Görkəmli dramaturq və kinossenaristin 100 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib
      
   “Sabit Rəhman 20-ci əsr Azərbaycan ədəbiyyatında, mədəniyyət və incəsənətində mühüm yer tutan sənətkarlardandır. Yazıçı, dramaturq, kinossenarist kimi o dövrün ictimai-siyasi prosesləri onun əsərlərində öz əksini tapıb». 
      
   Bu fikirlər aprelin 21-də görkəmli dramaturq Sabit Rəhmanın (1910-1970) 100 illik yubileyi münasibətilə Dövlət Film Fondunun Slavyan Universiteti ilə birgə təşkil etdiyi xatirə gecəsində səsləndi.
   Dövlət Film Fondunun direktoru Cəmil Quliyev belə xatirə gecələrini görkəmli şəxsiyyətlərin ruhuna və yaradıcılığına diqqət kimi dəyərləndirdi.
   Slavyan Universitetinin professoru Bədirxan Əhmədov görkəmli dramaturqun yaradıcılığı haqqında danışaraq diqqətə çatdırdı ki, Sabit Rəhman ədəbi fəaliyyətə 17 yaşından felyeton yazmaqla başlayıb: «Onun “Şeyx Samit” imzası ilə Şəkidən göndərdiyi felyetonlar nöqtəsinə, vergülünə toxunulmadan «Molla Nəsrəddin» jurnalında çap edilirdi”.
   Sabit Rəhman Bakıda «Molla Nəsrəddin»in redaksiyasında olarkən yazdığı kəskin felyetonlarına görə ona “özünü qoru» - deyə məsləhət verənlər də olub. 20-ci illərin sonunda «Şəki fəhləsi» qəzetində çıxan şeirinə hətta Bakıda siyasi rəng verənlər tapılıb. O dövrün keşməkeşlərində yazıçı özünü güclə qoruya bilib və ondan sonra şeirin daşını ataraq hekayə yaradıcılığına üstünlük verib. «Şirin bülbül» adlı ilk hekayəsindən sonra ədəbi aləmdə bu adla tanınıb. Mikayıl Müşfiq də ona: «Sən şeirin daşını atmaqla ədəbiyyatımıza xidmət elədin» - deyə ürək-dirək verib.
   1938-ci ildə gənc dramaturqun «Toy» komediyası Akademik Dram Teatrında tamaşaya qoyulub və böyük anşlaqla qarşılanıb. Bu əsərindən sonra S.Rəhman «Xoşbəxtlər», «Nişanlı qız», «Əliqulu evlənir», «Yalan» və s. komediyalarını yazıb. 1930-70-ci illəri əhatə edən dövrün real mənzərəsi onun komediyalarında olduğu kimi əks olunub.
   Sabit Rəhman yaradıcılıqla bərabər müxtəlif vəzifələrdə - “Gənc işçi” qəzeti redaksiyasında ədəbi işçi, «İnqilab və Mədəniyyət» jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Dram Teatrının ədəbi hissə müdiri, Azərbaycan Yazıçılar Birliyində uşaq bölməsinin rəhbəri vəzifələrində çalışıb. O, 1941-1945-ci illərdə Azərbaycan Nazirlər Soveti İncəsənət İşləri İdarəsində Teatr şöbəsinin müdiri, rəis müavini, “Bakı” kinostudiyasının direktoru, Azərbaycan Kinematoqrafiya Nazirliyində nazir müavini, Yazıçılar Birliyində dramaturgiya üzrə məsləhətçi işləyib.
   “Sabit Rəhmanın adı kinossenarist kimi milli kinematoqrafiya tarixində əbədiləşib” - deyən Əməkdar İncəsənət xadimi Aydın Kazımzadə dramaturqun milli kinematoqrafiya tarixindəkı xidmətlərindən danışaraq vurğuladı ki, o, cəmi 4 kinossenari yazıb və bunların hər biri əsasında çəkilən filmlər milli kino tarixinə qızıl hərflərlə yazılıb. Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində "Arşın mal alan" komediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə "Qızıl siyahı"ya daxil edilib. Film 136 ölkədə nümayiş etdirilərək 86 dilə tərcümə olunub.
   S.Rəhmanın kinossenarisi əsasında çəkilən «O olmasın, bu olsun» filmi də dünyanın 60 ölkəsi tərəfindən rəsmən alınıb. “Sabit Rəhman dahi Üzeyir bəyin səhnə üçün yazdığı əsərləri kinematoqrafiyanın dilinə çevirərək böyük uğur qazandı”.
   A.Kazımzadə vurğuladı ki, dramaturqun kinossenarisi əsasında çəkilən «Koroğlu» filmi də dünyanın bir çox ölkələri tərəfindən alınıb. S.Rəhman son olaraq 1963-cü ildə «Əhməd haradadır?» filmimin ssenarisini (quruluşçu rejissor Adil İsgəndərov) yazıb.
   Əməkdar artist Elxan Qasımov gecədə S.Rəhmanla ilk tanışlığından, “Əhməd haradadır?» filminin çəkiliş prosesindəki maraqlı xatirələrindən danışdı.
   Gecədə vurğulandı ki, nə qədər cəmiyyətdə nöqsanlar var, Sabit Rəhmanın əsərləri, kinossenariləri əsasında çəkilən filmlər həmişə yaşayacaq və müəllifinin adını da yaşadacaq.
   
   Təranə Sərdarqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar