Filmlərdə onlar bizi üst-üstə geyindikləri paltarla aldadırlar
   
   Vaxtilə Duqlas Ferbenks və Meri Pikford kinoulduz adını toxunulmazlıq mehrabına qaldırmaq üçün nə qədər qurbanlar vermişdilər. Hollivud isə onların bütün qurbanlarını heçə endirdi. Arzular şəhərinin gənc yetirməsi Farelli qardaşlarının "Məhəbbət şərdir" adlı filmində yüz əlli kiloqramlıq görkəmdə peyda olaraq ulduzluq üçün müəyyənləşdirilmiş bütün standartları pozdu. Peltrou hamının unutmağa, toxunmamağa çalışdığı bir məsələni özündən asılı olmadan gün işığına çıxartdı: "ulduz"la "yaxşı aktyor" və ya "yaxşı aktyor"la "ulduz" eyni anlama gəlmir. Ona görə ki, onların daimi bir yerdə olmaları mümkün deyil. Ulduz nə özünə, nə də incəsənətə məxsusdur. O, bilavasitə xalqa aiddir. Bu səbəbdən də müəyyən qaydalara riayət etməli, konkret çərçivələrdə yaşamalıdır və icazə verilmiş həddən o yana keçməyə haqqı yoxdur. 
   
   Yaradıcılığı boyu bir ampluada oynamaqdan imtina etmiş cəsarətli aktyorlar çoxdan çərçivələri dağıdıblar. Konkret nəyi nəzərdə tuturuq? Məsələn, qeyri-standart bədən ölçülərini... Söhbət fantastik mutasiyalardan yox, bayağı piylənmədən gedir. Belə ki, son vaxtlar Hollivud, filmlərdə aktyorları süni yolla kökəltməklə məşğuldur. "Dəli professor" filmində Eddi Merfi eyni vaxtda böyük bir piylilər sülaləsini oynayır. E. Merfinin davamçısı Martin Lourens "Böyük ananın evi" komediyasında nəhəng rezin kostyumu əyninə keçirməklə yaşlı və çox gombul qarıya çevrilir. Qvinet Peltrounun və "Məhəbbət şərdir" filminin adını artıq yuxarıda çəkmişik. Yeri gəlmişkən, Culiya Roberts də "Amerikanın sevimliləri" filmində cəmi bir epizodda da olsa, bu üsulu təcrübədən keçirib.
   Təbii ki, insan bütün növ xəstəliklərlə dərindən maraqlanır, xüsusilə də adıçəkilən mərəzin hansısa bir ulduza dəxli varsa. Bu onu həm güldürür, həm də özünü yaxşı hiss etmək imkanı verir. Həddindən artıq böyümüş (hipertrofiya) bədəni müşahidə edəndə özünü idealla eyniləşdirmək daha asandır, nəinki mükəmməl fiziolojiyə malik vücudu. Cəsarət tapıb sadəcə bir filmin xatirinə zahiri gözəlliyindən imtina etmiş aktyor üçün bunun zərəri yoxdur - imicinə heç bir ziyan dəyməyəcək, çünki hamı onun əsl görünüşünü yaxşı bilir.
   Kinoda oyunçunu süni yolla şişirtmək üsulu ilə "ikisi birində" adlı komik effekt əldə olunur (kök və arıq bir simada). Lakin bu priyom tamaşaçıda yalnız primitiv emosiyalar, qeyri-sağlam gülüş yaradır. Belə filmlərdə nə rejissor məharətindən, nə hansısa ali məqsəddən, nə də obrazların çatdırmaq istədikləri sətiraltı mənalardan əsər- əlamət yoxdur.
   Humanist rejissorlar Farelli qardaşları "Məhəbbət şərdir" filmində tamaşaçılara insanda baş verən daxili dəyişiklikləri çatdırmağa çalışıblar. Qvinet Peltrounun piyli bədənində incə ürək döyünür. Onu sevməmək mümkün deyil. Bunu çatdırmaq üçün rejissorlar Qvinetə bir-birinə calaşdırılmış balışlardan hazırlanmış çox rahat kostyum geyindiriblər. Aktrisa "Aşiq olmuş Şekspir"də çəkiləndə daha çox əziyyət çəkmişdi, nəinki "Məhəbbət şərdir" filmində… Birinci filmdə oynadığı obraza uyğun olaraq çəkiliş müddətində onun döşlərini sıxıb bağlayırdılar, sifətinə də narıncı bığ yapışdırırdılar (sonra da o bığı qoparırdılar). Lakin içinə balış doldurulmuş olsa belə, yüz əlli kiloqramı daşımaq heç də asan iş deyil. Bunun üçün aktrisa təmənnasız qəhrəmanlığa hazır olmalıdır. Doğrudur, elə adamlar var ki, onlara eybəcər qrim çox yaraşır. Məsələn, Kennet Brananın "Frankenşteyn" filmində eybəcərin nişanlısını oynayan Helena Bonem Karterə cəsəd qrimi çox yaraşırdı. Rejissor Tim Bartonsa Helena Bonem Karterlə şimpanze arasında oxşarlıq tapmışdı və "Meymunlar planeti" filmində ondan istifadə etmişdi. "Ulduz müharibələri" və "Dyunlar" filmindəki fantastik gombullar da insan simasından məhrum, hansısa başqa dünyanın adamlarıdırlar. Lakin həmin filmlərin süjeti bunu tələb edirdi. "Məhəbbət şərdir" və "Böyük ananın evi" tipli filmlərdə isə müəlliflər tanınma effekti ilə oynayırlar. Bəli. Avtobusda, mağazada, sadəcə yol gedəndə bu cür gombul adamların yüzü ilə rastlaşırıq. "Məhəbbət şərdir" filmində Peltrounun yaratdığı gənc qız görünüşü və davranışı ilə bizə onları xatırladır. Qvinet Peltrou orda "bizim məhəllənin qızı"nı oynayır.
   Norma - hələ ideal demək deyil. Norma - adilikdir. Farellilərin son dərəcə böyük pafosla ifadə etdikləri bu fikir vacib bir nüansa toxunmasaydı, bəlkə də, film gülməli alınardı.
   Məsələ ondadır ki, bu filmdə heç kim artıq çəkini və eybəcərliyi bərabərləşdirmir. Amma biz ideal, irreal ekran varlıqlarından - ulduzlardan danışırıq. Onların bədənlərində ən cüzi piy qatı belə eybəcərlik kimi qiymətləndirilir - imic nöqteyi-nəzərindən artıq piy bütün bədəni basmış tükdən və ya vampir caynaqlarından daha dəhşətlidir.
   Artıq çəki ulduzun ilahi bədəninin toxunulmazlığının pozulması deməkdir. Təbii ki, "Beşinci element" filmi üçün Qari Oldmanın görünüşünü bir balaca dəyişmək olar. Lakin Ridli Skottun "Hannibal" filmində etdiyi kimi onu yarıgəmirilmiş insana çevirmək cinayətdir. Qari Oldman bir yana, Leorando di Kaprio "Conni Ekk" filmində yarıminsanı, Tom Kruz "Vanilli səma"da sifəti tanınmaz dərəcədə eybəcərləşmiş avtomobil qəzasının qurbanını oynayır. Hollivudda belə şeylər həmişə olub. Fil-adamlar, qadın-meymunlar, robot-polislər, terminatorlar və s. Lakin piyli Petrou və eybəcər Tom Kruzlar olmayıb. Onlar yaradıcı axtarışların yox, bayağı siyasi korrekturanın məhsullarıdır.
   Böyük Hollivud illüziyasının dağılması onu yaradanla və onun yaratdıqları üçün ağrısız keçdi. Xalq isə buna görə onlara minnətdar idi. Xalqın sevimliləri adi adamları oynayırdılar və bu da fərəh verirdi: Aman allah, onlar elə bizim kimidirlər!
   Lakin sevimlilərimizin son addımı atmağa, zahiri görünüşlərinə toxunmağa cəsarətləri çatmırdı. Onun ardınca gözlənilməz reaksiya gələ bilərdi. Bununla belə, ulduzlar qeyri-iradi, şüursuz şəkildə də olsa bu addımı atdılar, çünki artıq qatilləri, narkomanları, maviləri, xəstələri oynamışdılar. İndi yalnız toxunulmaz ulduz görünüşü qalmışdı. Onlar ekranlarda tamamilə yeni görünüşdə peyda olurlar. Çəkiliş başa çatanda isə hamı ilə birlikdə gülürlər. Öz həmkarı Eddi Merfinin tryukunu təkrarlayan Martin Lourens, "Maska" və "Qrinç"dəki Gim Kerri - onlar komiklərdir. Bu başqa məsələdir. "Məhəbbət şərdir" də komediyadır. Hərçənd, titrlərdə "bütün dövrlərin ən gözəl sevgi əhvalatı" yazılıb və əsl əxlaqi-nəsihətamiz filmə oxşayır. Qəddar gülüş xeyirxah göz yaşlarına çevrilir, sonra da hər şey yavaş-yavaş ciddiləşir. Həmin anda da ulduzun çəkilməsinin bütün əhəmiyyəti itir.
   Əvvəllər qrotesk qrimdə küçələrə çıxaraq insanlara qarışan aktyor şounu, luna-parkı və ya şən attraksionu simvolizə edirdi. Məsələn, Maykl Klark Dankan meymun geyimində xəstəxanaya girərək orda əsl gurultu qopartmış, böyük uğur qazanmışdı. Ancaq Qvinet Peltrou yüz əlli kiloqramlıq kostyumunda sevimili gəzinti məkanlarında adamları güldürmək istəyəndə soyuqqanlılıqdan tutmuş, qərəzə qədər ən müxtəlif mənfi reaksiyalarla qarşılaşmışdı. Gəzintidən qayıdan aktrisa o qədər karıxıbmış ki, artıq çəkidən təcili azad olub və hətta psixoterapiya vasitəsi kimi çılpaq şəkildə hansısa jurnal üçün fotolar çəkdirib. Çünki heç kim reallıqda onları qrimdə olduğu kimi görmək istəmir. Bu artıq gülməli deyil. Komediyada bu adi haldır. Lakin melodram və ya triller janrı hələ bu sarsıntıya hazır deyil. Narazılıq, inkar, anlaşılmazlıq - yalnız bunlarla üz-üzə qalırsan.
   Bütün bu qarışıq fikirlərin içində nəyə gəlib çıxdıq: ulduzların işıqlı simasını korlamaq təhlükəlidir. Bu kütlə içində qarışıqlığa gətirib çıxardır.
   
   Hazırladı: Aygün ASLANLI







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar