Əksər kinoprodüserlər (özlərini prodüser sayanlar) iddia edir ki, kino prodüserlərin əlinə keçdikdən və peşəkarlar tərəfindən idarə olunduqdan sonra Azərbaycanda bu sahə inkisaf edəcək. Cümlənin məntiqinə fikir verək. Belə çıxır ki, kinonu prodüserlərin əlindən alıblar. Ya da əksinə, prodüserlər kinonu öz təsir dairələrinə keçirə bilmirlər. Üçüncüsü, Azərbaycanda kinoprodüserliyi bacaran şəxslər azdır, ya da sadəcə yoxdur (söhbət icraçı prodüserlərdən getmir). Birinci variant absurddur. Kim kinonu prodüserlərin əlindən ala bilər ki? Kino biznesi ilə məşğul olmaq istəyirsənsə, buyur, yolun açıqdır. 
   
    Belə görünür ki, Azərbaycanda hələ əsl prodüserlik məktəbi formalaşmayıb. Kinoprodüserlik məktəbi formalaşmış olsa, kino sahəsini də asanlıqla öz kurasiyasına keçirə bilərlər. Keçirə bilmirlərsə, ortaya yeni nəticə çıxır: kinoprodüserlər zəifdir və bu sahənin incəliklərinə tam olaraq yiyələnə bilməyiblər.
   Təəssüf ki, üçüncü versiya Azərbaycanda qalib çıxır: Azərbaycanda kinoprodüserliyi bacaran şəxslər azdır, ya da yox səviyyəsindədir.
   Gəlin məsələyə açıq və saf düşüncə ilə baxaq. Düz 5 ilə yaxın idi ki, dövlət filmləri istehsal etmək üçün prodüser mərkəzlərinə verirdi. Bəzi prodüserlər iddia edirlər ki, bu, yaxşı hal idi, amma mexanizm düzgün qurulmamışdı. Axı Azərbaycanda az-çox kinoprodüser ordusu və bu sahəni dərinliklərini bilən olsaydı, onlar bu yaxşı halı işlək mexanizmə çevirə, inkişaf elətdirə bilərdilər.
   Üçüncü versiya mütləq hakimdir, özü də düzəlişləri ilə: Azərbaycanda kinoprodüser sadəcə yoxdur. Daha dəqiq, sırf bu işlə məşğul olan yoxdur.
   Rasim Həsənov Azərbaycanda kinoprodüserlik sahəsinin bilicisi kimi qəbil olunur. Mən də bununla razıyam. Çünki onun mülahizələrində də bu hiss olunur. Amma söhbət prodüserlik institutunun Azərbaycanda yaradılmasından gedir. Vacib olan Azərbaycanda bu sahənin inkişaf etdirilməsidir. Yəqin ki, bu, mümkündür. Bir-iki prodüserlə iş bitmir. Sahənin inkişafı prodüserlərin yetişdirilməsindən keçir. Kurslar, treninqlər keçirmək, kinoprodüserlik, kinobiznes haqqında kitablar yazmaq gərəkdir. Daha nələr və nələr... Əgər Azərbaycanda güclü kinoprodüser ordusu (Azərbaycan üçün lazım olan qədər) olsa, onda dövlət (Mədəniyyət və Turizm Nazirliyi) özü də bu ordu ilə işləməkdə maraqlı olacaq. Birinci kinoprodüserlər yetişməli, baza yaranmalı və bundan sonra əgər dövlət bu işdə dəstək olmasa, yaxasını kənara çəksə, bu instansiyanı tənqid etmək olar.
   Zənnimcə, ilkin olaraq kinoprodüserlərin sayı Azərbaycanda çoxalmalıdır, bu çoxların təşkilatı formalaşmalıdır. Təşkilat isə layihələr, mexanizmlər tərtib etməlidir. Bu proyektlər özəl sektora və dövlətə təqdim edilməlidir. Görülübmü, bu işlər Azərbaycanda? Yoxsa MMC qeydiyyatdan keçirib prodakşn adını qazanmaqla, dövlətdən filmin 100% maliyyəsini alıb çəkməklə nə kinoprodüserlər yetişəcək, nə də kinobiznes işə düşəcək.
   Özlərini prodüser hesab edən və bütün bu subyektiv fikirlərlə razılaşmayanlar buyurub çıxış yolunu göstərsinlər. 
      
   P.S. Kinoşünas Ayaz Salayev də ANS telekanalının “100-cü baxış” proqramında belə dedi: “Azərbaycan filmlərini 100%-ni də elə tənqid edərəm ki, darmadağın olar”. Ortaya suallar çıxır. Bəs niyə etmirsən və bu vaxta qədər niyə etməmisən? Niyə Azərbaycanda bir nömrəli kinoşünas olduğunuz halda, bu sahə haqqında bir kitabınız belə yoxdur? Edərəm başqa, etmək başqa. Darmadağın etmək lazım deyil, sadəcə peşəkar tənqidi ortaya qoymaq lazımdır. Yazmaq, layihələr həyata keçirmək, çıxış yollarını göstərmək və yeni kinonəsli yetişdirmək lazımdır. Azərbaycan kinosuna peşəkar prodüserlər, saf kinotənqidçilər, səmimi ssenaristlər, professional rejissorlar və bir də kinoda əməyi böyük olan bacarıqlı texniki işçilər gərəkdir.
   
   İntiqam