Şamil Nəcəfzadə: “Azərbaycan kinosu keyfiyyət mərhələsinə qədəm qoyub”
   
   Bilməyənlər üçün balaca bir qeyd: 1984- cü ildən quruluşçu rəssam kimi fəaliyyətə başlayan Şamil Nəcəfzadə “Cin mikrorayonda”, “İthaf”, “Yarasa”, “Leyli və Məcnun”, “Ailə” və başqa 10- a yaxın filmin bədii tərtibatını verib. 1990- cı ildən isə peşəkar kinorejissor kimi fəaliyyətdədir və indiyə qədər “Ağ- qara dünya”, “Sonra- sabah”, “Zəvvar”, “Qısa monoloqlar” və s. kimi sənədli, “HotDoq”, “Leyli və Məcnun”, “Qala” bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifi olub.
   

   Çəkdiyi filmlər bir çox beynəlxalq kinofestivallarda nümayiş etdirilib. “İthaf” filmi Ukrayna və Rumıniyanın “KROK” Beynəlxalq Animasiya Festivalının “Ən yaxşı debüt” prizinə (1991), “Ağ- qara dünya” Türkmənistanın “Firuzə Baharı” Gənc Kino Festivalının “Ən yaxşı sənədli filminə görə” (1993), “Leyli və Məcnun” bədii film Rusiyanın “Pak xəyallar” Müstəqil Beynəlxalq Kino Festivalının “Ən yaxşı vizualplastik həllinə görə” (2002), “Qısa monoloqlar” filmi isə Polşanın “İnteqrasiya” Beynəlxalq Kino Festivalının (2004) mükafatlarına layiq görülüb. Bu dəfə onu həmsöhbət seçməyimiz təsadüfi deyil.
   Bu günlərdə belə bir xəbər eşitdik: Şamil Nəcəfzadə ikicə gündür ki, festivaldan gəlib. Vaxtı fövtə vermədik. Şamil müəllimlə görüşdük.
   - Şamil müəllim, yenicə festivaldan gəldiyinizi eşitmişik...
   - Elədir, 2 gündür ki, dünyanın ən möhtəşəm kino festivalından biri sayılan Monreal festivalından qayıtmışam. Bildiyiniz kimi, mənim sonuncu filmim 2008- ci ildə çəkilən “Qala” tammetrajlı bədii filmidir və o, avqust ayının 27-dən sentyabrın 7-dək davam edən 33- cü Monreal Ümumdünya Film Festivalının proqramına daxil olmuşdu. Yeri gəlmişkən qeyd edim ki, həm filmin, həm də rejissorun bu festivala göndərilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin böyük rolu vardır.
   Həmin festival çərçivəsində “Qala” filmi 4 dəfə nümayiş olundu. Birinci nümayişdə Azərbaycan Respublikasının Kanadadakı səfiri cənab Fərid Şəfiyev də iştirak edirdi. O, filmə baxmaq üçün Ottava şəhərindən Monreala gəlmişdi. Fərid müəllim filmi çox gözəl qəbul etdi və onun gələcəkdə Ottavada da nümayiş etdirilməsini istədi. Onun fikrincə, filmin həm ideyası, həm də digər keyfiyyətləri çox yüksək səviyyədədir. Filmin nümayişində dünyanın peşəkar rejissor və prodüserləri ilə yanaşı, Monreal şəhərinin sakinləri də “Qala”nı izləmə imkanı əldə etdilər. Etiraf etməliyik ki, təkcə Monreal əhalisi yox, əksər xaricilər Azərbaycan kinosu, hətta Azərbaycanın özü haqda çox cüzi məlumata malikdirlər. Monrealda filmə baxış keçiriləndən sonra tamaşaçıların əksəriyyəti mənə yaxınlaşıb “nəhayət ki, biz Azərbaycan haqqında nə isə görə bildik, onun kinodramaturgiyası vasitəsilə bəzi şeyləri öyrəndik” deyirdilər. Monrealda hər nümayişdən sonra filmin müzakirəsi keçirilirdi. Bir qədər təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyəm ki, “Qala”nın ünvanına xeyli təbrik gəldi. Mən orada tək deyildim, filmin prodüseri Rauf Atamalıbəyov də filmin nümayişinə görə festivala gəlmişdi. Artıq 23 ildir ki, festivala prezidentlik edən Serj Lozik bağlanış günü bizi təbrik edərək, bu festivalda Azərbaycanın təmsil olunmasına görə çox şad olduğunu vurğuladı. O, filmə yüksək qiymət verərək, məni gələcək festivalında iştirak etməyə dəvət etdi. Düşünürəm ki, Monreal festivalı təkcə mənim yox, ümumilikdə Azərbaycan kinosunun uğurudur.
   - Moskvadakı sərgidən də söz açsanız pis olmazdı...
   - Bilirsiniz, Moskvada böyük bir qalereya var: “Mars” qalereyası. Siz deyən sərgi “Mars” qalereyasının keçirdiyi tədbir idi. “Milli genin testi” adlanırdı. Qalereyada keçmiş SSRİ dövlətlərindən foto və sənədli filmlər nümayiş olunurdu. Sərgini təşkilatçıları mənə müraciət edərək, “Ağ- qara dünya” adlı sənədli filmi orada görmək istədiklərini açıqladılar. Zənnimcə, onların 1991- ci ildə çəkdiyim məhz bu filmimi istəmələrinə səbəb filmdə azərbaycanlıların siması, daxili dünyası, özünəməxsus xarakterlər qalereyasının olması idi. “Ağ- qara dünya”da mən köhnə fotolardan istifadə etmişdim. Moskvada baş tutan bu sərgidə mənim sənədli filmim hər gün nümayiş etdirildi. Yəqin ki, bu yaxınlarda sərginin kataloqu Moskvadan mənə çatacaq.
   - Hazırda nə ilə məşğulsunuz?
   - 2 yeni ssenari üzərində işləyirəm. Onlardan biri yaradıcılığını çox sevdiyim yazıçımız Afaq Məsuda məxsusdur. Hələlik ssenarilər üzərində iş prosesi gedir.
   - Aldığınız yeni dəvətlər varmı?
   - Bir filmi hər hansı bir festivala dəvət etməmişdən öncə o, müəyyən baxış və seçim prosesi keçir. Baxış prosesi bitdikdən sonra minlərlə filmin arasından seçilən həmin film və onun rejissoru festivala dəvət alır. Biz artıq filmimizi bir neçə festivalın seçim turuna təqdim etmişik və nəticələri gözləyirik.
   - Azərbaycan kinosunun son durumu barədə fikriniz oxucular üçün də maraqlı olardı...
   - Əgər Azərbaycan kinosunun son durumunu 10 il əvvəllə müqayisə etsək, etiraf etməliyik ki, həqiqətən də nəzərə çarpacaq dərəcədə irəliləyiş var. İllər var idi ki, ümumiyyətlə kino çəkilmirdi. Bir qədər əvvəl, ildə cəmi 1-2 film çəkilirdi. İndi isə ildə 7- 8 film çəkilir. Bu təbii ki, çox yaxşı haldır, kinomuzun inkişafa doğru getdiyini göstərir.
   - Kəmiyyət artır, bəs keyfiyyət?
   - Ümumiyyətlə, kinoda kəmiyyət keyfiyyətə keçir. Əgər biz ildə bir film çəksək, heç vaxt tərəqqi ola bilməz. Kəmiyyət artmasa, keyfiyyət də artmaz. İldə gərək ən azından 10 film çəkilsin ki, onların arasından, heç olmasa, biri festival səviyyəsində alınsın. Əgər biz ildə 10 yox, 5 film çəkəcəyiksə, onda bu o deməkdir ki, iki ildən bir mümkün ola biləcək. Dünya mütəxəssislərinin bu barədə fikri belədir ki, 1 ölkənin 1 ildə çəkdiyi filmlərin yalnız 10 %- i festival səviyyəsində ola bilər. Lakin orta, hətta aşağı səviyyəli filmlərin mövcudluğu da mütləqdir. Çünki onlar olmazsa, rəqabət olmaz. Təbii ki, söhbət normal, sağlam rəqabətdən gedir. Onların arasında nisbətən uğurlusu da olar, uğursuzu da - bu, təbiidir. Məgər Amerikada ildə 200 film çəkilirsə, onların 200- ü də “Oskar” səviyyəsindədir? Xeyr, onların arasından cəmi 10- 15 film seçilir. Mən inanıram ki, bizdə olan göstəricilər də ilbəil qalxacaq. Çünki Azərbaycanın həm iqtisadi, həm də yaradıcı potensialı buna imkan verir. Yalnız o zaman biz Azərbaycan kinosunun inkişafından arxayınlıqla danışa bilərik. Amma bizim bəzi həll olunası vacib işlərimiz var. Azərbaycanda kinoteatrlar çox azdır. Prezidentimizin bütövlükdə kinonun bütün sahələrini əhatə edən və onun inkişafını sürətləndirməyə xidmət edən sərəncamı var. O proqram bir qədər ləng olsa da, həyata keçirilir və tədricən çox vacib işlər görülür. Bu yaxında Azərbaycan Dövlət Film Fondunun yeni binası inşa olunub təhvil verildi. Bu o deməkdir ki, nəhayət, Azərbaycan filmlərinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün lazım olan şərait yaradılıb. Paytaxtın ən böyük kino zallarından olan “Nizami” kinoteatrının əsaslı şəkildə təmiri də həmin proqrama daxildir. Kinoteatrlar həm də say baxımından artırılmalıdır. Yeni film il ərzində əsasən kinoteatrlarda kino şəbəkəsi vasitəsilə tamaşaçılara çatdırılmalıdır.
   - Kinomuzun tam inkişafına nə mane olur? Ssenari yazan yoxdur, ya texniki çatışmazlıqlar çoxdur?
   - Texniki vəsaitlərlə baglı bircə onu deyə bilərəm ki, bizdəki bütün avadanlıqlar 70- ci illərdən qalıb. Lakin bu heç də o demək deyil ki, bizdə kino çəkmək olmaz. Mənim filmimdəki bütün texnika xaricdən gətirilmişdi. Demək, bu mümkündür, sadəcə, bunun üçün əlavə vəsait lazımdır. Vəsait olsa, texnikanı dəvət etmək çətin iş deyil. Məsələn, “Qala” bu baxımdam çox mürəkkəb bir film idi. Uzunmüddətli ekspedisiya olmalıydı, çəkilişlər dağ şəraitində aparılmalıydı, həmin o dağların arasında böyük bir kompleks - orta əsr şəhərciyini xatırladan dekorasiya tikilməliydi. Ona görə bu filmə biz dövlətdən aldığımız vəsaitdən başqa, həm də sonradan Rusiyadan filmə qatılan 2 prodüserin - Rauf Atamalıbəyov və Timur Vaynşteynin hesabına çəkdik. Təsadüfi deyil ki, film Monreal kimi dünyaşöhrətli festivalın bütün texniki parametrlərinə cavab verirdi. Ssenariyə gəldikdə isə deməzdim ki, bizdə professional ssenari yazan ssenarist, yaxşı ssenari yoxdur. Var, sadəcə burada da bəzi problemlər yaşanır. Ola bilər ki, ssenari gözəl olsun, amma kinoya çevriləndə alınmasın. Lakin ssenari zəifdirsə, onu kinoya çevirərkən gözəlləşdirmək mümkün deyil. Ssenaridən çox şey asılıdır. Çünki o, gələcək filmin bünövrəsidir.
   
   Söhbətləşdi: Könül NƏCƏFOVA







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar