Aprelin 24-ü görkəmli aktyor, rejissor, mədəniyyət xadimi Həsənağa Turabovun doğum günüdür
   
   Onun haqqında belə deyirlər: “Həsənağa Turabov əsl şəxsiyyət idi. Azərbaycan teatr və kino sənətində bir neçə barmaqla sayılası sənətkar var ki, onlardan biri də odur. Azərbaycan mədəniyyəti, şüuru, düşüncəsi, əxlaqı bu insanda cəmləşmişdi. Belə insanlar nadir hallarda doğulur".
   
   
   Xalq artisti Həsənağa Turabov 1938-ci il aprelin 24-də Bakıda doğulub. Teatr İnstitutunu bitirdikdən sonra ömrünün sonuna qədər Akademik Milli Dram Teatrında çalışıb. Tələbəlik illərində Azərbaycan radiosunda və televiziyasında diktor işləyib. Sonralar akademik teatra direktor seçilib, eyni zamanda, bədii rəhbər təyin olunub. On ildən artıq Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlik edib.
   H.Turabov teatrda fəaliyyətinə epizodik rollarla başlasa da, tezliklə ona əsas rollar həvalə edilib, daha sonra teatrın aparıcı aktyoru kimi tanınıb. Eləcə də oynadığı epizodik rollar - “Qara daşlar", “Telefonçu qız", “İstintaq davam edir", “Sən niyə susursan?", “Sevil" bədii filmlərindəki rolları onun kinematoqrafik istedadını üzə çıxarmasaydı, bəlkə də "Yeddi oğul istərəm" filmindəki ona məşhurluq gətirən Gəray bəy obrazı da olmayacaqdı. Tanınmış kinoşünas Aydın Kazımzadə bildirir ki, H.Turabov kinoda 50-dən artıq rol oynamasına baxmayaraq, böyük səs-küyə səbəb olan və kinomuzun tarixinə qızıl hərflərlə yazılan rolu məhz Gəray bəydir. “Mən deyərdim ki, onun kinodakı inkişafı məhz həmin obrazdan başlayıb”.
   Çəkildiyi 50-dən artıq filmdə müxtəlif xarakterli obrazlar oynayan H.Turabovun filmoqrafiyasında həmçinin Kəbirlinski ("Dantenin yubileyi"), Afşin ("Babək"), Üçgöz Cəfər ("Qorxma, mən səninləyəm"), Qəzənfər Mamedoviç ("Yaramaz"), Xəlil ("Axırıncı aşırım"), Şəmsi ("Var olun, qızlar"), Kamran ("Xatirələr sahili"), Səlimov ("Qatır Məmməd"), Müstəntiq ("Nə gözəldir bu dünya) və b. rolları xüsusilə seçilir.
   H.Turabov rejissor kimi iki ekran əsərinə: “Tənha narın nağılı" (Ş.Mahmudbəyovla birgə; həm də Əli rolunun ifaçısı) və “Atları yəhərləyin" (Ə.Mahmudovla birgə; həm də Qaçaq Nəbi rolunun ifaçısı) filmlərinə quruluş verib.
   “Həsənağa Turabov dünya şöhrətli aktyordur. O, ömrünü teatr və kinoya həsr elədi. Həsənağa teatrda təkcə aktyor kimi çalışmadı, o, rejissor, bədii rəhbər, direktor oldu. Çalışdığı bütün sahələrdə həm yaradıcı insan, həm də məmur kimi işinin öhdəsindən layiqincə gəlirdi. Həsənağa Turabov kinoda tədricən tanınan aktyorlar sırasına daxildir. O, aktyorluq baxımından səviyyəsini axıra qədər saxladı" - deyən A.Kazımzadə görkəmli aktyoru bütün dillərdə oynamağı bacaran sənətkar kimi dəyərləndirir.
   Xalq artisti Ağakişi Kazımov Həsənağa Turabovun milli teatrımıza yeni nəfəs gətirdiyini, köhnə teatr ənənələrini alt-üst etdiyini söyləyir: "Həsənağa Turabovun kinoda və teatrda yaratdığı obrazları tərəzinin bir gözünə qoysaq, tən gələr. Çünki Həsənağa Turabov həmişə kamera qarşısına özünün teatrdakı məsuliyyətini gətirirdi. O, teatra gələndə Azərbaycan səhnəsində Rza Əfqanlı, Ələsgər Ələkbərov, Həsənağa Salayev və başqa görkəmli sənətkarlar var idi. Ancaq Həsənağa Turabov teatra yaxşı mənada dahilərə məxsus yenilik gətirdi. Teatrda qışqırığı, pafosu, hansısa bir ifadəni qabartmağı unutdurdu. Biz hamımız buna sevindik. Ona qədər bu bizim ağlımıza gəlməmişdi”.
   Görkəmli aktyor haqqında söylənən bu fikirlər Həsənağa Turabovun bir sənətkar kimi yaradıcılığına güzgü tutur. Onun lentlərin yaddaşında əbədiləşən obrazlarına baxdıqca bir daha fikirləşirsən ki, Həsənağa Turabov sənət səmasında bir ulduz kimi parladı, axdı, amma sönmədi...
   
   Təranə Sərdarqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar