Durmadan inkişaf edən kinonun bütün sahələrində çalışan insanlar, ona vurğunluqlarının sübutu kimi öz bacarıqları daxilində bu sənətin hər üzünü gözəlləşdirməyə çalışır, bu ecazkar sənətin parıltısından uzaq, işıqlı effektlərindən kənar bir köşədə sadiqliklə ona xidmət edirlər. Uşaqlıqdan bu sənətin vurğunu olan İsmayılov Mikayıl Mirzə oğlu da belələrindəndir. 1952-ci ildə dünyaya göz açan Mikayıl, orta təhsilini bitirdikdən sonra 1969-cu ildə Bakıdakı 12 saylı Texniki Peşə Məktəbinin kinomexanik bölməsinə daxil olub. 1970-ci ildə həmin məktəbin məzunu olmuş gənc kinomexanik, seçdiyi peşəsinə bu günə kimi sadiq qalıb. Bakının “Azərbaycan”, “Vətən” kinoteatrlarında, “Kinoprokat”da, “Kombinat ekran” istehsalat birliyində kinomexanik vəzifəsində çalışan Mikayıl, peşəkar kinoproyektorların təmirçisi və kinomontajçı olması ilə yanaşı, səmimi insan kimi də kollektivin hörmətini qazanıb.
O, 2002-ci ildən etibarən Azərbaycan Dövlət Film Fondunda çalışır. Mikayıl həmçinin fondun muzeyinə bağışlanan, Azərbaycan kinosunda istifadə olunmuş rekvizit və maketləri bərpa edərək onlara yeni həyat bəxş edir. Bunlardan “İşarəni dənizdən gözlə” filmi üçün düzəldilmiş gəmi maketi, bir çox filmlərdə istifadə olunmuş qrammofon, “AXOGRAPH” səsyazma aparatı və s. əşyalar kinonun əyani vəsaiti kimi muzeyə gələnlərin təəccüb və sevincinə səbəb olur. Bir sözlə, Mikayıl yalnız kinonun texniki təchizatını təmin etməklə kifayətlənmir, eyni zamanda filmlərin çəkiliş səhnələrinin şahidi olmuş əşyaları yenidən sevdirməyə, diqqət kəsilmiş nəzərlər altında həmin filmləri bir daha xatırlatmağa səbəb olur. Belə kinosevərlərin kollektiv əməyi və məhəbbətinin məhsulu olaraq kino varlığını qorumaqdadır.