Ekrana nə zaman çıxacağı bəlli olmayan həmin əsər Sumqayıta həsr ediləcək
   
   Gerçək həyatımızda, müəyyən tarixi dövrlərdə baş verən hadisələr, ayrı-ayrı insanların, dövlətlərin həyatından olaylar bədii ədəbiyyatda, dramaturgiyada, kino yaranandan bəri isə bədii filmlərdə öz əksini tapmaqdadır. Söhbət tarixi janrdan yox, sadəcə, müəyyən dövrün bədii inikasından gedir. Dünya ədəbiyyatı və kinosu tarixində də belədir, bizdə də. Hərçənd tənqidçi və nəzəriyyəçilərin bir qismi belə fikirləşir ki, əsl sənət əsəri məkan və zaman fövqündə olmalıdır ki, bütün zamanlarda bütün xalqları özünə doğma bir duyğu, içini tərpədən bir ağrı, qəlbini riqqətə gətirən əsər kimi qəbul edə bilsin. Amma bu, o demək deyil ki, müəyyən bir dövrün hadisələrini əks etdirən hansısa əsər öz oxucusunda, tamaşaçısında sadaladığımız duyğuları oyada bilməz. Elə bizim bugünkü yazımızın mövzusu da belə filmlərdən üçü (!) barədədir.
 
  
   «Onun böyük ürəyi»ndən başlanan şəhər
   

   1958-ci ildə “Bakı” kinostudiyasında istehsal edilmiş növbəti bir film ekranlara çıxdı. «Onun böyük ürəyi». Dəfələrlə televiziya ekranında tamaşa etdiyimiz bu film Sumqayıt şəhərinin salınmasına, onun qurucularına və ilk sakinlərinə həsr olunmuşdu. Filmin ssenari müəllifi İmran Qasımov, quruluşçu rejissoru Əjdər İbrahimov, operatoru isə Rasim Ocaqov idi. Sonralar Azərbaycan kinematoqrafı barədə az-çox bilgisi olan hər kəsin görkəmli rejissorlar kimi tanıyacağı Əgdər İbrahimov bu filmdə ilk dəfə müstəqil rejissor kimi çalışmışdı, Rasim Ocaqov isə operator kimi ilk dəfə kamera arxasına keçmişdi. «Onun böyük ürəyi» gənc aktyor Gündüz Abbasovun da kino debütü idi.
   İlk baxışda «Onun böyük ürəyi» öz dövrünün, hakim ideologiyanın vətəndaşlara yeritmək istədiyi dəyərlərin təbliğ olunduğu bir ekran əsəri təsiri bağışlaya bilər. Lakin müəlliflərin ustalığı, aktyorların məharətli ifası, təsvir olunan situasiyaların gerçəkliyi bütün ideoloji nüansları arxa plana keçirir. İnsan psixologiyasının incəlikləri, insan qəlbinin kövrəkliyi, qadın sədaqəti və xəyanətkarlığı dəqiq təsvir edildiyindən heç bir pafosa yer vermir, beləcə, bu filmi bu ictimai-siyasi formasiyaların insanları üçün baxımlı edir.
   Lakin o zamankı sovet adamlarının həyatında çox böyük dəyişikliklər etmiş II Dünya müharibəsindən əvvəlki illər, savaş dövründə arxa və ön cəbhə səhnələri, eləcə də qələbədən sonrakı dinc quruculuq dövrü «Onun böyük ürəyi» filmində təsvir olunub. Üstəlik həmin tarixi dövrün təsvirində 50-60-cı illərin əksər sovet filmlərinə xas partiyalılıq ünsürləri yoxdur.
   Filmdə Azərbaycan qadınının, həyat yoldaşını həbsxanadan, sonra da cəbhədən qayıdışını ləyaqətlə gözləyən Səmayənin obrazını sonradan taleyini Moskvadakı Romen Qaraçı Teatrı ilə bağlayacaq aktrisa Tamilla Ağamirova ifa edib. Əgər bu filmdə Səmayə, Rəna (Sveta Cavadova) kimi sevgi-sədaqət mücəssəmələrinin qarşısında bu günlə yaşayan, ən saf hissləri rahatlığına qurban verən Xalidə (Leyla Bədirbəyli) kimi tam fərqli bir obraz olmasaydı, yəqin ki, «Onun böyük ürəyi» yarım əsr sonra ən baxımlı filmlərimizdən olmazdı. Biz onu yalnız Abşeronun şimal-qərbində yeni salınan Sumqayıtın inşaatçıları barədə cansıxıcı müsbət qəhrəmanlarla dolu sıradan bir sovet filmi olardı.
   
   «Həyat bizi sınayır» deyənlərin dövranı
   
   Əslində həyat bizim hər birimizi müxtəlif imtahanlarla sınağa çəkir. Amma 60-70-ci illərdə Sovet İttifaqında hakim ideologiya vətəndaşlara təlqin edirdi ki, həyatın əsl sınaqları istehsalatda, sosialist vətəninin rifahı naminə can-başla çalışmaqdadır. Qalan sınaqlar - qohumluq, dostluq, məhəbbət sınaqlarından üzüağ çıxsan da olar, çıxmasan da. Əsas odur ki, əsl komsomolçu, kommunist kimi düşünəsən, həyatındakı hər şeyi ona qurban verməyi bacarasan. Qələm əhlindən, incəsənət aləmindən də tələb olunan başlıca bu idi. Təbii ki, sözün, sənətin qüdrətindən xəbərdar olanlar, istedadını təkcə quru təbiətli komsomol, partiya katiblərinin, yalnız əmək qəhrəmanlarını sevən tünd-məcaz qızların, ailə qayğılarını, milli adət-ənənələri üstün tutan qızlardan üz döndərən «müasir» xasiyyətli oğlanların obrazlarını yaratmaqla kifayətlənmirdilər. Öz əsərlərindəki surətləri daha canlı, daha gerçək təsvir etməyə çalışırdılar.
   Təbii ki, o illərdə sürətlə böyüyən Sumqayıta həsr olunan əsərlər də az yazılmırdı. Həmin əsərlərdən biri, yazıçı Vidadi Babanlının «Həyat bizi sınayır» povesti idi. Əsər kənddən Sumqayıta gələn, metallurq olmaq istəyən kəndli oğlanların taleyindən bəhs etsə də, əsərdə qınından çıxıb qınını bəyənməyənlər, yıxılana əl tutmaqdansa, özünü gərəkli insanlara tərəf yıxmağa cəhd edənlər, halalı harama dəyişənlər də unudulmamışdı. Aşkar, komsomol iclasındakı sayaq ifşalar olmasa da, bədii fikir kimin kim olduğunu çox aydın göstərirdi.
   1972-ci ildəsə Vidadi Babanlının eyniadlı povestinin əsasında yazdığı ssenari Şamil Mahmudbəyovun rejissor təfsirində ekranlara çıxdı. İllər sonra ssenari müəllifi Vidadi Babanlı qəzetlərdən birinə verdiyi müsahibədə «Həyat bizi sınayır» filminin Moskvada bədii şurada necə qəbul edilməyini belə xatırlayacaqdı: «Filmdə milli ruhda çəkilən kadrlar çoxluq təşkil edirdi. Həmin kadrlar Moskva Kino İdarəsinin rəhbərliyi tərəfindən filmdən çıxarıldı. Ümumiyyətlə, o dövrdə (Sovetlər Birliyinin mövcud olduğu dövr nəzərdə tutulur) Moskva milli ruhda çəkilən filmlərimizə çox amansız yanaşırdı. Onlar daima çalışırdılar ki, məhz milli ruhla zəngin olan kadrları məhv etsinlər. Bu baxımdan da «Həyat bizi sınayır» filmində, təbii ki, ssenariyə əsasən baş qəhrəmanın ifasında çəkilən ən maraqlı kadrlardan birinin filmdən çıxarılması bir müəllif olaraq mənə pis təsir etdi. Bu, o kadrlar idi ki, Rəşid ustasına corab hədiyyə edir. Sözdə adi görünən bu kadr çəkiliş vaxtı bütün yaradıcı heyəti heyrətə gətirmişdi. Çünki bu kadrda milli ruh güclü şəkildə təsvir olunurdu. Bundan başqa, Rəşidlə Hicranın bir-birinə necə bənd olması və ümumiyyətlə isə Rəşid-Hicran süjet xəttində olan lirik sevgi dünyasına aid kadrlar lentə almışdıq. Moskva bu kadrların hamısını çox amansızca «qayçıladı». Elə buna görə də film yarımçıq təsiri bağışlayır. Düzdür, film tez bir vaxtda ekranlara çıxdı, festivala qatıldı, yer tutdu. Ancaq yarımçıq şəklinə salınmış kadrlar daima məni düşündürür». Əslində o zamankı hakim ideologiyaya, gənclərə təlqin edilən fəhlə obrazı, həmin gənc fəhlənin həyat tərzi seçimi tam görünürdü. O ki qaldı milli dəyərlərə və milli ruha... bunların vahid sovet xalqının formalaşmasına maneçilikdən özgə xeyri yox idi. Vidadi müəllim həmin xatirəsində bunun səbəbini də açıqlayırdı: «... bütün bunlar o dövrün tələbindən irəli gəlirdi. İstər burada, istərsə də Moskvada belə tələb qoymuşdular ki, sənayeyə, fəhlə əməyinə geniş yer verilsin. İnsan taleyi qalırdı bir tərəfdə, texniki cəhətlər isə geniş şəkildə qabardılırdı. Bu, ədəbiyyatda da özünü büruzə verirdi. Bu tələblər sovet dövrünün mövcud olan qayda-qanunundan irəli gəlirdi. Bütün bunlar guya ki, sovet sisteminin yaxşı tərəfləri idi ki, kinoda da, ədəbiyyatda da qabardılmalı idi. Yəqin elə buna görədir ki, bu gün o dövrdə çəkilən hər hansı bir filmə baxanda və yaxud o dövrdə yazılan hər hansı bir əsəri oxuyanda tam bütövlük hiss etmirik».
   Müəllifinin etirafına görə, «qayçılanaraq» zəif film halına gətirilmiş «Həyat bizi sınayır» filmi 1972-ci ildə Qorkidə (indiki Nijni-Novqorod) fəhlə sinfi haqqında filmlərin ümumittifaq kinofestivalında SSRİ Kinematoqrafiya Komitəsi və SSRİ Kinematoqrafçılar İttifaqının diplomuna layiq görülür. Milli ruhu, özgür siması mümkün qədər dəyişdirilib fabrik-zavod məhsulu kimi digər istehsalat filmlərinə bənzədilən «Həyat bizi sınayır» filminin məramı adından bəlli olan festivalda fərqləndirilməsi gözlənilən idi.
   Amma medalın astar tərəfinin də bir gün üzə çıxacağı gün də yetişəcəkdi. Canını istehsalat göstəricilərinin yüksəlməsinə qurban verən, sosialist vətəninin çiçəklənməsi naminə verdiyi əmək töhfəsinin müqabilində bərbad vəziyyətdə yaşayan fəhlənin güzəranı, dənizin qoynunda turizm imkanları sayəsində yer üzünün cənnətinə çevriləcək bir məkanda zəhərli tüstülü sənaye şəhərinin salınmasının fəsadları bir gün tərs sillə kimi üzlərə çırpılacaqdı.
   
   Tüstüyə bürünmüş məkan: «Mənim ağ şəhərim»
   
   1988-ci ildə baş verən məlum Sumqayıt hadisələrindən sonra bu gənc şəhərin o vaxtadək ört-basdır edilən sosial problemləri ortaya çıxdı. Bəli, Sumqayıt qurucularının ilk üç nəslinin mənzil, yaşayış problemləri zamanında həll olunsa da, artıq 70-ci illərin ortalarından iş ardınca bu şəhərə üz tutanlar ilk inşaatçı dəstələrinin yaşadığı baraklardan heç də fərqlənməyən gecəqonduda, “Xutor”da məskunlaşmağa başladılar. Artıq şəhərin ekologiyası korlanır, istismar müddəti bitən sənaye-kimya qurğularının bəlası istehsalat əlillərinin, uşaq ölümünün artmasına aparırdı. Artıq 90-cı illərin əvvəllərində Sumqayıta həsr edilən sənədli filmlərin mövzusu bir neçə il öncə, yalnız «Mozalan» satirik jurnalında işıqlandırılan mövzulara yaxınlaşırdı. Bu ağrı, bu bəla mütləq bədii əsərlərə gəlməliydi və gəldi də.
   1994-cü ildə Sumqayıtın məhv olan ekologiyasına və bu pisliyin kor qoyduğu talelərə həsr olunan «Mənim ağ şəhərim» bədii filmi ekrana çıxdı. Film (ssenari müəllifi - Akif Həsənoğlu, rejissor - Mərahim Fərzəlibəyov) gənclik şəhərinin yalnız son illərdə açıqlanan dərdlərini, o zamankı tətil dalğasını, gənc yaşında xəstəlik tapan insanların acınacaqlı taleyini, çarəsizliklərini, şikəst olan körpələrinin halını bütün çılpaqlığı ilə göstərdi. Bəlkə də bu il 1994-cü ildə yox, daha erkən, heç olmasa, 1986-87-ci illərdə ekrana çıxsaydı, filmdəki publisistika bədiilikdən daha zəif olsaydı, «Mənim ağ şəhərim» daha çox şöhrət qazanardı, hətta onu sosial bəlanın bədii təcəssümü kimi başqa ölkələrə də çıxarmaq olardı. Amma «Mənim ağ şəhərim» tale yazısı ixtiyar sahibi insanların tərs yozduğu bir sosial təbəqənin etiraz hayqırtısı kimi də maraqlı idi. Hər halda, o vaxtadək bizdə acı həqiqəti bu qədər gerçək göstərən bədii film ekrana çıxmamışdı.
   
   Dördüncü filmin ideyası
   
   Təsnifatına görə Sumqayıta həsr olunmuş bu üç filmi tarixi film hesab etmək çətindir. Əslində «Onun böyük ürəyi», «Həyat bizi sınayır», «Mənim ağ şəhərim» 60 yaşlı Sumqayıtın Azərbaycan kinematoqrafında bədiiləşmiş obrazıdır. Maraqlıdır, görəsən, Sumqayıt barədə çəkiləcək dördüncü filmdə hansı məqamlar, bu şəhərin tarixinin hansı özəllikləri öz əksini tapacaq? Hələ ki, bu suallara dəqiq cavab yoxdur. Bəlkə də Sumqayıta həsr olunmuş ilk üç filmin qəhrəmanlarının XXI əsrdəki taleyindən bəhs edən bir ekran əsəri meydana çıxacaq. Kim bilir?.. Hər halda, çəkərlər - baxarıq.
   
   Qumru QƏDİRLİ







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar