Bu festivalda təkcə rejissorlar, ssenaristlər iştirak etmir, həm də prodüserlər, film menecerləri, təşkilatçılar yetişir
   
   Ötən ayın ən böyük mədəniyyət hadisəsindən biri də «START» Beynəlxalq Tələbə Filmləri Festivalı oldu. Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin və «Cinema» Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə keçirilən festivalda Fransa, Polşa, Rusiya, Türkiyə və s. ölkələrin tələbələri bir araya gəldi. Kinoforumun nəticələri haqqında suallarımızı sözügedən festivalın rəhbəri Fehruz Şamıyev cavablandırdı. 
   
   - «START» Film Festivalı tələbələr üçün nəzərdə tutulub. Məlumdur ki, bu günün tələbələri sabahın peşəkarları olacaq. Buna görə də bu festivalın əhəmiyyətini əlaqədar qurumlar - Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və «Cinema» Gənc Kinematoqrafçılar Mərkəzi yaxşı anlayır. Biz bu gün tələbə rejissorlara stimul verməsək, xarici həmkarları ilə onları görüşdürməsək, kinomuzun gələcəyindən danışmaq yersiz olar. Artıq ötən illərə nisbətən gənclərin çəkdikləri filmlərdə dəyişiklik hiss olunur.
   - Bunun səbəblərini nədə görürsünüz?
   
- Ölkə başçısının kinonun inkişafı istiqamətində verdiyi sərəncamda, Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi «Bu meydan, bu ekran» müsabiqəsində... Bu müsabiqə yeni filmləri - ssenarist və rejissorları meydana çıxardı. Fikirlərimin təsdiqi üçün son illər beynəlxalq festivallara göndərilən filmlərə və əldə olunan nəticəyə diqqət yetirmək bəs edər.
   - Münsiflər heyətinin tərkibi barədə nə deyə bilərsiniz?
   
- Festivalın münsiflər heyətində 5 nəfər mütəxəssis iştirak edirdi. Jürinin sədri tanınmış kinooperatorumuz, sənətşünaslıq namizədi, onlarla gənc rejissorun, operatorun yetişməsində əməyi olmuş Rafiq Quliyev idi. Məncə, onun xüsusi təqdimata ehtiyacı yoxdu. Fariz Əhmədov da Azərbaycanda gənc kinematoqrafçılar arasında fərqlənən rejissor, prodüserdir. Son iki ildə üç qısametrajlı film işləyib. Beynəlxalq festivallarda mükafat alıb. Ötən il «START» Film Festivalının «Ən yaxşı sənədli film» nominasiyasında qalib olub. İranda keçirilən beynəlxalq «Rəşt» festivalında jüri üzvü kimi iştirak edib. Jürinin digər üzvü Əkbər Şəriəti İranı təmsil edirdi. İxtisasca ssenaristdir. Məlumdur ki, İran kinematoqrafiyası indi də dünya kinosunda öz sözünü deməkdədir. Onun ssenari müəllifi olduğu filmlər beynəlxalq festivallarda iştirak edib. Gürcüstanlı prodüser Nino Maqlakalidze jürinin tək xanım üzvü idi. Bu xanımın kino sahəsində Azərbaycanla çoxdan əlaqələri var. 2006-cı ildə Beynəlxalq «Audiovizual» festivalda münsiflər heyətinin üzvü kimi iştirak edib. Bir neçə beynəlxalq layihənin prodüseridir. Səlim Evci isə Türkiyədə tanınmış gənc rejissorlardan biridir. «Evcifilm» şirkətinin rəhbəridir. Türkiyədə keçirilən «Akbank» Qısametrajlı Filmlər Festivalının direktorudur. Bundan başqa, dünyanın tanınmış film festivallarının iştirakçısı və mükafatçısı olub. Rotterdam film festivalı tərəfindən onun yeni film layihəsi maliyyələşdirilir.
   - Onların gəldiyi nəticə sizi qane etdimi?
   
- Jüri üzvü qiymətləndirdiyi hər bir filmə nə üçün qiymət verdiyini bir-birilərinə izah edir. Amma tamaşaçı zövqünə nəyi uyğun bilir ona da yüksək qiymət verir. Və bəzən filmin ideyası, süjeti və digər komponentlər yaddan çıxır. Jüri isə vaxtı çox olduğu üçün müzakirə edə bilir, filmi yenidən izləyir. Münsiflər heyəti filmləri xüsusi zalda izləyirdi. Bu il bədii filmlərin sayı çox idi və bu janrda filmlər yüksək səviyyədə idi. Buna görə də seçimlərdə jüri müəyyən qədər əziyyət çəkməli oldu. Jürinin xüsusi mükafatı da iki bədii filmə verildi.
   - Festivaldakı Azərbaycan filmləri barədə nə deyə bilərsiniz?
   
- Azərbaycanlı tələbələrin qaliblər sırasında olması məni sevindirir. Jüri bizim filmlər arasında ən yaxşılarının seçmişdi. Əslində festivalın proqramının yarısını Azərbaycan filmləri təşkil etməliydi. Amma təəssüf ki, bizim filmlərin sayı çox az idi. Bununla belə nəticə sevindirici oldu. Ən yaxşı eksperimental film («Məsiha» rej. E.Əsədov) və jürinin xüsusi mükafatını («Koramal» rej. E.Alıyev, X. Abdullayev) bizimkilər qazandı. Qran-Pri «O, həmişə gözəldir» adlı Litva filminə verildi. «Ən yaxşı bədii film»in qalibi Rusiya və Qazaxıstan oldu. «Ən yaxşı sənədli film» nominasiyasında qırğızıstanlı və rusiyalı tələbələr uğur qazandı.
   - VI «START» Beynəlxalq Tələbə Filmləri Festivalı əvvəlkilərdən nə ilə fərqləndi?
   
- «Cinema» mərkəzi indiyə kimi 14 ölkəni bir festivalda birləşdirə bilmişdi, amma Fransadan, Polşadan, Rusiyadan və digər ölkələrdən qonaqları bir araya gətirməmişdi. Əvvəlki festivallarda daha çox qonşu ölkələrin tələbələri iştirak edirdilər.
   Digər bir məsələni vurğulamaq istərdim. Məncə, festival təkcə filmlərin nümayişiylə, qaliblərə mükafat verməklə bitmir. Bu festivalda təkcə rejissorlar, ssenaristlər iştirak etmir, həm də prodüserlər, film menecerləri, təşkilatçılar yetişir. Yaddan çıxarmayaq ki, komanda üzvülərinin hamısı gənclərdir. Təsəvvür edin ki, münsiflərlə danışıqlar aparmaq, onları təyin etmək, qonaqları dəvət etmək, qarşılamaq, filmləri seçmək... Doğrudur addımlarımızdan həm Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin, həm də Gənclər və İdman Nazirliyinin xəbəri olur. Peşəkarların fikirlərinə məncə, hər zaman ehtiyac var. Yaddan çıxarmayaq ki, onlar həm də festivalın təşkilatçılarıdır.
   - «Cinema» mərkəzi daha hansı layihələrə hazırlaşır?
   - Bizim mərkəz təkcə «START» Film Festivalı ilə işini bitmiş hesab etmir. Komanda bir neçə qısametrajlı film layihəsini hazırlayıb başa çatdırmaqdadır. Bundan başqa adını söyləməyəcəyim, maraqlı, ancaq faciəvi həyat yolu keçmiş, mərhum rejissorumuz haqqında sənədli film ssenarisi də tamamlanmaq üzrədir. Qısametrajlı filmlərdən birinə artıq vəsait tapılıb. Gələn il iranlı həmkarlarımızla birgə kiçik bir kino layihəsi həyata keçirməyi planlaşdırırıq. Azərbaycanın qısametrajlı filmlərinin İranda və Türkiyədə nümayişini də onların nümayəndələri ilə müzakirə edirik. Məncə, «Cinema» mərkəzinin daha böyük layihələrin təşkilatçısı olmağının artıq vaxtıdır. Ola bilsin gələn ildən festival «START» Gənclərin Film Festivalı adı ilə keçirilsin. Burada tələbə olmayanlar da iştirak edə biləcək.
   
   Sabutay







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar