Rejissoru İlqar Nəcəf olan “Buta” filminin çəkilişləri tamamlandı. Bu barədə məlumatı ekran işinin 2-ci rejissoru Çingiz Həsənov verdi. Məlumata əsasən hazırda filmin montaja hazırlıq işləri başlayıb: “Çəkilişlərimiz Zarat, Xeybər və Ağsu rayonunda oldu. Yalnız Bakıda ildırımla bağlı bir səhnəni pavilyonda çəkdik, qalan bütün səhnələri rayonda lentə almışıq. Yağışla bağlı səhnələrin əksəriyyəti isə təbii səhnələrdi. Həqiqətən də çəkilişlər zamanı yağış yağırdı. Baxmayaraq ki, filmi vaxtından tez bitirmişik, amma uşaqlarla işləmək bir az çətin idi. Çox istərdim ki, “Buta” kimi ürəkaçan ssenarilər çox olsun. Bu filmdə işləmək mənə böyük zövq verdi”.
   Məlumat üçün onu da qeyd edək ki, filmin əsas süjet xətti məhəbbət, uşaqlar arasında olan münasibətlər üzərində qurulmuşdur. Buta filmdə simvolik məna kəsb edir. Filmin direktoru Azər Quliyev, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu rəssam Əziz Məmməd, operatoru Georgi Beridzedir.  

  Y.Cansail