Müsahibim “Kənddə məktəb” filminə görə tələbə rejissorlar arasında «Ən yaxşı bədii film nominasiyası» ilə mükafatlandırılmış, 2006-cı ildə “Bu meydan, bu ekran” layihəsinin qalibi, “Qızıl çıraq”, “Start” və bir sıra müsabiqələrin iştirakçısı, bugünkü, filmlərimizin inkişafı üçün bütün yaradıcılıq bacarığını meydana qoyub, əlindən gələni əsirgəməyən rejissor, prodüser Elnur Əliyevdir.    

   - Hazırda çalışdığınız “Old City Film Azerbaijan” şirkəti bu vaxtadək hansı layihələr üzərində işləyib?
   2008-ci ildən fəaliyyətdə olan şirkətimiz bu müddət ərzində çox maraqlı layihələr həyata keçirib. BMT, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Regional inkişaf uğrunda Qadınlar Cəmiyyətinin dəstəyilə “Satılmış həyat” bədii sənədli filmini uğurla başa vurmuşuq. Daha sonra, BMT-nin ikinci layihəsini, Ədliyyə Nazirliyi ilə birgə narkomaniyaya qarşı film çəkmişik. Hazırda son tamamlama işi gedən “Günahsız günahkarlar” sənədli bədii filmimiz «Təmiz Dünya» - Qadınlara Yardım İctimai Birliyinin, Daxili İşlər Nazirliyinin və prezidentimizin qeyri-hökumət təşkilatlarına dəstək fondunun maliyyə dəstəyilə çəkilib. Filmi birbaşa olaraq prezidentin iki sərəncamını uşaq ili və kino ilə bağlı imzaladığı sərəncamlarını əldə rəhbər tutaraq, adlarını sadaladığım təşkilatlarla birgə çəkmişik.
   -Filmin mövzusu nədən ibarətdir?
   - İnsan alveri. Bildiyiniz kimi, insan alveri 21-ci əsrin ən böyük bizneslərindən hesab edilir. Ondan gələn gəlir narkotik, silah və turizmdən sonra 4-cü yeri tutur. Azərbaycan da bu işlərdə adı hallanan ölkələr sırasında olduğu üçün bu filmi çəkmək qərarına gəldik. Filmin baş qəhrəmanı insan alverinin qurbanı olmuş 16 yaşlı qızdır. Atası tüfeyli həyat tərzi keçirən, spirtli içkilər qəbul edən bir adamdır. Valideynləri ayrılır. Uşaq sahibsiz qalır və onu nənəsinin himayəsinə verirlər. Burda da o, dayıları tərəfindən sıxışdırılır. Sonda qız özü də bilmədən insan alverinin qurbanına çevrilərək Dubayda satılır. Təbii ki, film xoşbəxt sonluqla bitir.
   - Yeni hansı layihələr üzərində işləyirsiz?
   - İndi bir layihə üzərində işləyirik. Bu “Güllələr altında” adlı 15 dəqiqəlik film olacaq. Film döyüş bölgəsində yaşayan uşaqların həyatından bəhs edir. 1988-ci ildən bu vaxtadək uşaqların başına gələn hadisələr filmdə öz əksini tapacaq. Məsələn, burada uşaqların minaya düşməsi kimi təsirli səhnələr var. Düşünürük ki, film texniki parametrlər, yaradıcı heyət baxımından çox yüksək səviyyədə olmalıdır. Çünki filmi may ayında Kann festivalına göndərməyi fikirləşirik. Ssenari müəllifi mən və Kamran Qasımovdur. Filmin çox bahalı texniki avadanlıqla çəkilməsi nəzərdə tutulur. Azərbaycanda belə bir texnika olmadığı üçün biz onu Gürcüstandan gətirməyi planlaşdırırıq. Filmin çəkilməsində Milli Məclisin bir neçə deputatının yaxından köməyi olacaq. Dekabr ayından filmin çəkilişlərinə başlayacağıq.
   -Yaxşı kino... Bu ifadəni bizim filmlərə də aid etmək olar?
   - Bilirsiz, indi kinoda tamam başqa bir tendensiya yaranıb. Bir vaxtlar rejissorluq sənəti haqqında düşünməyən bəziləri görürsən ki, bu gün film çəkir... Mən, ümumiyyətlə, dövlətdən alınan layihələri düzgün hesab etmirəm. Çünki dünyanın heç bir yerində dövlət kinoya pul ayırmır. Film çəkmək istəyən adam özü gedib pulu tapmalı, özü maraqlanmalıdır. Əgər prodüser, yaxud hansısa bir şirkət üzərinə öhdəçilik götürmürsə, heç vaxt yaxşı kinodan danışmaq olmaz.
   - Səhv etmiriksə, bu yaxında müğənnilərlə bağlı film çəkmisiz...
   - Bəli, müğənnilərlə bağlı “Yol” filmini işləmişəm. Hazırda filmin çəkilişləri tamamlanıb. Filmi 2 seriyalı etmək istəyirik. Mövzu yolda baş verən hadisələrdən bəhs edir. Bir növ bizim “Sən niyə susursan” filminə bənzəyir. Macəra janrında olan kommersiya xarakterli filmdir. Filmin məqsədi demək olar ki, müğənnilərin reklamıdır. Hazırda filmin səsləndirilməsiylə bağlı maliyyə çatışmazlıqlarımız var. Film Azərbaycan tamaşaçıları üçün nəzərdə tutulmuşdur, hansısa bir festivala göndərməyi nəzərdə tutmuruq.  

 Yeganə CANSAİL







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar