Sərdar Vəliyev: “Mən özümü xoşbəxt insan hesab edirəm!”
   
   Təbii ki, hər bir kinooperator kimi o da daha çox xoşbəxt, deyib-gülən, daim başqaları ilə ünsiyyətdə olan, enerjili insanları çəkmək istərdi. Amma reallıq çox vaxt onun bu istəyi qarşısında maneələr yaradırdı. Operatorun özü demiş, insanda qəmgin hisslər oyadan ölən uşaq, ağlayan ana, dağılan yuva, yanan ev və s. kimi görüntüləri də lentə almaq lazım gəlirdi. Lakin əsl kinooperator elə çəkdiyi kadrlarla insana təsir etməyi, onu düşündürməyi bacarmalıdır.
   Mənə bu qənaəti kinooperator Sərdar Vəliyevin ömür yolu diktə edir. Operatorluq sənətinin sirlərindən xəbərdar olmaq üçün bu il 70 illik yubileyini qeyd edən Sərdar müəllimin şəxsən özü ilə söhbət etdik:
   
   - Ənənəni pozmayaraq lap başdan başlayaq. Necə oldu ki, operatorluq sənətini şəxsi peşənizə çevirdiniz?
   - Mən doğulduğum, böyüyüb boya-başa çatdığım Cəlilabadda orta məktəbi bitirmişəm. Elə bu vaxtlar qəzetlərin birində oxuduğum elan, belə demək mümkünsə, mənim bütün gələcək taleyimi həll etdi. Elanda C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinooperator və rejissor assistenti hazırlığı ilə bağlı qəbula başlanıldığı yazılırdı. Seçim zamanı peyzaj, portret və digər janrlarda bir neçə maraqlı fotokadr tələb olunurdu. Mən hələ uşaq yaşlarımdan fotoqrafiya ilə maraqlanırdım. Bu zamana qədər çoxlu maraqlı, qeyri-standart fotokadrlar çəkmişdim. Qalereyamdakı ən maraqlı və ən fərqli fotoları götürüb kinostudiyaya yollandım. Evə sevindirici xəbərlərlə döndüm. Məni kinostudiyaya işə qəbul etdilər. Çünki fotolarım öz orijinallığı, qeyri-adiliyi ilə münsiflərin diqqətini cəlb etmişdi. Ən çox da portret janrında olan işlərim bəyənilmişdi. Deyilənə görə, onlarda xarakter sezilirdi.
   Beləcə operator assistenti kimi, 25 nəfərlik bir qrupa daxil oldum. Bütün ili biz yalnız və yalnız öyrəndik. Keçdiyimiz birillik təcrübə kino sənətinin bütün incəliklərindən xəbərdar olmağımız, onun ən xırda sirlərinə belə bələd olmağımız üçün bəs etdi. Sonra mən kinostudiyada operator assistenti vəzifəsinə təyin olundum. İş zamanı yığdığım təcrübə də mənim köməyimə yetdi. Mən artıq sənətimin ən incə məqamlarını belə bilirdim, lakin yenə də bilmədiyim şeyləri öz peşəkar müəllimlərimdən soruşmaqdan çəkinmirdim. Onlar da hər şeyi mənə sevə-sevə başa salırdılar. Daha sonra mənə Moskvada kinooperatorluq kursunu keçmək təklif olundu. Bu təklifi alanda sevincimin həddi-hüdudu yox idi.
   Bir neçə ildə mən onlarla filmin operatoru olmuşam. Bir şeyi də xüsusilə qeyd etmək istərdim. Mən bədii filmlərdə də operator kimi çalışmışam. Lakin indi düşünürəm: nə yaxşı ki, sənədli filmləri seçdim. Kameramı kimlərə doğru yönəltmədim, kimlər mənim çəkiliş obyektimə çevrilmədi ki?!
   - İndiyə qədər təxminən nə qədər filmə onun operatoru kimi imza atmısınız?
   - 120 qısametrajlı və 5 tammetrajlı sənədli filmə. Onların arasında xüsusilə seçilənlər ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevə aid olanlardır. Digər filmlərimə “Qızıl balıq”, “Şirvan qoruğu”, “Azərbaycan təbiəti”, “1994-cü ilin adamı” və başqa qısametrajlı sənədli filmlərimi aid edirəm. Açığını deyim ki, heyvanlar aləminə aid maraqlı filmlər çəkməyi daha çox sevirəm. “Qızıl balıq”ı biz rejissor Cəmil Fərəcovla birgə işlədik. O vaxtlar Çaykənddə qızıl balıq yetişdirməklə məşğul olan bir zavod vardı. Həmin zavodda balıqlardan süni yolla kürü alırdılar. Kürülər 4 aya yaxın bir müddət ərzində təmiz suda saxlanılmalı idi. Bu müddət keçdikdən sonra kürülərdən balıqlar çıxmağa başlayırdı. Biz həmin bu anı tutmuş, kürüdən balığın necə çıxmasını lentə almışdıq. Bu kadrlar, həqiqətən də, tapıntı idi.
   “Şirvan qoruğu” ilə də bağlı maraqlı bir şey danışmaq istərdim. Bu filmi çəkənə qədər mən hələ həyatımda ceyranın dənizdən su içdiyini nə eşitmiş, nə də görmüşdüm. Belə bir yazılmamış təbiət qanununun olduğunu biləndə “onu mütləq lentə almaq lazımdır” deyə düşünmüşdüm. Bu hadisənin necə baş verdiyini çəkdik. Həmin filmimiz Moskvada “Kinosəyahətçilər klubu” verilişində də nümayiş olundu.
   Azərbaycan kinosunun 100 illiyinə həsr etdiyimiz “Ailə” filmi də böyük marağa səbəb olmuşdu. Bir çox filmim yaxşı mənada beləcə səs-küyə səbəb olub. Lakin yaradıcılığımın ən maraqlı dövrünü ümummilli liderimizə həsr etdiyim 20 ili sayıram.
   - Ailəniz də çəkiliş obyektinizə çevrilibmi?
   - Hə, olub. Ailəmlə bağlı ən xoş günlərimizi də lentə almışam. Mən, ümumiyyətlə, özümü xoşbəxt insan hesab edirəm. Şükürlər olsun, iki gözəl qızım var. Yeri gəlmişkən, deyim xanımım gürcüdür. Xoşbəxtliyimi dörd şirin nəvəmdə tapmışam.
   İstədiyim sənətə yiyələnmiş, istədiyim insanları kameramla çəkmişəm. Daha nə olsun?
   
   Söhbətləşdi:
   Könül NƏCƏFOVA







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar