Saatsaz Geto saat hazırlayır. Oğlu hərbi xidmətə gedərkən, qadınıyla birgə övladlarını yola salırlar. Bir müddət sonra məktub gəlir. Zərf açmağın nə qədər asan iş olduğunu, yəqin, bilirsiniz. Amma bəzən sözlər səslənmir: ÖLÜB. Kor saatsaz hazırladığı saatın təqdimatını keçirir. Və yerdən kübar bir ədəbsiz qışqırır:
   

   - Saat tərsinə işləyir.
   Saatsaz dişlərinin arasından bu sözləri çıxarır:
   - Saatı qəsdən belə düzəltdim ki, bəlkə, zaman geri gələr və ölən oğullarımız qayıdar.
   Bundan sonra saatsazı heç kəs görmür, ölümdən özgə. Birinci Dünya müharibəsi qurtarır, ölməyənlər qayıdır, ölənlərsə yox.
   Saat işləyir, keçmiş geri qayıtmır, indi isə öz yerində qalmır.
   Müharibənin bitməsi ilə bağlı çöldə şənlik keçirilir, evdəsə bir qadın doğuş sancısı keçirir. Və müharibənin simvolu Benjamin doğulur. Həm də nə az, nə çox, səksən beş yaşında. Əlbəttə ki, müharibənin ən gözəl uşağı ən azından bu qədər əcaib olmalıdır. Benjamin dünyayla salamlaşır, anası isə əlvida deyir.
    Getonun saatını çoxları lazımsız sayır, çünki heç kəsin qolundakı saatla düz gəlmir. Atası səksən beş yaşlı körpəni qocalar evinə aparır. Qapının ağzına körpəsini tullayaraq canını qurtarır.
   Şəhərdə saat tərsinə işləməyə davam edir.
   Benjamin stolda rahat oturur, yeriməyə başlayır, piano çalmağı öyrənir. Hamı onun beş yaşında olduğunu düşünəndə Benjaminin 80 yaşı olur. Üzü qırış-qırış olan bu “qoca uşaq” gün keçdikcə cavanlaşır.
   Müharibə bitib. General Linzo həyətindəki Amerika bayrağını qaldırır. Maraqlı bir veteran vərdişidir.
    Yorulan hər şey dayanır, bircə saatdan başqa, o tərsinə dövr etdikcə Benjamin cavanlaşır.
   Benjamin yaşa dolduqca həyatla daha yaxından tanış olur.
   Tənhalığı: onu böyüdən analığı gecə Benjamini başqa otağa keçirib, əriylə rahat yatmasından sonra tanıyır.
   ÖLÜMÜ: qocalar evində dünyasını dəyişən yaşlıların bu sonuncu jestlərindən başa düşür. Ölüm hamının gördüyü sonuncu işdir.
   Dünyanın faniliyini qocalar evində ölənlərlə, yaşlanıb bura gələnlərdən başa düşür.
   Qocalar evindəki nənəsini yoxlamağa gələn Deyzini sevir. Və beləliklə, sevgini də tanıyır.
   Hər dəfə cavanlaşan Benjamin gəmiyə işə girir. Bir yolluq evdən ayrılır və müstəqil həyatı tanıyır. İstirahət günlərində “Qış sarayı” adlı hoteldə qalır. Elizabetlə - əri ilə xoşbəxt olmayan qadınla münasibət qurur, hər gecə kürü yeyə-yeyə şərab içirlər. Fransız ətri və şərabı üçün yaşamağa dəyər.
    Bu sevgi də uzun çəkmir, müharibə, yapon bombardmanları başlayır. Elizabet də şəhəri tərk edir. Xoş gecələrdən sonra Benjaminə belə bir qeyd yazıb qoyur: “Səni tanımaq gözəl idi”. Beləliklə, Benjamin ayrılığı da tanıyır.
   Müharibə vaxtı kapitan və dostları əzrayilin istədiyini verirlər. Beləliklə Benjamin dost ölümünü də görür. Evdən ayrıldığı müddətdə uşaq vaxtı oynadığı Deyziyə davamiyyətli olaraq məktub yazır. Deyzi isə bu qocanın onu sevməyinə inanmazdı. Benjamin yaşa dolduqca dərisinin qırışları azalır, saçının ağları qaralmağa başlayır. Normal insan olan Deyzi ətə-əndama dolur və az vaxtda şəhərin ən gənc və tanınmış balerinası olur.
   Müharibə qurtarır...
   Bir az da gənc Benjamin doğulduğu şəhərə qayıdır. Atasını görür. Atası ona həyatında bilmədiyi əhvalatları danışır. Benjamin atasını tanıyır. Bir müddət sonra atası ölür. Gec tapılan tez itər.
   Saat tərsinə fırlanır. Bütün insanlar narahatdırlar, qocalıb öləcəklərini görə.
   Benjamin də narahatdır, cavanlaşa-cavanlaşa uşaqlaşacağına görə.
   Benjamin yenə Deyzi ilə münasibət qurur, qəhrəman kiçildikcə eşqi böyüyür. Nəticədə bu eşqin bəhrəsindən bir qız uşağı doğulur.
   Benjaminin narahatlığı artır. Düşünür ki, Deyzi bir neçə ildən sonra kiçikləşərək uşaqlaşan özünə və qızlarına baxmalı olacaq. Deyziyə əziyyət vermək istəmədiyinə görə ayrılıb gedir.
   Filmin sonunda qaldığı yerdə sevgilisinə uşağı kimi baxan Deyzinin qucağında körpə olan Benjamin ölür.
   Getonun saatı artıq şəhərdən çıxarılır və suya qərq olmuş köhnə zirzəmidə işləyir və yenə də tərsinə.
   “Oskar” mükafatı almış bu film Amerka kinematoqrafiyasının dünyaya ünvanladığı daha bir sənət nümunəsidir. Bred Pittin baş rolda oynadığı və böyük kadr potensialı olan filmin rejisoru məşhur Devid Finçerdir. Film dahi yazıçı, orijinal üslub sahibi Frensis Skott Fitsçeraldın əsəri əsasında çəkilib. XX əsrin əvvəllərinin yaşam gündəliyi, əşyaları, təfəkkürü, eşqi insanın gözünün önündə tam mənada açılır. Klassisizmin modernlə sintezindən yaranan film, ağır Qərb fəlsəfəsi üstündə qurulub.
   1) Benjamin niyə yaşlı doğuldu?
   2) Hamının iyrənərək baxdığı bu qoca görkəmli uşaq niyə ölmədi?
   3) Benjaminin cavanlaşaraq ölməyi hansı mənanı kəsb edir?
   4) Bəs Benjaminin qızı nə üçün qoca doğulmadı?
   5) Getonun hazırladığı saatın ideoloji mənası cəmiyyətdə niyə özünü doğrultmadı?
   Birinci sualı belə şərh etmək olar ki, Benjamin müharibənin bitdiyi gün doğulmuşdu, müharibənin acı nəticəsinin insani simvoludur.
   İkinci: Allah dünyada heç bir şeyi lazım olmasa yaratmaz. Amma binəva insanlar nələrisə özlərinə lazımsız saya bilərlər. Benjaminin niyə elə doğulduğunu anlamayan cəmiyyətlər(atası) tez-tez müharibələrlə üzləşəcəklər.
   Üçüncü: Benjamin əslində dünyanın simvoludur. Necə ki, illər keçdikcə dünyanın sonu çatır, eləcə də filmin qəhrəmanı yaşlaşdıqca kiçilir. Necə ki, dünyanın getdikcə sonu çatır. İnsanlar Benjaminə baxaraq dünyanı dərk etməli idilər. Amma təəssüf ki, təəssüf...
   Dördüncü: Benjaminin qızı ona görə atası kimi doğulmadı ki, artıq cəmiyyət heç bir ibrət almadı. Hər şeyi adi qarşılayan və Təkamül nəzəriyyəsi ilə əlaqələndirən insanlar, əslində Yaradanın gizli şifrələrini şərh etməkdə acizdirlər. Nəticədə adi şeyləri anlamayan insanlar məhz elə adiliklərdən ötrü də böyük savaşlara atılırlar.
   Beşinci: Geto da zamanı qabaqlayan adamlardan biri idi və o heç gözləmirdi ki, Benjamin adlı biri doğulacaq və hazırladığı saat bircə onun zamanını göstərəcək. Yenə də heç bir şey atılmalı deyil. Belə ki, Getonun saatını hamı lazımsız sayır, amma o saat Benjaminin ömrüdür. Benjamin öləndən sonra da, hətta sulara qərq olmuş zirzəmidə də işləyir. Çünki o dünyanın saatı, bəşəriyyətin mövcudluq aktıdır.
   
   Fərid HÜSEYN







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar