Hitleri onlar öldürüb?!
   
   
   Kristof Valts (aktyor, rejissor, ssenarist) - 4 oktyabr 1956-cı ildə Vyanada doğulub. Nənəsilə babası aktyor, valideynləri teatrda quruluşçu rəssam olublar. Aktyorluq sənətini Vyanada Maks Raynhardtın seminarında və Nyu-Yorkda Li Strasberqin institutunda öyrənib. Uzun illər alman seriallarında çəkilib. «Şərəfsiz əclaflar» filmindəki roluna görə «Oskar» da daxil olmaqla 30-dan çox mükafata layiq görülüb. Bu yaxınlarda Mişel Qondrinin «Yaşıl eşşəkarısı» filmində çəkilib. İki dəfə evlənib, dörd uşaq atasıdı.
   
   
   Kventin Tarantinonun «Şərəfsiz əclaflar»ından ən yaxşısı, şübhəsiz ki, nəzakətli SS polkovniki Hans Landanın obrazını canlandırmış avstriyalı Kristof Valtsdı. Tarantino dəfələrlə deyib ki, Valtsın əzəməti, bir anın içində ingilis dilindən almancaya, sonra da fransızcaya keçmək kimi nadir bacarığı olmasaydı, bu film, ümumiyyətlə, çəkilməzdi.
   
   Bu yaxınlara qədər əsasən alman teleseriallarında gözə dəyən aktyor «Şərəfsiz əclaflar»da öz oyunu ilə populyarlığın zirvəsinə qalxdı, kino aləminin bütün mükafatlarını topladı - Kannda «Ən yaxşı kişi roluna görə» «Qızıl palma budağı»ndan tutmuş «Qızıl qlobusa» qədər. Sonda «Oskar»a da sahib oldu.
   Ard-arda üç mükafat qazanan Kristof Valtsın kino jurnallarından birinə müsahibəsindən maraqlı məqamları oxucularımızla bölüşmək istədik.
   - Hər şey kastinq üzrə agentin telefon zəngindən başladı. Hərdən Hollivud studiyalarının nümayəndələri alman aktyorlarına yalnız bir şeyə görə zəng eləyirlər: əks halda, Almaniya dövləti çəkilişlərə görə onlara subsidiya ayırmır. Odur ki, Hollivud nümayəndələrinin zəngi sadəcə «quş qoymaq» xarakteri daşıyır. Mən də elə bildim ki, bu, həmin zənglərdən biridi, onlara vaxt sərf eləmək belə istəmədim. Amma məni inandırdılar ki, məsələ ciddidi. Hətta ssenarini də göndərdilər. Ssenarini oxuyarkən elə düşünürdüm ki, mənə üç replikalıq rol verəcəklər, vəssalam. Sınaqlara getdim, ancaq yenə də içimdə şübhə vardı. Hər şey çox sürətlə baş verdi. Kventin qərar qəbulunda həddindən artıq müstəqildi. Onun prodüserləri o qədər ağıllıdırlar ki, buna imkan verirlər. «Şərəfsiz əclaflar» öz vaxtını səkkiz il gözləmişdi, amma filmi bir ayın içində istehsalata buraxdılar. Məni də çox gözlətmədilər. Bir neçə sınaqdan keçdim və üç gündən sonra təsdiqləndim.
   - Deyirlər ki, artist üçün pis adam rolunu oynamaqdan böyük sevinc yoxdur...
   - «Pis adam» hələ personajın özü demək deyil. O neyləyib ki, sən onu pis adam hesab eləyirsən? Əsas sual budur. Faşist - sadəcə uniforma deyil, axı... Çimərlikdəki daşın orta çəkisini öyrənmək üçün minlərlə daş toplamaq, onları çəkmək, bölmək və tələb olunan nəticəni almaq lazımdı. Ancaq çimərlikdə, məhz həmin ağırlıqda daşı tapmaq şansı nə qədərdi? Orta statistik faşist də mövcud deyil.
   Bu rolun içində illərlə üzmək mümkündü. Rola nə qədər çox daxil olursansa, o bir o qədər maraqlı alınır. Mən ümumi məxrəc axtarmağa çalışırdım. Axı, film beş fəsilə bölünüb və mənim personajım da eyni şəkildə fraqmentləşdirilib. Birinci və ikinci fəsil arasında dörd il keçir. Mənə bu zaman kəsiyini rolda təqdim etmək, dövrləri bir-birilə birləşdirmək maraqlı idi.
   - Film «tarixi yenidən yazmaq» cəhdi ilə çoxlarını narahat elədi. Bəlkə də bir neçə nəsildən sonra insanlar fikirləşəcəklər ki, Hitleri «şərəfsiz əclaflar» öldürüb. Bunun səbəbi Tarantinonun etirafıdır. Sözə görə məsuliyyət hiss eləmirsiniz?
   - Onsuz da müharibə haqqında bildiyimiz hər şeyi mənbələrdən götürmüşük. Biz müharibə barədə tarixdən öyrənmişik - şəxsi, ya da uydurma, fərqi yoxdu. Dərindən fikirləşəndə «Şərəfsiz əclaflar» da belə əhvalatlardan biridi. O, sanki müharibə dövründə yaşamış qohumlarımızdan eşitdiyimiz ağlasığmaz hekayətdi. Həmin hekayətlər kimi «Şərəfsiz əclaflar» da böyük tarixin alternativ versiyasıdı. Onun da həqiqətə nə qədər uyğun gəldiyini mübahisə obyektinə çevirmək mümkündü. Məncə, bu film elə həmin hekayətlər qədər həqiqətə uyğundu. Müharibə dövründə yaşamaq- ekzistensial təcrübədi. Biz o dövrün insanlarının məcburən düşdükləri vəziyyətlərin dərinliyini, ağırlığını ölçməyə qadir deyilik: gözlərinin önündə evini partladırlar, yaxud əlisilahlı adamla üz-üzə dayanırsan... Ancaq biz hər şey barədə düşünmədən mühakimə yürütməyə meyilliyik. Bəlkə klassik insani reaksiyalara - məsələn, şəfqətə, dərdə şərik çıxmağa qayıdaq? Başa düşürsünüz, bizim müharibəyə qarşı şəxsi münasibətimiz yoxdur. Bütün reaksiyalar qəbul elədiyimiz informasiyalar tərəfindən diktə olunub. «Şərəfsiz əclaflar» tamaşaçılara İkinci Dünya müharibəsi tarixinin alternativ versiyasını danışdığını gizlətmir. Lakin bunun anlamı, Avstriya, Almaniya mətbuatında yazıldığı kimi, əslində baş verənlərə yeni baxış deyil. Bunun anlamı hadisələrin mümkün inkişaf variantlarını bir daha gözdən keçirməkdir ki, müharibənin klassik tarixinin mövqeyinə qətiyyən xələl gətirmir. Şəxsən mən hesab eləyirəm ki, əsl məsuliyyətsizlik Tarantinonun fantaziyaları yox, bəzi rejissorların «gerçəklikdə hər şey mənim filmimdə göstərildiyi kimi baş verib» iddiasıdı. Sanki kiminsə əslində nə baş verdiyini dəqiq bilməsi mümkündü?!
   - Sizə deyəndə ki, filmi Bred Pitt də daxil olmaqla digər aktyorlardan oğurlamısınız, nə hiss eləyirsiniz?
   - Mən bunu iltifat kimi qəbul eləyirəm. Mənim üçün bunu eşitmək şərəfdi. Amma xahiş eləyirəm, bu sözlərə böyük əhəmiyyət verməyəcəyimə görə məni bağışlayın.
   - Almaniyada çoxlu telefilmlərdə çəkilmisiniz. Əgər desək ki, əslində Tarantino sizi bataqlıqdan çıxarıb, doğru olarmı?
   - Hə. Elə belə də olub. Hərçənd aktyorluq peşəsindən zövq aldığım tək-tük anlar yox deyildi. Bir dəfə məşhur bir aktyorla - Almaniyanın teatr ikonası ilə işləyirdim. O, mənə dedi: «otuz il ərzində cəmi üç rolum var ki, onlara görə aktyor olmağa dəyərdi». Onda mənim 24 yaşım vardı və bu sözləri eşidəndə dəhşətə gəldim. Ancaq o, haqlı idi. Hesab edirəm ki, təkcə «Şərəfsiz əclaflar»da oynadığım rola görə aktyorluq peşəsini seçməyə dəyərdi.
   - Deyirlər, «Şərəfsiz əclaflar»ın premyerasından sonra amerikalı agentlər telefonunuzu «sökməyə» başlayıblar?
   - Yox, onlar buna premyeradan əvvəl başlamışdılar. Hər halda, ən ağıllıları. Onlardan biri indi mənim agentimdi.
   - «Hollivudun fəthi» planını hazırlayırsınız?
   - Nə danışırsınız?! Mən sadə adamam. Otuz il tamamən naməlum, adsız-sansız işləmiş oğlan üçün od-alov qorxulu deyil. Həbsxanadan təzəcə çıxmış adam gözə girməyə çalışmır.
   
   Hazırladı: Aygün A.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar