Sentyabrın 25-də mütləqə inam təliminin yaradıcısı, filosof Asif Atanın doğum günüdür. Aşağıda sizlərə təqdim etdiyimiz fikirlər mərhum filosofun kinoya və mədəniyyətin digər sahələrinə aid fikirləridir. Bu fikirlər subyektiv mahiyyət daşıdığından şərh verməyə ehtiyac yoxdur. 
   
   Kino -Bədiyyatın plastika, yəni canlı ifadə səviyyəsində təsdiqidir. Bunun bir şərhə ehtiyacı var: məgər başqa sənət növlərində plastika ifadə olunmur? Məsələn, rəssamlıqda, yaxud teatrda.
   Təbiidir ki, plastika azdan-çoxdan bir çox sənət növlərində özünü tapır, ancaq kinoda plastika öz zəngin imkanlarını tapır: İnsanın cismaniliyi, təbiətin qeyri-adiliyi hamısı özünü göstərir. Nə rəssamlığın, nə də teatrın imkanı bu qədər deyil. Kinoda canlı həyat olduğu kimi göstərilir, ayrı-ayrı dinamizm, ayrı-ayrı əlaqələr bütöv bir hadisə kimi çox təsirli ifadə olunur və bu nöqteyi-nəzərdən kinonun əvəzi yoxdur. Həm hadisələr, həm plastika- bu canlı ifadə vasitəsilə ümumbəşəri mənalar ifadə olunur. Və canlı həyat vasitəsilə ifadə olunan o mənalar çox böyük səviyyədə canlanır. Kinonun çox böyük təsiri bundan ibarətdir: burada həyatla məna daha çox birləşir.
   Kino digər sənət növlərindən fərqlənir. Burada texnikanın rolu əslində bədiyyatın təsiri, bədiyyat zənginliyi baxımından çox böyükdür. Bu səbəbdən də daxili duyğuların, talelərin, aqibətlərin, fikirlərin, düşüncələrin təsiri üçün kinonun imkanları daha genişdir. Əgər ümumiləşdirsək, kino- mənalanan plastikadır.
   Bundan əvvəl bir məsələ çıxır ortalığa: kinonun imkanlarından kommersiya məqsədilə, murdar ideyalar məqsədi üçün istifadə olunur. Xüsusilə Hollivud kinolarında şəhvətpərəstlik, yırtıcılıq ifadə olunur. Bu kinolar insandakı mənfi duyğuları, instinktləri alışdırır və həmin vasitə ilə insanı həyatın ülviliyindən, qeyri-adiliyindən ayırır. Kino təbliğata çevrilir.
  
   * * *
   Kinonun ən yaxşı nümunələrində insan ətrafdan, cəmiyyətdən, şəraitdən üstündür: Şəraitə, Mühitə qarşı durmaq ifadə olunur. Fellininin bütün əsərlərində İnsan uyğunlaşmır cəmiyyətə. Antonioninin «Ağ səhralar» kinosunda şəxsiyyət özünü həyata qarşı qoyur. Ancaq cəmiyyətdən ayrıla bilmir. Yalançı dostlar, yalançı qohumlar onu tapırlar. Məcbur olur ki, özünü öldürsün. Özünü öldürür, amma uyğunlaşmır. Bu, böyük ideyadır. Uyğunlaşmaq həmişə balacalıq ifadəsidir. Ən adi adamlar da kinoda böyüklük görür. Bu cəhətdən XX əsr adlanan dövrdə kino insanlığı vəsf edir. Ümumiyyətlə, bu vaxta qədər kinoda Fellini və Berqman zirvədir.
   
   * * *
   Kinoda rəmzilik məsələsi bütün o bədiyyatda olan kimidir. Burada real həyatın özündən doğan rəmzilikdir. Kinoda sırf abstraktlıq olmur. Kinoda zəngin reallıq təzahürü var. Burada rəmzləşmə çox çətin işdir. Gərək o mücərrədlik reallıqdan doğsun. Mənə elə gəlir ki, kino hələ öz imkanlarından istifadə eləməyib.
   İnsanın Mahiyyəti onun sifətində ifadə olunur. Kinonun buna çox imkanı var. Məncə, aktyorlar psixoloq olmalıdırlar. Berqmanda bu cəhət güclü idi. Ümumən, aktyorlar gedənlərdir, gələnlərdir. Cismanilik daha çox ifadə olunur.
   Kinoda sifət bir duyğu, hiss, həyəcan mənbəyi kimi aşkarlanmalıdır. İnsanın sifəti cismanilikdən çıxmalıdır.
  
   * * *
   Zənnimcə, kino rejissorunun dram rejissorundan fərqi ondan ibarətdir ki, kino rejissoru gərək aktyor olsun. Gərək o, aktyorluğu ömründən keçirsin. Ümumiyyətlə, aktyorun rejissorluğa gəlməsi daha əlverişlidir.
   Kino və Teatr bir-birinə yaxındır və bir-birindən fərqlidir. Kinoda həyat olduğu kimidir. Aktyor ölür və elə bilirsən ki, həqiqi öldü. Teatrda aktyor ölür, sonra sən ona əl çalırsan. Teatrda tamaşaçı ilə aktyor arasında əlaqə var. Heç təsadüfi deyil ki, teatr aktyorlarının çoxu sonradan kino aktyorları olurlar. Teatrda tamaşaçı ilə təmas çox yaxşı olur. Bu baxımdan da teatrımızı üç məqama bölərdim:
   Birinci: Teatr - Məktəb.
   İkinci: Teatr - Məclis.
   Üçüncü: Teatr - Məbəd.
   Mirzə Cəlil -Teatr - məktəb;
   C.Cabbarlı - Teatr - məclis;
   H.Cavid - Teatr - məbəddir.
  
   * * *
   Çarli Çaplin kinokomediya janrının zirvəsidir. Onun komediyalarında yerə-göyə sığmayan kədər var. Həyat balaca adama ağır başa gəlir. Hər addımda yıxılır, hər addımda döyülür. Maşının hissələrinə çevrilir. Amma yaşayır. Ona gülürsən, amma o gülüşünün mənasına da dalırsan. Elə bil ki, sürüşkən bir buzun üstündə yeriyirsən. Cəmiyyət elə bil ki, buzdur. Qorxursan ki, yıxılasan. Camaat sənə gülür. Onlar ağrını hiss eləmir. Sənin yıxılmağına isə gülürlər.
  
   * * *
   Gərək rejissor universal olsun, çünki rejissor hərtərəfli bədiyyatla rastlaşır: rəssamlıqla, musiqi ilə... Mən kinoda ən çox müəllif kinosunu bəyənirəm: Berqman və Fellini yolu. Kinonun əsas yolu müəllif yoludur.
  
   Hazırladı: İntiqam






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar