Söhbət «Kimsəsiz adam» filmindən gedir
   
   QIĞILCIM və qığılcım...
   Qığılcım alovun başlanğıcıdır, oddan çox kiçik olsa da. Allah bu bəşəri metafizikliyi, əbədi fəlsəfəni özü qurub. Bütün hadisələri müqayisə və təhlil etmək əslində onun oyununu faş etmək, açıqlamaqdır. Hər şey ibtidaidən (adidən) aliyə (mükəmmələ) doğru gedir, bu da Tanrının pozulmaz nəzəriyyəsidir. Min illərdir ki, bəni-adəm ixtiralar edir, bəşər elmi yolu ilə addımlayır. Əslində biz həyatın tapmacalarını tapırıq, özgə heç nə yaratmırıq. Bizim ixtiralarımız Tanrıya onsuz da məlumdur. Bəşəriyyət VII əsrdən Quranı yaşadır. Şərab isə eramızdan əvvəl yaranıb. Yəni qədimlik hələ o demək deyil ki, sən ALİsən. Alilik inamdan və imandan doğulur, nəticə etibarilə yenə insan ürəyi köməyə gəlir. Necə? Bəzi insanların ürəyi bu imana bağlıdır, bəzilərinin isə yox.. İman olmayan ürək qısırdır, qısır isə yaradılışa yaradıcı ola bilmir. Keçək mətləbə, eşqdə qığılcım bəyənməkdir, alovsa sevmək. Bu girişin sonra bəyan edəcəyim mətləbə çox dəxli var.
    “İşsız adam” filmi barədə danışacağam. Bu filmin adını dilimizə çevirəndə “Kimsəsiz adam”, yaxud “Tənha adam” adlandırmaq olar. Son illlər Türkiyədə çəkilən “Yumurta” (sükutun, sakitliyin semantikası ilə seçilir bir film), “Son cəllad” (qatı psixoloji ünsürlər, həbsxana həyatı ustalıqla verilib), “Viziontele” (tragikomediya kanonları ilə taleləri açıqlayır), “Günəşi gördüm” (sosioloji prizmada cinsi azlıqların problemlərini faş edir), “Dinle neyden” (mövləvilərin həyat və məsləkini bəyan edir), “Başqa səmtin uşaqları” (bütün cəmiyyətdən təcrid olunmuş insanların faciəvi həyatı haqqında) filmləri sənət əsəri kimi ən azından maraqlı və düşündürücü, ən çoxundan isə qlobal aləmə Türkiyə insanının yaşam tərzini, psixologiyasını, kino mədəniyyətini nümayiş etdirir. Qayıdaq mətləbə, yəni “Kimsəsiz adam” filminə. Baş rollar da Cemal Hünal (Ayper) və Melis Birkan (Ada) oynayır, filmin rejissoru isə Çağan İrmaqdır. Son bir-iki ildə Türkiyədə və eləcə də başqa ölkələrdə səs-küy doğuran bu sənət əsəri çox satılan türk filmlərindəndir.
   Ayper başqa qadınlarla intim münasibətdən həzz alan, xanımlara yalnız bu fikirlə yanaşan, gecələri əyyaşlıqla keçirən, gündüzləri restoranında işləyən bir adamdır. Ailəsindən uzaqda, İstanbulda uzun illərdir ki, tək yaşayır. Bütün sevgilər onun gözündə mənasızlaşıb, çünki o yalnız özündən qayğı görür. O yalnız özünü, tənhalığını sevir, bu həyat onun üçün çox doğmadır. Qadınlar onun üçün sadəcə on dəqiqəlikdir. Hətta anası ilə belə telefonla danışarkən darıxır. O özünə öyrənib, sanki özü-özünə güzgü tutub və ancaq özünü sevir. Və bir gün çərxi-fələk işini tərs gətirir. Ada xanımla kitab mağazasında tanış olurlar. Ada da Ayper kimi tək yaşayır, paltar tikərək satır, başını uşaq geyimlərilə qatır, uşaqların sevinci ona da yetir. Kitab mağazasından da yəni başqasının oxuyub təkrarən dükan satdığı kitablardan birini almaq istəyir, çünki o kitabları başqa insanlar oxuyub, bəzilərinin əlinin izi, başının tükü, telefon nömrəsi, qeydləri orda qalıb. Bir sözlə, o da tənhalığını doldurmağa çalışır. İlk eşq qığılcımı həmin mağazada alovlanır. Ayper qıza evli olub sonradan ayrıldığını deyərək ondan mərhəmət umur, Ada da hər şeyi anlayır. Aypər ilk dəfə qız sevir, amma daxilində anlaşılmaz tərəddüdlər baş qaldırır. Çünki o, bu sevgi ilə illərdir ki, müqəddəs saydığı TƏNHALIĞIna xəyanət edir. Onun özü ilə tənhalığının arasına mücərrəd bir varlıq olan eşq və maddi bir varlıq olan xanım girir. Nəticədə o da adi insanlar kimi yaşamalı olur, qayğıları artır. Sonra anası şəhərə gəlir və filmdəki ən maraqlı situasiya baş verir. O, anası və qadını ilə toya gedir, ancaq tez də qayıdır. Təkliyi sevdiyindən cəmiyyət işlərinə qoşula bilməz, o təkliyi sevir. Və kiminləsə münasibət quranda isə bu təkliyə xəyanət etmiş olur. Anasını yenidən doğma şəhərinə yola salan kimi Adanı da qovur. Nəticə də istədiyinə çatır - tək qalır. Bütün daxili faciələr bundan sonra başlayır. Nə Adanın yanına qayıda bilir, nə də öz tənhalığına. Artıq onun düşündürən adam -ADA var. Nəticədə o tənhalığına və sevdiyinə xəyanət etmiş olur.
   Filmdə ifa olunan mahnılar da tənha insanların sevdiyi sakit ritmli mahnılardır. Polifonik musiqilərdən istifadə edilmir, çünki tək adam heç vaxt səs çoxluğunu istəmir. Çünki çox səs sakit adamların səsini boğur və səs kütləviləşməsi yaradır. İspan şairi Ximenesin məşhur bir fikri var: “Sükut bülbülün səsindən daha gözəldir”. Çünki bülbülün səsinə qoşula bilmirsən, amma sükutun səsinə qoşulursan. Çünki sükutu pozmaq səsi pozmaqdan daha asandır və sükut səndən asılı olaraq yaranır. Yəni istədiyin vaxt öz tənhalığının səsini (ürəyindəki səsi) poza bilirsən.
   Süfizm insanın Allaha qovuşması üçün dörd ruhani məqamdan keçməyi buyurur. Bu yolu düz gedən müridlər, dindarlar Allaha qovuşurlar. Deməli, insani münasibətlər də sonda İLAHİ SEVGİYƏ qovuşur. Mahiyyət nədir? Maddiyyatın puçluğu və ruhun Allahda təcəlla tapması. Çünki ruh Allahda əriyir, insan yaradanına qovuşur. Niyə daha çox Allahın göydə olduğuna inanırıq. Məncə, göylər, ənginliklər insana naməlumdur, eləcə də Allah. İnsan da Allahın göz qabağında, yanında olduğuna inanmır, ən azından inanır ki, Tanrı görünməz yerdədir. Ona görə güman edirlər ki, ruh da ucalaraq Tanrıya qovuşur. Sufi eşqdə hissetmənin mahiyyəti belədir ki, insan Allaha qoşuşur və birləşir - vahid olur. Bu sırf insanın İlahi eşqinə aiddir. Bəs insanın insana olan eşqində sufilik ola bilərmi? Necə? Filmin təxminən birinci saatında Ayper Adanın evində olur. Yataq münasibətində Ada insanın insana necə qovuşmasının məhəbbətlə olduğuna onu inandırır. Əlini onun əlinə keçirir və deyir:
   - Əlini əlimə keçir və heç bir şeyi hiss etmə, sanki özünlə sevişirsən.
   Bu yataq səhnəsi insanın insanda əriməsidir və sevginin Ayper kimi kobud adamı necə nəcibləşdirdiyini, kübarlaşdırdığını göstərir. Sufi eşqdə Allah görünməyən yerdədir ki, ona qovuşursan. Real dünyadakı eşqdə isə kişinin qadında tərəf-müqabillər bir-birində əriməlidir. Bu həm maddi, həm də mənəvi baxımdan əriməkdir. Əgər içindəki eşq böyükdürsə, sən qadına ruhən və mənən qovuşmalısan ki, eşqin Tanrı eşqi kimi böyük olsun. Bu mənəvi qovuşma vərdişkarə olduğumuz adi, mənasız erotik səhnə kimi qavranılmamalıdır.
   Filmin sonunda uzun illərin ayrılığından sonra onlar rastlaşırlar. Onlar həyatlarının normal keçdiyini, xoşbəxt olduqlarını deyirlər, əslində ikisi də bir-birini aldatdıqlarını bilirlər. Uzaq tanışlar kimi görüşən bu adamlar sonda qeyri-ixtiyari çevrilib qucaqlaşırlar. Sonra Ayper ayrılıb gedir. Ada oturan yerin qarşısından gah sağa, gah da sola gedir. Bu kadr kifayət qədər təsirlidir. Belə ki rejissor bəyan etmək istəyir ki, Ayperin daha getməyə yeri yoxdur. Artıq o ölüm və olum labirintin içindədir. Yəni, əslində məkan anlayışı tam önəmli sayılmamalıdır, çünki insanı yaşadığı məkandakı insanlar, hadisələr, arzular maraqlandırır. İnsanlar həmişə ümidlərinin dalınca gedirlər. Ayperinsə daha ümidi yoxdur, ona görə də gedəcəyi məkan yoxdur və nəticədə o ortalıqda qalmağa, girələnməyə məcburdur.
   
   Fərid Hüseyn







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar