Almaz Sultanzadə: “Filmlərimizin mövzusu Özbəkistanda istehsal olunan filmlərdən fərqlənir”
Son illər ölkəmizdə istehsal olunan filmlərin mövzu rəngarəngliyində və keyfiyyətində nəzərəçarpan inkişaf hiss olunur. Bu sahədə hər bir təşəbbüs milli kinomuza göstərilən diqqət və qayğının göstəricisidir. Hər il çəkilən yeni-yeni filmlər, keçirilən müsabiqələr Azərbaycan kinosunun tərəqqisi üçün atılan məqsədyönlü addımlardır.
Aprelin 19-dan 23-dək Özbəkistanda «Azərbaycan kinosu həftəsi» keçirildi. Kinomuzun ölkə hüdudlarından kənarda təbliği baxımından bu cür tədbirlərin təşkili təqdirəlayiqdir. “Azərbaycan kinosu həftəsi”ndə iştirak etmiş Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə ilə görüşüb səfər təəssüratını öyrəndik.
Almaz Sultanzadə bildirdi ki, ötən ilin sentyabr ayında Özbəkistanda xidməti ezamiyyətdə olarkən Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları belə bir tədbir keçirilməsi təşəbbüsü irəli sürüblər: ““Özbəkkino” Milli Agentliyinin rəhbərliyi ilə görüşdən sonra qərara aldıq ki, kino əlaqələrini bərpa etmək lazımdır. Kino həftəsində nümayiş ediləcək filmlər seçildi. Nəhayət, aprelin 19-23-də Özbəkistanda «Azərbaycan kinosu həftəsi» təşkil olundu. Nümayəndə heyətində respublikanın Xalq artisti Rafiq Əliyev, rejissorlar Mehriban Ələkbərzadə, Samir Kərimoğlu və mən təmsil olunurduq”.
Filmlərimizin nümayişi və müzakirəsi
«Azərbaycan kinosu həftəsi»ndə Ramiz Fətəliyevin “Hökmdarın taleyi”, Mehriban Ələkbərzadənin “Məhkumlar”, Samir Kərimoğlunun “Niyyət” bədii filmləri, Fariz Əhmədovun “Bir addım” və Əli İsa Cabbarovun “Düyün” qısametrajlı, Ziya Şıxlinskinin “Azərbaycan massivləri” və Şamil Əliyevin “İz...qala” sənədli, Firəngiz Qurbanovanın “Mərhəmətin dadı”, “Nuş olsun” cizgi filmləri Özbəkistanın iki şəhərində - Daşkənd və Səmərqənddə nümayiş olunub.
Almaz Sultanzadə: «Proqramımız çox zəngin idi. Aprelin 23-də “Özbəkkino” Milli Agentliyində brifinq keçirildi. Kütləvi informasiya vasitələri filmlərimizlə bağlı müzakirələr apardılar. Filmlər 4 kinoteatrda nümayiş olundu. Özbək tamaşaçıları filmlərə böyük məmnunluqla baxdılar, kinematoqrafçılar fikirlərini bildirdilər və kinoteatrlardan xoş təəssüratlarla ayrıldılar. Hətta Özbəkistanda kino biznesi ilə məşğul olan insanlar bizim bir neçə filmimizi almaq niyyətindədirlər. Gənc rejissor Samir Kərimoğlunun “Niyyət” filmini Ramazan ayı öncəsi Özbəkistanda yenidən göstərmək istəyirlər».
A.Sultanzadənin sözlərinə görə, səfər zamanı Özbəkistanda kinematoqrafiyanın hazırkı vəziyyəti ilə qismən tanış olmaq imkanı əldə ediblər: «Özbəkistanda hər il onlarla film istehsalata buraxılır. Amma filmlərin çoxu prodüser mərkəzləri tərəfindən çəkilir. Ölkədə əyləncəli filmlərə daha çox üstünlük verilir. Son illərdə tarixi, mənəvi problemləri qaldıran filmlər isə az çəkilir. Daşkənddə 21 özəl kinoteatr, o cümlədən Əlişir Nəvai adına 12 zaldan ibarət kino sarayı fəaliyyət göstərir. 4 kinoteatr isə dövlətin himayəsindədir».
Filmlərimizə maraq
«Azərbaycan kinosu həftəsi» çərçivəsində göstərilən filmlər tamaşaçılar arasında böyük marağa səbəb olub. A. Sultanzadənin sözlərinə görə, “Məhkumlar” filmi daha böyük anşlaqla qarşılanıb: «Qısametrajlı filmlər Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində təqdim olundu. Sonra Daşkənd Dövlət İncəsənət Universitetində olduq. Aktyor, rejissor sənəti kafedralarının müəllim heyəti ilə görüşdük. Burada gənc rejissorlarımızın filmləri nümayiş edildi. Özbəkistanda olduğumuz hər bir yerdə özümüzə qarşı çox böyük diqqət və maraq gördük. Bizi ən yüksək səviyyədə hörmətlə qarşıladılar və hədiyyələr verildi. O hədiyyələri biz Dövlət Film Fondunda fəaliyyət göstərən kino muzeyinə təhvil vermişik. Həmin eksponatlar kino muzeyində “Özbəkistanda Azərbaycan kinosu həftəsi” başlığı altında sərgilənəcək. Biz indi Azərbaycanda özbək filmləri günlərini keçirməyə hazırlaşırıq. Tədbirin sentyabr-oktyabr aylarında təşkili nəzərdə tutulur».
«Gənc kinematoqrafçılarımıza işləmək üçün geniş imkan yaradılıb»
A.Sultanzadə qeyd edir ki, Azərbaycanda çəkilən filmlərin mövzusu Özbəkistanda istehsal olunan filmlərdən fərqlənir: «Məsələn, son illərdə biz üç tarixi film çəkmişik. Amma özbək kinematoqrafçılar tarixi filmlərə çox da önəm vermir. Gənc özbək kinematoqrafçılar nəsli daha çox əyləncə filmi çəkməyə meyillidirlər».
A.Sultanzadənin sözlərinə görə, bu gün Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın gənc kinematoqrafçılarına işləmək üçün geniş imkan yaradıb: «Son vaxtlar keçirilən “Vətən and yerimizdir”, “Bu meydan, bu ekran” kimi müsabiqələr gənclərə həm tarixi, həm əyləncəli və digər mövzularda öz bacarıqlarını nümayiş etdirmək imkanı verir. Belə müsabiqələrin keçirilməsi gənclərə böyük dəstəkdir. Bunun ən vacib, ən gözəçarpan faktı da Samir Kərimoğlunun bu yaxında premyerası olmuş “Niyyət” filmidir. Özbəkistan filmləri ilə müqayisədə bizdə seçim daha ciddidir. Doğrudur, bizdə də əyləncə filmləri çəkilir, onların da öz auditoriyası vardır. Onu da qeyd edim ki, bizdə, məsələn, Özbəkistandan fərqli olaraq, gənclərlə daha çox iş görülür. Özbəkistanda olarkən bu ölkənin kino işçiləri də bunu təsdiqlədilər. Kino həftəsi çərçivəsində gələcəkdə özbək kinematoqrafçıları ilə əməkdaşlıq məsələləri də geniş müzakirə olundu».
Yeganə Cansail