Kann festivalının baş mükafatını qazanan ilk qadın rejissor
   
   O, 1954-cü ilin aprelində Vellinqtonda aktyor ailəsində doğulub. Ceyn Kempion, demək olar ki, ailəsi haqqında heç nə danışmır. Çünki onun ən tanınmış tammetrajlı filmləri anasına və kiçik bacısına həsr olunub. Uşaqlığında gələcək rejissoru nə teatr, nə də kino maraqlandırıb. Ağ-qara filmlər isə onun heç xoşuna gəlmirdi. Baxmayaraq ki, Ceyn Kempion Avstraliyada Kino və Televiziya İnstitutunda oxuyarkən, məhz ağ-qara filmlərlə öz yaradıcılığına başlamışdı. 
   
    Onun 1982-ci ildə çəkdiyi «Qabıq» Beynəlxalq Kann festivalında ən yaxşı tələbə filmi kimi priz qazanmışdı. 11 ildən sonra isə çəkdiyi «Fortepiano» filminə görə Ceyn Kempion ilk və hələ ki, yeganə qadın rejissor kimi «Qızıl palma budağı»na layiq görüləcəkdi. Hələ onun ilk filmləri olan «Onun qızlıq hekayəsi» (1983), «Ehtirassız anlar» və «İşdən sonra » (1984) kimi kinolentlərində, 1986-cı ildə çəkdiyi «İki rəfiqə» televiziya filmində yeni rejissorun qeyri-adi dəst-xətti dərhal aşkara çıxdı. Ceyn Kempionun qəhrəmanları, adətən, qadınlardır, kişilərsə onun filmlərində ancaq antiqəhrəmanlar, yaxud da yaxşı-pis adlandıra bilməyəcəyimiz anlaşılmaz və yad varlıqlar kimi göstərilir. Amma bu kişilər həm də özlərinə qarşı tamaşaçıda inamsızlıq doğururlar. Onun qadın personajları isə analar və qızları olmaqla iki hissəyə ayrılırlar. Həm də bu analar və qızlar onları bir-birindən ayıran şübhələri heç cürə bölüşə bilmirlər.
   Ceyn Kempion öz məşhur «Fortepiano»sunu hələ kino məktəbini bitirərkən düşünmüşdü. Bu yüksək səviyyəli kommersiya filmi olmalı idi. Axı, süjet məhəbbət hekayəsi üzərində qurulmuşdu (bunu sonralar filmin bütün dünyadakı prokat uğuru da sübut etdi). Amma ssenari yarıya qədər yazılandan sonra (film məhz ssenariyə görə «Oskar» alıb) Ceyn Kempion qərara gəldi ki, bu filmi həyata keçirmək üçün daha çox yetişmək lazımdır. Elə buna görə də onun kinoda ilk tammetrajlı filmi «Gözəl qız» (1989) oldu. Filmin baş qəhrəmanı - Ceyn Kempionun uşaqlıqdan istedadlı olmuş bacılarından biri idi, hansı ki, böyüdükcə qız bir az özündə deyildi. Ceyn Kempionun bu hekayətində nə günahkarlar, nə də günahsızlar yoxdur. Amma dramda baş verən nə varsa bilavasitə onun öz ailəsi ilə bağlıdır. «Gözəl qız» filmi tragik sonluqla bitən qara komediyanı xatırladır. Baxmayaraq ki, eyni zamanda bu çox rəngarəng komediyadır. Cürbəcür rənglərlə doldurulan film sonluq haqqında heç bir pis fikri tamaşaçıya yaxın buraxmır. Əslində isə bu rənglər qəhrəmanların ruhunda əriyərək, ancaq yuxularda peyda olur. Qəhrəmanın yuxuları dəhşətlidir. Elə buna görə də bu yuxular ağ-qaradır.
   Rejissorun «Mələk süfrəmin arxasında» (1990) filmi Yeni Zellandiya yazıçısı Canet Freymin bioqrafiyasından bəhs edir, hansı ki, onu da Ceyn Kempionun dünyasına aid olmayan insanlardan saymaq olar. Amma qəhrəmanın dünyası özgə bir dünyadır. Hamıda olduğu kimi deyil, ola bilər, bir qədər dəyişdirilmiş, hətta arzu, yaxud yuxugörmə şəklinə salınmışdı. Axı yuxular Ceynin filmlərində olduğu kimi, yaxşı və pis olurlar. Onun çəkdiyi kadrlar yaxşı yuxudan pis yuxuya çevrilərək, Freydin təhtəlşüuruna bənzəyən nəyisə özündə gizləyir.
   Və nəhayət, «Fortepiano» filminə növbə çatdı. Bu hekayə lal (daha doğrusu, çoxdan susmuş birisi) və yenicə ərə getmiş qadınla qeyri-adi bir musiqi həvəskarının arasındakı qadağan olunmuş məhəbbətdən bəhs edir. Hansı ki, bu məhəbbət eyni zamanda həm musiqiyə, həm də köhnəlmiş fortepianodan bu səsləri çıxaran qadına qarşı yönəlib. Göy tondakı (kədərin rəngi) bu melodram da yuxulara çox bənzəyir. Və hadisələr XIX əsrdə cərəyan edir. Avstraliya və Fransanın birgə istehsalı olan 121 dəqiqəlik bu estetik tarixi melodramda hələ 6 yaşından susan şotlandiyalı Ada hədsiz ehtirasla musiqini sevir. O, məktublaşmaqla ərə gedir, 9 yaşlı qızı Flora ilə (onun atası barədə yalnız qızın uydurduğu əfsanələr məlumdur) öz köhnə fortepianosunu götürüb uzaq Yeni Zellandiayaya köçür.
   «Fortepiano» Kannda əsas mükafatı Fransada ən yaxşı xarici filmə görə Sezar mükafatını qazanmış Çin filmi «Əlvida, mənim məşuqəm» kinolenti ilə bölüşürdü. Ada kimi çox çətin bir rolun öhdəsindən ancaq baxışların və jestlərin köməyi ilə gələn amerikalı aktrisa Holli Hanter Kannda mükafat aldı. Həmçinin o, bu rola görə Amerikada «Qızıl qlobus» və «Oskar» mükafatlarına da layiq görüldü. «Oskar» gözlənilmədən Adanın qızı obrazını yaratmış 11 yaşlı Anna Pekuinə də qismət oldu. Ceyn Kempion özü də orijinal ssenariyə görə «Oskar»a layiq görüldü.
   Avropalı tənqidçilər məhəbbət üçlüyü situasiyasında romantik - qotik və sürrealist - freydist köklər axtarmağa meyilli idilər və fortepianonu erotik bir obyekt kimi şərh edirdilər. Maraqlıdır ki, tənqidçilərdən heç biri “Fortepiano”nun final kadrlarının birində Luis Buniyelin «Andalus köpəyi» filmindən götürülmüş orijinal sitata diqqət yetirməmişlər. Ada hərfi mənada musiqi alətinə öz məcmusu kimi bağlanır və bu onun üçün böyük əxlaq qaydalarını, mədəni sivilizasiyanı təmsil edir.
   «Fortepiano» yalnız öz təbiiliyinə və qəhrəmanların hisslərini qeyri-adi üzə çıxarmasına görə məftun edə bilməzdi. Süjet quruluşunda bəzi səhvlər və müəmmalı final bir çoxlarını məhəbbət üçbucağındakı konfliktin həllində şübhəyə salır. 1996-cı ildə isə artıq Hollivud ona sifarişlər verməyə başladı.
   
   Aylin







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar