“Yaxın uzaq adam”da bu dəfə də oxucularımıza kinomuzda yaddaqalan obrazlar yaradan simalardan birini təqdim edəcəyik... “Nəsimi” filmindən 37, «Tütək səsi»ndən isə 35 il keçib. Müsahibə zamanı Fatimə və Millinin həmin gənclik təravətini bu xanımın təbəssümündə, baxışlarında görmək mümkündür. Hə, düz tapmısınız, müsahibimiz Xalidə Quliyevadır.
   
   - Bütün kinojanrlara münasibətim eynidir. Məncə, aktyor üçün janr problem olmamalıdır. Bizdə amplua məsələsi var, rejissor aktyoru həmin ampluaya salır və sonra aktyora o çərçivədən çıxmaq çətin olur. Həmişə dramatik rolları ifa etmişəm. Lakin bununla yanaşı çalışmışam oynadığım obraza yumor da qatım ki, bir az maraqlı və canlı olsun, ümumiyyətlə yumoru çox sevirəm. Qismət olsa, sırf komediya janrında da oynayaram. Mən komediyada olan qurdumu 4 il işlədiyim dublyajda öldürmüşəm. Hətta bəzən heç kim inanmırdı ki, bu rolları mən səsləndirirəm.
   - İfa etdiyiniz qadın rollarını ümumi bir nöqtədə birləşdirsək, onları necə xarakterizə edərsiz?
   - Mənim “Tütək səsi”, “Nəsimi”, “Dədə palıdın nağılı”, “Xoşbəxtlik qayğıları” və başqa filmlərdə oynadığım obrazlar qəhrəmanlığa iddialı xarakterlərdi. Məsələn, “Tütək səsi” filmində Milli müharibə dövründə öz balaca çiyinlərində bütün kəndə məktub paylamaq yükünü daşıyır. Ölüm xəbəri məktublarını gizlədir, insanlara ümid verir, mübarizə ruhunu yaşadır. Mənə belə gəlir ki, bu bir qəhrəmanlıq cəhdidir. Əgər mən rejissor olsaydım və o film yenidən çəkilsəydi Milli obrazını kinonun qəhrəmanı kimi verərdim. Çünki özü ölüm xəbərlərinə belə inanmır. Ölüm burda təkcə ölüm mənasında yox, məğlubiyyət mənasını daşıyır. Eləcə də Fatimə obrazı fəlsəfi cərəyanın banisi Nəiminin qızıdır. Nəsimiyə onun əqidəsinə, amalına, fərqliliyinə görə aşiq olub. Bunlar hamısı bir-birilə əlaqəlidir, obrazların hamısı yüklüdür. O cümlədən də “Buludlar çətirimizdir” filmində Bənövşə obrazı da baş qəhrəmandır, o da öz sevgisi uğrunda mübarizə aparır və istədiyinə nail olur.
   - Qəhrəmanlarınızla xarakterinizdə uyğunluq var?
   - Mən heç vaxt obrazı oynamağa çalışmamışam. İstəmişəm özüm onlara yaxınlaşım, onları özümə yaxınlaşmağa qoymamışam. Elə rol olmayıb ki, mən o rolu sevməyim, o rol ilə razılaşmayım. Onları həmişə dəstəkləmişəm.
   - Son dövrdə hansı filmlərə dəvət almısınız?
   2007-ci ilin sonlarında 2 filmə çəkildim. İranlı rejissor Həsənağa Nəcəfinin “İtkin pay” filmi. Maraqlı cəhət ondan ibarətdir ki, filmdə azərbaycanlı aktyorlar çəkiliblər. Film azərbaycanlı ailəsi haqqındadır. Bu filmdə Gülzar Qurbanova, Kamran Yunis, Qurban Məsimov, Ötkəm İsgəndərov və digər aktyorlarımız çəkilib. “İtkin pay” İranda keçirilən “Fəcr” festivalında “Qızıl simurq” mükafatına layiq olan 23 filmin içində 9-cu yerdə təqdim olunmuşdur. Düzdü mükafat almadı, amma təqdimatda iştirakı özlüyündə böyük iş idi. İranın bir çox şəhərlərində film nümayiş olundu və 6 dövlətə satıldı. İranlıların bir üstün cəhəti də ondan ibarətdir ki, onlar öz filmlərini yaşadırlar. Filmi çəkib təbliğ edirlər. Bu, film üçün çox vacib prosesdi. Bu filmdən sonra Çingiz Rəsulzadənin “Kuklalar” filmində qəhrəmanın anasını oynadım. Bu yaxınlarda yenidən Həsənağa Nəcəfinin “Səkkizinci göy” adlı filminə dəvət almışam. Aprel ayında başlayacaq filmdə baş rol- ana obrazını oynayacağam. Rol mənim üçün yazılıb, rolun özü də Xalidə adlanır. Film İranda çəkiləcək. Elxan Cəfərovun “Bəşəriyyətin xilası” filminə də dəvət olunmuşam. Orada professorun yoldaşını oynayacağam. Rolumun adı yenə Xalidədir.
   - Siz aktrisa, yoldaşınız ssenarist, oğlunuz da gələcəyin rejissoru. Nə vaxtsa ailənin birgə əməyi kimi film çəkməyi düşünürsünüz?
   - Ola bilər. Bunu zaman göstərər. Çalışacağıq ki, belə bir arzunu da həyata keçirək.
   - Eldəniz Quliyevin yazdığı ssenariləri bəyənirsiniz?
   - Əlbəttə, çox bəyənirəm. Çünki o Tarkovskinin məktəbini keçib, peşəkardı. Bəlkə Azərbaycanda barmaqla sayılacaq peşəkar ssenaristlərdən biridir. Hazırda yeni kitabının təqdimatını hazırlayır.
   - Onunla tanışlığınız necə olub?
   - Çox qədim bir zamanda, (gülür) keçən əsrdə olub, 1969-dan tanışlığımız başladı. Lütfi Məmmədbəyovun rəhbərlik etdiyi dram dərnəyində tanış olduq. Sonra birgə tamaşada oynadıq, Qarsia Lorkanın pyesində o bəyi, mən gəlin rolunu ifa edirdim və bundan sonra münasibətlərimiz daha da ciddiləşdi. Bir qızım, bir oğlum var. Qızım ingilis dili müəlliməsidi. Artıq 2-ci sinfə gedən Ülvi adlı nəvəm də var. Oğlum kino məktəbinin rejissorluğunu bu il bitirəcək.
   - Bu gün yalanların baş alıb getdiyi zamanda kino nə dərəcədə əhəmiyyət kəsb edir? Sizcə, kino duyğuları, hissləri məhv olmuş insanlara təsir edə bilərmi?
   - Kino kütləvi sənətdi, çox böyük təsir və təbliğ xarakteri daşıyır. Hətta Lenin də kinonun incənətdə ən vacib mövqedə olduğunu demişdi. Kino indi nəyi təbliğ edir? Kinonun yaranma ehtiyacı nədən olub? Kino ilk günündə insanlara yaxşı və pisin nə olduğunu göstərmək, mənəvi əxlaqi dəyərlərin daşıyıcısı olduğu üçün yaranmışdı, dünənki kino bu meyarları daşıyırdı. Amma bu gün kino maddi maraqdan yaranır. İnsanı sevmək, məhəbbət, ədalət, ümumbəşəri dəyərlər... kino bu meyarları unudub.
   Səhv etmirəmsə, 1987-ci ildə bir gürcü filminə baxmışdım. Filmin təsirli final səhnəsi var, yaşlı bir qadın yol ilə gedir, bir nəfər də öz evinin pəncərəsindən baxır. Qadın ona yaxınlaşıb soruşur ki, bu yol məbədə aparır? Pəncərədən baxan adam deyir ki, xeyr, bu yol məbədə getmir. Qadın baxır və deyir ki, əgər bu yol məbədə getmirsə, onda bu yol nəyə lazımdır. Bu söz indi də mənə təsir edir. Mənə belə gəlir ki, bugünkü kino məbədə yönəlməlidir.
   - Sizcə, Azərbaycan kinosu əsl azərbaycanlı qadın obrazını yarada bilib?
   - Hələ ki yox. Ümumiyyətlə, bizim kinolarda qadın obrazları barmaqla sayılacaq qədər azdı. Sırf qadına həsr olunmuş filmlərimiz yoxdu. Belə bir filmin yaranmasına ümidim çox azdı. Kinomuz həm də bu cəhətdən axsayır. Əgər qadın mövzusuna müraciət edilməsə, kinomuzun inkişafını da gözləməyin. Fransız heykəltəraşı Roden həmişə qadın heykəlləri düzəldib. Ona deyəndə ki, niyə sırf qadın mövzusuna müraciət edirsən, başqa mövzu yoxdu? O da cavabında deyib ki, mən bundan vacib mövzu bilmirəm. İran kinosunda da qadın mövzusuna geniş yer verilib. Çünki qadın insan sözünə yaxın, daha emosional, romantik, sentimentaldı. Dünyaya övlad gətirir, yaradıcıdır. Qadın Tanrıya iddialı biridir. Kişi beyin, qadınsa ürəkdi.
   - Qadın azadlığını nədə görürsünüz?
   Onun ailədə sözünü deyə bilməsi azadlığıdır. Ümumiyyətlə, insan sözünü deyə bilirsə, deməli, o azaddır.Hər şeydə çərçivə, dərəcə yaxşıdı. Qadının hərəkətində, sözündə harmoniya olmalıdır.
   - Tanınmış adamın yanında olmaq və ya tanınmış adam olmaq...hansı daha yaxşıdı?
   - (Fikirləşir) Bayaq qeyd etdiyim bərabərliyə qayıdacağam. Sənətiylə sözünü deyə bilən adam çox xoşbəxtdi və yanında da elə bir adam olanda bu birə beş xoşbəxtlikdi, buna yalnız sevinmək olar.
   - Bu vaxta qədər Azərbaycan kinolarında rollar ifa etməklə yanaşı, İran kinosunda da bir çox filmlərdə çəkilmisiniz. Özünüzü daha çox iranlı, yoxsa milli aktrisa kimi hesab edirsiz?
   - Əlbəttə, özümü Azərbaycan Respublikasının kino aktrisası hesab edirəm. Çünki bu, birbaşa mənim peşəmlə bağlıdır. İncəsənət Universitetində oxuduğum fakültəmin adı kinoaktyorluq fakültəsi idi. Kurs rəhbərimiz görkəmli sənətkarımız Adil İsgəndərov, müəlliməm isə istedadlı aktrisa Elmira Şabanova idi. Bu iki insanın məktəbini keçmişəm.
   - İran kinosunda işləmiş təcrübəli aktrisa kimi necə düşünürsünüz, azərbaycanlı aktyorlarla iranlı aktyorların iş fərqi nədədir?
   - Fərq çox böyükdür. Bu sualın cavabı olaraq yenə qayıdıram instituta daxil olduğum ilə. 70-ci illərdə mən kinoya dəvət aldım, oxumaqla yanaşı mütəmadi çəkilişlərdə də iştirak edirdim. Peşəmə yiyələnməyimin əsas səbəbi praktika olub. Nəzəriyyə və praktika. İkisi də vacibdir, amma praktika daha böyük məktəbdir. Bu məktəbi lazımi qədər keçdim. Bu sarıdan iranlı aktyorların bəxti gətirib. Çünki onlarda bir ildə qısametrajlı, sənədli, animasiya filmlərini nəzərə almasaq, 150 bədii film çəkilir. Müxtəlif festivallar, müsabiqələr keçirilir. İranda kino industriyası o qədər inkişaf edib ki, istər-istəməz kino ilə məşğul olan hər kəs işlədikcə bu sənətdə püxtələşir.
   - Mətbəx və çəkiliş meydançası...hansı sizə daha yaxındı?
   - Əlbəttə, çəkiliş meydançası... (gülür) Mətbəxdən bezmişəm eee... İndi evdə bir fırıldaq işlədirəm, elə xörək bişirirəm ki, 2-3 gün yemək olsun. Bilirsiz, stimul olanda heç evdə iş görmək də gözə görünmür. Məsələn, evdə yeməyi bişirirəm və fikirləşirəm ki, hər bir saatdan sonra məni çəkiliş meydançası, müsahibə, premyera və s. gözləyir. Onda o iş də gözümə görünmür. Düzdü evdə deyirlər ki, bişirdiyin yeməklərə ürəyini qoymursan. Mən ürəyimi bir yerə qoya bilərəm, o da sənətimdi.
   
   Söhbətləşdi: Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar