Məşhur «Arşın mal alan» kinokomediyasının ekranlara çıxmasından 65 il ötür. Bu film haqlı olaraq Azərbaycan kinosunun klassik irsinə daxildir. «Arşın mal alan»ın triumfu tamamilə qanunauyğun idi. Çünki filmdə dahi Üzeyir Hacıbəylinin ürəkləri oxşayan musiqisi səslənir, filmin əsasını bəstəkarın mükəmməl dramaturgiyası təşkil edir. Eyni zamanda, filmin yaradıcı heyəti onun uğur qazanması üçün bacarıqla çalışmışdı. «Arşın mal alan»ın uğurunun təmin olunmasında baş rolu - Gülçöhrəni ifa edən Leyla Bədirbəylinin zəhmətini xüsusi qeyd etmək lazımdır. Məhz Gülçöhrədən sonra məşhurlaşan aktrisanın kinematoqrafiya taleyi başlandı.
   
   
   Zəmanəmizin böyük sənətkarı, Azərbaycanın Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Leyla xanım 1920-ci ildə Bakıda dünyaya göz açıb. Atası Ağalar Bədirbəyov Şəmkir bəylərinin nəslindəndir. Anası şəmkirli Bikə xanım Musaxan qızı isə əsl xan qızı idi. Belə bir nəsilli-nəcabətli ailədə dünyaya göz açan Leyla xanım ömrünün sonuna kimi nəcibliyini, xanımlığını qoruyub saxlaya bildi. Elə bu yüksək insani keyfiyyətlərinə və İlahidən Leyla xanıma verilmiş təbii gözəlliyinə görə xalq tərəfindən ona Azərbaycan gözəli adı verildi. Və o, yaddaşımıza da beləcə həkk olundu.
   Leyla xanım səhnəyə ilk dəfə 8 yaşında Bakının keçmiş Poluxin küçəsində yerləşən Mərkəzi Kəndçi Evinin səhnəsində çıxmışdı. Leyla xanımın anası bu mədəniyyət evinin tibb məntəqəsində işləyirdi. O, tez-tez balaca Leylanı özü ilə iş yerinə aparar, Leyla da həvəskar aktyorların məşqlərinə maraqla baxardı.
   Bir dəfə dərnəyin rejissoru Əlisəttar Babayev bu balaca qıza diqqətlə nəzər salıb dedi: «Görürəm, səhnəyə yaman həvəsin var. Gəlsənə, özün kimi balaca bir rol tapşıraq sənə...» Beləcə balaca Leyla ilk dəfə «Coşqun» tamaşasında Coşqunun bacısı rolunda səhnəyə çıxdı.
   L.Bədirbəyli kinoya da çox erkən gəlib. O, hələ yeniyetmə ikən moskvalı rejissor D.Vertovun «Lenin haqqında üç mahnı» sənədli filmində pioner qız rolunda çıxış etmişdi. Bundan sonra, 1937-1942-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti oldu. Gənc solist bu ansamblda «Bir dənəsən», «Naz eləmə», «Tərəkəmə» rəqslərini elə məharətlə ifa edirdi ki, neçə on illər keçməsinə baxmayaraq sənətşünaslar indi bu barədə fəxrlə danışırlar.
   Leyla Bədirbəyli peşəkar teatr səhnəsinə gəlməzdən əvvəl 1937-ildə «Dəcəl dəstə» filmində pioner dəstə rəhbəri, 1941-ci ildə «Səbuhi» filmində Tubu, 1942-ci ildə «Sovqat» filmində Ayna rollarında oynayıb. «Dəcəl dəstə» uşaq filmi 70 ildir ki, ölkəmizdə göstərilmirdi. Çünki filmin surəti əlimizdə yox idi. Nəhayət, Dövlət Film Fondunun təşəbbüsü ilə bu filmin surəti Moskva kino arxivindən alındı. Bu gün bizim həmin filmdə çox gənc, 17 yaşlı L.Bədirbəylini görmək imkanımız var.
   Aktrisanın «Səbuhi» filmində iştirakı ilə bağlı qəzetlərin birində bu sözlərə rast gəlirik: «Film üçün aktyor seçmək rejissorları çox düşündürürdü. Onlar filarmoniyaya getdilər. Məqsədləri Leyla Bədirbəylini bir daha rejissor gözü ilə yoxlamaq idi. Nəhayət, milli paltar geymiş Leyla səhnəyə gəldi. Azərbaycan xalq çalğı alətləri üçlüyünün müşayiəti ilə «Tərəkəmə» rəqsini elə məharətlə oynadı ki, rejissorlar dərhal səhnənin arxasına keçib Leyla ilə görüşdülər. Leylanın boy-buxunu, incə rəqsləri rejissorların xoşuna gəldi...»
   L.Bədirbəyli «Səbuhi» filmində M.F.Axundovun səmimi və mehriban həyat yoldaşı Tubu xanımın obrazını yaratdı. Məhz «Səbuhi» filmindən sonra L.Bədirbəyli teatrda işləmək üçün dəvət aldı. Aktrisanın özü həmin dövrü belə xatırlayır: «Xalq yazıçısı Mirzə İbrahimov, Ənvər Məmmədxanlı, Rəsul Rza, Rza Təhmasib və Adil İsgəndərov kimi sənətkarların təsiri ilə mən günlərin bir günü filarmoniya səhnəsindən Akademik Dram Teatrının səhnəsinə dəvət olundum. Bu dövrü mən yaradıcılığımın ikinci və daha mühüm dövrü hesab edirəm».
   L.Bədirbəylinin teatrda ilk çıxışı M.İbrahimovun «Məhəbbət» tamaşasında Zəhra rolu olub, bunun ardınca A.Ostrovskinin «Tufan»ında Klaşa obrazını yaradıb. Bundan sonra teatr səhnəsində «Pəri cadu» tamaşasında Pəri, «Vaqif»də Gülnar və Xuraman, «Xanlar»da Mehriban, «Solğun çiçəklər»də Sara, «Almaz»da Almaz, «Şərqin səhəri»ndə Dilarə, «Xoşbəxtlər»də İncə, «Əliqulu evlənir»də Qumral, «Kəndçi qızı»nda Göyərçin, «Şeyx Sənan»da Zöhrab, «Uzaq sahillərdə» Ancelika, «Otello»da Dezdemona, «Canlı meyit»də Liza və digər rollar ifa edib. Leyla xanım tamaşalarda əsasən baş rolları oynayıb. Bu sözləri onun kinoda ifa etdiyi obrazlar haqqında da demək olar.
   1945-ci il Leyla xanımın həyatında xüsusilə əlamətdar idi. Həmin il «Arşın mal alan» filmi çəkildi. Filmin qəhrəmanı Gülçöhrə gözəldir, zərifdir və həssasdır. O öz həmyaşıdlarından azad seçim və əsl məhəbbət arzusunda olması ilə fərqlənir. O öz hissləri ilə sanki bütün cəmiyyətə meydan oxuyur. Axı, o, gözəl arşınmalçını sevib. Atasının hədə-qorxularına baxmayaraq, Gülçöhrə öz məhəbbətindən imtina etmir, əksinə, axıracan öz məhəbbətini müdafiə edir. Leyla xanımın oyununda Gülçöhrənin hisslərindəki cəsarətsizliklə qətiyyətliyin bir-birinə keçməsi o qədər təbii, səmimi, alınıb ki, uzun illər aktrisanın adı bu qəhrəmanın adı ilə uyğun səslənirdi.
   «Arşın mal alan» qısa vaxt ərzində dünya şöhrəti qazandı və dünyanın bir çox xalqları bəstəkarın sehrli musiqisinə, mənalı yumoruna valeh oldular. «Arşın mal alan»a görə yaradıcı qrup, o cümlədən Leyla Bədirbəyli 1946-cı ildə Stalin mükafatına (sonralar SSRİ Dövlət mükafatı adlandırıldı) layiq görüldülər.
   L.Bədirbəyli yaratdığı Gülçöhrə obrazı ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən məktublar almışdı. Bolqarıstandan gənc qadının ona göndərdiyi məktubu bu sözlərlə qurtarır: «Mən beş oğlun bir bacısına məharətlə oynadığınız Gülçöhrənin adını verdim. Bolqarıstanın Gülçöhrəsi Sizin kimi şöhrət qazansa, özümü xoşbəxt sayaram».
   Qeyd etmək lazımdır ki, L.Bədirbəylinin kinoda aktyor taleyi olduqca uğurlu olub. O, öz yaradıcılığında həmişə yüksək insani keyfiyyətlərə malik milli koloritli qadınların bədii obrazlarını təcəssüm etdirib. Leyla xanımın çəkildiyi filmlərin tematik dairəsi geniş, qəhrəmanları müxtəlifdir. O, 50-yə yaxın bədii, televiziya bədii, qısametrajlı bədii filmdə çəkilmiş, bacılarımızın, analarımızın, nənələrimizin obrazlarını yaradıb. Onun «Fətəli xan» və «Koroğlu» filmlərində yaratdığı Tuti Bikə və Nigar obrazları təkcə sevimli ərlərinin nəzakətli, incə və etibarlı arvadları deyil, həm də igid, cəsur məsləkdaşlarıdır.
   Tuti Bikə Fətəli xanın həyat yoldaşıdır. O, sədaqətli qadın, fədakar ana, cəsarətli döyüşçüdür. Leyla xanım qəhrəmanını məhz bu keyfiyyətləri ilə bizə təqdim edir və yadda qalır.
   Məşhur «Koroğlu» xalq dastanının eyniadlı variantı olan kino dastanında L.Bədirbəyli Koroğlunun sevgilisi, Həsən xanın qızı Nigarın surətini yaradıb. Nigar xan qızı olsa da, Rövşəni həqiqi bir məhəbbətlə sevir. Atasının zülmkar əməlləri onu bərk narahat edir. Buna görə o, əzab çəkir, saray mühiti onu sıxır. Nəhayət, Nigar imkan tapan kimi qaçıb Çənlibelə, Koroğlunun yanına gedir. Aktrisa Nigarın keçirdiyi iztirabları, həyəcanları, daxili gərginliyini bacarıqla göstərə bilib. Lakin filmin özü bütövlükdə zəif alındığına görə bu, aktyor oyunlarına da öz təsirini göstərib.
   «Onun böyük ürəyi» filmindəki Xalidə rolunu qeyd etmək istəyirəm. Burada aktrisa böyük psixoloji həssaslıqla insan xarakterinin pərakəndəliyini və inamsızlıq hissini açıb göstərə bilib. Xalidə və Rəcəb bir-birilərini sevirlər. Böyük Vətən müharibəsi başlanandan sonra Rəcəb cəbhəyə gedir. Xalidə onun qayıdacağına inanmır. Öz həyatını yaşamağa başlayır. Rəcəb döyüşlərin birində ağır yaralanır, gözləri tutulur. Rəcəbi bu vəziyyətdə görən Xalidə birdəfəlik ondan uzaqlaşır. Xalidədə əziz adama olan inam hissi yox olur. Xalidə obrazı aktrisa L.Bədirbəylinin xarakterinə, təbiətinə uyğun olmasa da, bu rolun öhdəsindən bacarıqla gəlib.
    Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğundan söhbət açan «Görüş» kinokomediyasında məhəbbət mövzusu ilə bağlı bir neçə süjet xətti var. Bunlardan biri Bilqeyis - Musa xəttidir. Filmdə gənc pambıqçı Bilqeyisin obrazını L.Bədirbəyli yaradıb. Bilqeyis qabaqcıl pambıqçı olmaqla yanaşı, həm də qayğıkeş bacıdır. Qardaşı Kamilin avaraçılığına göz yummayan bacı onu hər cür cidd-cəhdlə düz yola qaytarmağa çalışır. Leyla xanımın ifasında Bilqeyis ismətli, həyalı, mehriban, işgüzar müasir Azərbaycan qızlarının ümumiləşdirilmiş obrazıdır. Biz bunu Bilqeyisin sevgilisi Musaya olan münasibətində də aydın görürük.
   L.Bədirbəyli müxtəlif illərdə çəkilmiş «Kölgələr sürünür» filmində Leyla, «İntizar»da Ana, «Sevil» film-operasında Tafta, «Gilas ağacı»nda nənə, «Bizim küçənin oğlanları»nda Leyla, «Çarvadarların izi ilə»də Məfruzə, «Vulkana doğru»da Gülsum, «Kişi sözü»ndə Ana, «Dərviş Parisi partladır»da Şəhrəbanu xanım, «Asif, Vasif, Ağasif»də nənə, «O dünyadan salam»da Kəblə Fatma və başqa filmlərdə maraqlı surətlər yaradıb.
   Leyla xanım bu filmlərdə gənc qadın, ana, nənə, rollarının hamısında məlahətlidir, gözəldir, istər bisavad Kəblə Fatma, Şəhrəbanu xanım olsun, istərsə də müasir nənələr. Hərənin də öz xarakteri, öz həyat tərzi.
   L.Bədirbəyli milli teatr və kinodakı fəaliyyəti ilə uzun illər işləmiş, Azərbaycan incəsənətinə, mədəniyyətinə öz yaradıcılıq töhfəsini verib. O, «Azərbaycanfilm» kinostudiyasının aktyor şöbəsində işləyərkən istedadlı gənclərin inkişafına kömək edir, onlara dəyərli məsləhətlərini verirdi.
   L.Bədirbəyli eyni zamanda Azərbaycan milli televiziyasının göstərdiyi bir çox televiziya tamaşalarında da müxtəlif rollar ifa edib, uzun illər televiziyanın «Aktyor, kino, rol» verilişinin aparıcısı olub. O, vəfatından bir il əvvəl «İstiqlal» ordeni ilə təltif edilib.
   L.Bədirbəyli həyatı ilə bağlı ona verilən suala vaxtilə belə bir cavab verib: «Mənim həyatımı uzun bir yola bənzətsək, bu yol heç də həmişə hamar olmayıb. Sevinc dolu günlərim də olub, kədərli günlərim də. Bir sözlə məşəqqətli və ilhamlı günlər yaşamışam. Amma heç vaxt sızıldayıb, ah-uf eləməmişəm».
   Bəli, Leyla xanım nəcib olduğu qədər də mərd insan idi. Xalq artisti, Dövlət mükafatları laureatı, gözəl insan Leyla Bədirbəylinin bütün zəngin yaradıcılığı gələcək nəsillərə yadigar qalacaq, unudulmaz və sevimli sənətkarımızı əbədi yaşadacaq.
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi
   
   Qeyd: Fotolar Dövlət Film Fondunun arxivindən götürülüb