Bolşevik ideologiyasının əsarətinə düşən Azərbaycan, öz adət-ənənələrini “itirmək” məcburiyyətindəydi
   
   Qədim el bayramı Novruz, tarix boyu qadağalara və təqiblərə məruz qalsa da, öz təravətini qoruyub saxlayır. Bütün növ audiovizual sənətlər Novruza əbədi mövzu kimi tez-tez muraciət edir. 112 illik Azərbaycan kino tarixində Novruz bayramı ilə bağlı müxtəlif epizodlara rast gəlsək də, milli bayramımızı hələ də lazımi səviyədə lentə köçürə bilməmişik. 
   
   İdeologiyanın qorxduğu bayram
   
   Bolşevik ideologiyasının Azərbaycanın qədim bayramına olan münasibəti çox müzakirə olunur. 1920-ci ildə imperiya əsarətinə düşən Azərbaycan, öz adət-ənənələrini “itirmək” məcburiyyətindəydi. Uzun müddət Novruz bayramının keçirilməsinə qadağa qoyulması ideoloji tələb idi. Doğrudur, milli kinematoqrafiyamızda ənənələrimizlə bağlı yetərincə material yoxdur və dediyimiz kimi bunu kommunizmlə əlaqələndiririk. Amma bəzi filmlərimizdə bu bayram haqqında müəyyən məlumat əldə etmək olar.
   Məsələn, İsmayıl Şıxlının ssenari müəllifi olduğu, rejissor Hüseyn Seyidzadənin «Dəli kür» bədii filmində Novruz bayramı ilə bağlı kadrlar var və bu da əsərin bayramla birbaşa əlaqəli olmasından irəli gəlir. Filmdə cavanların müəllimlərinə bayram payı gətirməsi, rus müəllimlə yumurta döyüşdürmə, kənd uşaqlarının «Dirədöymə» oynamaları, bacadan şal atmaları və s. bu qədim bayramın rituallarla təsviridir. Təəssüf ki, belə epizodlar başqa filmlərimizdə yoxdur. Yeri gəlmişkən, rejissor Tofiq Tağızadənin çəkdiyi «Yeddi oğul istərəm» (ssenari müəllifi Yusif Səmədoğlu) filmində də Novruzla bağlı epizod var. Kosa və keçəlin oyun nümayiş etdirməsi, yeddi oğuldan birinin əlində səməni gəlməsi, camaatın bayrama hazırlaşması və s. burada öz əksini tapıb. Çox çalışsaq da, Novruz bayramıyla bağlı epizodları ilə diqqətimizi çəkən başqa bir filmimizi yada sala bilməyəcəyik. Beləliklə, sovet Azərbaycanının kinematoqrafiyası milli bayramımızı lazımi səviyyədə tamaşaçıya çatdıra bilmədi. Üstəlik hansısa bədii filmimiz tam olaraq Novruz bayramı ilə bağlı deyil.
   Hazırda Novruz bayramının beynəlxalq miqyasda qeyd edilməsi mövzunun bədii filmə gətirilməsini tələb edir.
   
   Sənədli filmlərimizdəki Novruzsuzluq
   
   Maraqlıdır ki, uzun tarixi bir yol keçmiş Azərbaycan sənədli kinosunda 2000-ci ilə kimi Novruz bayramından bəhs edən sanballı bir film gözə dəymir. Kinoşünas Aydın Kazımzadənin hazırladığı «Azərbaycan filmlərinin izahlı kataloqu»nu vərəqləyəndə bu faktla qarşılaşırıq. Heyvandarlıq, quşçuluq, bitkiçilik, kolxoz və başqa təsərrüfat mövzularına aid onlarla sənədli, elmi-kütləvi film çəkildiyi halda, sözügedən kitabda Novruz bayramına aid bir filmin adına rast gəlinmir. 2000-ci ildən sonra isə müxtəlif TV kanallar və kino şirkətləri öz bazalarında Novruz bayramı ilə bağlı filmlər istehsal etdilər. Bu filmlərdə bayramın qədimliyi, türk xalqlarının əziz olması öz əksini tapır. Sənədli filmlərin bəzilərində bayram tarixi baxımdan araşdırılır.
   Şərq xalqlarının özünəməxsusluqlarından biri kimi Novruz, qərbli tamaşaçı üçün də maraqlıdır.
   Artıq Novruz bayramının sorağı dünyanın məşhur təşkilatlarından gəlir. Bayramın YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınması, BMT tərəfindən 21 martın Beynəlxalq Novruz Günü kimi təsdiq olunması mərasimin audiovizual həllinin yaranmasını zəruri edir. Düşünürük ki, milli bayramımızın dünyada tanınması tezliklə bu mövzuda filmlərin çəkilməsinə təkan olacaq. Artıq prodüserlərin bu haqda «qeydlər aparmasının» tam zamanıdır.
   
   F. Şamıyev






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar