“Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin bağlanış mərasimi çərçivəsində “Niyyət” bədii filminin nümayişi 18 dekabrda “Azərbaycan” kinoteatrında baş tutdu.
   “Niyyət” tammetrajlı bədii filmi kinorejissor Samir Kərimoğlunun kinosevərlərə təqdim etdiyi sayca 3-cü ekran əsəridir.
   Psixoloji dram janrında çəkilən bu filmin süjet xətti kamil insan anlayışına mənsub olan faktorları səmimi, ülvi hisslər, təhsil və dinlə əlaqələndirir.
   Filmin ümumi fonu, müxtəlif rakurslu çəkilişləri, məntiqi dəyərləri ilə tamaşaçıları nəfəs çəkmədən finaladək izləməyə məcbur etdi. 
      
   Kinorejissor Samir Kərimoğlu digər filmləri də psixoloji janrda işlədiyinə görə, zəngin təxəyyülünü vizual təhlilə çevirərək, onu düşündürən məsələləri emosional formada tamaşaçıya çatdırmaq bacarığını bir daha göstərdi. Sənədli və bədii təsvirlərin ardınca həmin kadrların psixoloji şərhi düzgün müəyyənləşdirilərək məntiqi mənasını təsdiqləyirdi. Məsələn, əsərin qəhrəmanı Cahangir (Fuad Axundov) dindar insan olan Arifi (Rövşən Məmmədli) özünün getdiyi əyri yola dəvət etdikdə Arif, otağın bir hissəsində Kəbə ziyarətgahının şəkli asılmış dar bir yerin pərdəsini çəkərək namazını qılmağa başlayır. Pərdənin arxa fonunda Cahangir daim üstündə gəzdirdiyi içki qabını başına çəkir, öndə isə Arif aydın səslə Allaha səcdə edir. Deməli Cahangir cəmiyyətin qaranlıq tərəfinin təzahürü, səssiz bəlasıdır. Və yaxud da Arifin bacısının, qızı ilə söhbəti kadrını xatırlayaq. Qadın xoşbəxt halda qızı ilə söhbət edir. Tamaşaçı hərəkətdə olan kameranın təqibi ilə personajı izləməyə tam şəkildə macal tapmamış birdən kadrda dəyişiklik yaranır, üstü güzgülü şifonerin içindən qız uşağı çıxaraq yan otağa qaçır. Bu zaman obrazı şifonerin güzgüsündən izlədiyimiz məlum olur. Hadisələrin müxtəlif prizmalardan, dəyişik, maraqlı təsvirlərlə şərhi tamaşaçını cəlb edən amillərdəndir.
   Rejissor hadisələri ciddi təhlil edərək filmin ümumi kompozisiyasının canlı təfsirinə nail olmuşdur. Musiqi materiallarının hadisələrlə həmahəng səslənməsi, personajların dəqiq, aydın mizanlardakı ifalarının məntiqli traktovkası, monoloq və dialoqların psixoloji şərhi rejissorun peşəkarlığından xəbər verir. Kadrlardakı lakonik, lakin əhatəli dialoqlar tamaşaçını düşündürməyə, insanın həyatdakı əsl mövqeyini dərk etməyə vadar edir. Cahangir yaraşıqlı, savadlı bir gənc olsa da, cahilliyi onu tənha və meşşan həyat sürməyə alışdırır. Ariflə görüşdükdən və onun saf, təmənnasız yaxşılıqlarını izlədikdən sonra o, təkliyin, yuvasızlığın, həyatdakı mövqesizliyin əsl dəhşət olduğunu anlayır. Kin və əxlaqsızlıqla zirehlənmiş fırıldaqçı Cahangirin mənəvi dünyasını onun mükəmməl təhsili, ailəsi yox, məhz Arifin paklığı, saf niyyəti, məsum görünüşü təmizləyir. Deməli, anlaşılmaz, çətin xarakterli insanların da zəif bir nöqtəsi var. Allaha, ulu yaradana olan məhəbbət və yaxud qorxu hissi. Dinə qayıdış, ağ libas filmdə mənəvi paklıq, saflıq rəmzi kimi verilmişdir.
   Filmin finalında Arif Məkkə ziyarətinə gedərkən təyyarədə vəfat edir. Lakin o, özündən sonra belə bir insanın tövbə etməsinə səbəb olur.
   Filmdə dinə, adət-ənənələrə, böyüklərə və uşaqlara, ümumiyyətlə, insanlara qarşı böyük bir ehtiram hiss olunur.
   Filmin ekran həllində ssenarinin mühüm rolu var. Lakin rejissor ideyalarının ekran təzahürü, ümumi kompozisiyanın vizual vəhdəti bəyaz çərçivədəki hadisələrdə tamaşaçının özünü görməsi deməkdir. Bu mənada rejissor yüksək səviyyəli kinematoqrafik tamaşa yaratmışdır. Həyəcanla izlənən kadrların sirayətedici təəssüratına əsasən deyə bilərəm ki, “Niyyət” bədii filmi sıravilikdən çox-çox uzaqda dayanaraq bədii və texniki cəhətdən koloritli ekran əsəri kimi rejissor kredosunu bir daha təsdiqləmiş oldu.
   Bir-iki personajla çəkilmiş bu ekran əsərində diqqəti cəlb edən nüanslardan biri də aktyor ansamblının gənc və yeni olması idi. Rejissor onların fərdi istedadlarını ön plana çəkərək, təbii, sərbəst mizanlara üstünlük vermişdir. Aktyorların simasında kamera hərisliyi və poetiklik qətiyyən hiss olunmurdu. Peşəkar kollektivin fərdi istedadları yalnız hadisələrin mahiyyətinin açılmasına yönəlmişdi. Buna da nail olunmuşdu. Belə ki, hadisələrin gərgin, əhəmiyyətli ardıcıllığı, məntiqli mənası aktyor ifasını kölgədə saxlayırdı. Vizual hadisələr tamaşaçıya reallıq qədər yaxın idi. Məsələn, axşamlar yas mərasimlərində qarınlarını doyduran təsadüfi dostlar özləri də bilmədən Cahangirin atasının yas məclisinə gedirlər. Xarakterik simalarla (çadırdakı insanlar) işlənən dinamik kadrlardan məlum olur ki, filmin kulminasiya nöqtəsi məhz burasıdır. Çünki film boyu hadisələri anlaşılmaz hərəkətlərlə idarə edən qəhrəmanın kimliyi məhz, bir kadrda, lakonik ifada, dinamik hərəkətdə, panoramlı çəkilişlə və musiqinin təsvirlə uzlaşması ilə paralel təqdim olunur. Məncə, bu kadrlara istinadən tamaşaçı da qeyri-ixtiyari olaraq öz-özünə “sən kimsən?” sualını verəcək.
   Filmdə göstərilən biganəlik, xəyanət, qumarbazlıq, dünya malına hərislik və yaxud da dinə qayıdış, möminlik motivləri ayrı-ayrılıqda böyük bir mövzudur. Lakin bir film daxilində səciyyələndirilən müxtəlif keyfiyyətlərə rejissor tamaşaçını bezdirmədən aydınlıq gətirir. Ümumilikdə bir şəxsdə (Arif) cəmlənən müsbət cəhətlərin qalibiyyəti bütövlükdə İslam dininin, xeyrin qələbəsi kimi göstərilir. “Niyyət” filminə sürəkli alqışlar qazandıran rejissor yaradıcılığı haqqında çox söz demək mümkündür. Ürəkdən arzulayırıq ki, onu yeni nailiyyətlərə ruhlandıran bu alqışların sədası ölkəmizdən uzaqlarda eşidilsin.
   
   Şəhla Bürcəliyeva,
   kinoşünas







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar