, festivalın I dərəcəli diplomuna layiq görülməsindən danışdı: “Festival “Birlikdə qalib gəldik”, nominasiya isə “qalibiyyət” adlanırdı. Bu, II Dünya müharibəsini təmsil edən kinoların festivalı idi. “Təxəllüsü Mixaylo” da festivaldakı uğurlu çıxışlardan biri hesab oluna bilər”. Bundan başqa, T.Əliyev indiyə qədər 10-dan çox kinofestivalda iştirak etdiyini bildirdi: “Bilirsiniz, məncə, əsas olan festivalda iştirak etmək və ölkəmizi orada təmsil edərək, kinomuzu dünyada tanıda bilməkdir. Mükafat, diplom və prizlər isə ikinci dərəcəli şeylər sayılmalıdır. Çünki bəzən festivallarda siyasi məsələlər, festival keçirilən ölkənin coğrafi mövqeyi və s. də nəzərə alınır. Bir də görürsən tamaşaçıların, jürinin çox yaxşı münasibət bəslədiyi, izlənməsindən sonra zalda gurultulu alqışların qopmasına səbəb olan bir film mükafatsız qalır. Bu da dediyim kmi siyasi səbəblərlə bağlı olur. Buna görə də, məncə, ən böyük mükafat festivalda iştirak etməkdir”. Bundan başqa o, “Qızıl cəngavər” adlı XVIII Beynəlxalq Festivalın laureatı olduğunu və “Müharibə mövzusunun istedadlı həllinə görə” mükafatına layiq görüldüyünü açıqladı: “Hazırda isə 3 festivala dəvətliyəm. Düzdür, bu dəvətlər hələ ki, qeyri- rəsmi xarakter daşıyır, amma rəsmi dəvətə çevrilən kimi orada iştirak etməyi düşünürəm”.
   Kann festivalına “Azərbaycan xalçası” adlı filmini göndərməklə bütün dünyada Azərbaycanın və onun kino sənətinin az- çox tanınmasına nail olan rejissor Şamil Əliyev də bizim həmsöhbətimiz oldu: “Biz bu filmi festivalın “ŞORT FİLM KORNER” bölməsinə göndərdik. Oraya dünyanın hər bir nöqtəsindən bütün janrlarda olan 22 mindən çox film göndərilmişdi. Lakin onlardan yalnız bir neçə yüz film konkursdan keçməklə, müsabiqəyə düşə bildi. Çox sevindirici haldır ki, müsabiqədə iştirak etmək hüququ qazanan həmin filmlərin arasında bizim filmimiz də var idi”- deyən Şamil bəy, bundan sonra festivalın əsas turuna dəvət aldığını, lakin müəyyən səbəblərdən oraya gedə bilmədiyini bildirdi: “ŞORT FİLM KORNER” bölümünün mükafatları olmadığından “Azərbaycan xalçası” mükafat almadı, amma əsas o idi ki, dünya Azərbaycan kinosu barədə az- çox məlumata sahib olsun. Bu 17 dəqiqəlik sənədli film, qismən də olsa, buna nail oldu”. Rejissor, Kann festivalındakı iştirakından sonra 30-a yaxın festivala dəvət aldığını və həmin filmlə bu festivalların bəzilərində iştirak etdiyini açıqladı: “Bundan başqa, biz hazırda digər sənədli filmlər üzərində də işləyirik. Maraqlı ssenarilərimiz var və biz yeni tammetrajlı filmlər çəkməyi planlaşdırırıq. Hətta “Arxaik motivlər” adlı bir filmin layihəsi artıq nazirliyə təqdim olunub. Əgər müsbət cavab alarıqsa, filmin çəkilişlərinə başlayacağıq”.
   “Əgər bir rejissor professional olmaq istəyirsə, bir filmlə kifayətlənməməli, onun əlində azı 3- 4 yaxşı iş olmalıdır. Festivallarda iştirak etmək də öz yerində! Hər bir rejissorun özünün konsepsiyası olmalıdır ki, bunu da bir yox, bir neçə film formalaşdıra bilər” fikrini əsas tutan Şamil Əliyevə uğurlar arzulayıb, quruluşçu rejissor Fariz Əhmədovla da onun festivaldakı iştirakı ilə bağlı söhbət etmək istədik. Lakin elə bu işlə əlaqədar olaraq o, ölkənin xaricində olduğundan, suallarımızı filmin prodüseri Rəşad Qasımova ünvanladıq. Rəşad müəllimin sözlərinə görə, Fariz Əhmədovun “1 addım” filmi Serbiyanın ən nüfuzlu festivallarından biri olan “Silver Leyq Film Festival”ına göndərilib. Artıq müsabiqə bölməsinə daxil olan filmin dünən nümayişi keçirilib. Prodüserin verdiyi məlumata görə, film Serbiya festivalında həm tamaşaçılar, həm də jüri tərəfindən heç də pis qarşılanmayıb. Hətta filmə görə quruluşçu rejissor artıq təşəkkürə də layiq görülüb. Qeyd edək ki, mükafatlandırma mərasimi axşam keçiriləcək. Bundan başqa, Fariz Əhmədovun “Lahıc” adlı filmi də həmin konkursda iştirak edəcək.
  
   Könül NƏCƏFOVA







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar