Əməkdar artist Firuz Xudaverdiyevin sənət dünyasından soraqlar
  
   Tanışlıq:
  
   Respublikanın əməkdar artisti Firuz Xudaverdiyev 1939-cu ildə Bakıda anadan olub. 1969-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) dram və kino aktyorluğu fakültəsini bitirib.Təyinatla Mərziyyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrına göndərilib. Yeddi il həmin teatrda fəaliyyət göstərən gənc aktyor C. Cabbarlının “Almaz” əsərində Fuad, S. S. Axundovun “Eşq və intiqam” pyesində Şəmsi bəy, S. Vurğunun “Fərhad və Şirin” və Vəzir, İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” dramında Ədalət və b. maraqlı obrazlar yaratmışdır.
   1976-cı ildən Firuz Xudaverdiyev Azərbaycan Akademik Milli Dram Teatrında fəaliyyət göstərir.

  
  
   Arzuya aparan yollar...
  
   Firuz dünyaya neftçi ailəsində göz açıb. Atası İslam kişi zəhmətsevər Azərbaycan neftçilərindən olub. Öz övladlarını da sevdiyi peşəsinin davamçıları kimi görmək istəyən atasının arzusuna rəğmən Firuz parta arxasında oturduğu ilk məktəb illərindən ürəyinin dərinlilkərində baş qaldırmış dəli bir istəyin, odlu bir həvəsin tilsiminə düşdüyünü dərk edib. Öz gələcək həyatını nefçi kimi deyil, aktyor, səhnə vurğunu, teatr fədaisi kimi təsəvvür edən gənc orta məktəbi başa vurduqdan sonra hara gedəcəyini yaxşı bilirdi. Lakin arzuya aparan yollar heç vaxt hamar, rahat, maneəsiz olmur. İlk cəhdi alınmayıb. Aktyor təhsili almaq üçün instituta qəbul ola bilməsə də, ruhdan düşməyib. Elə atasının da arzusunu gözündə qoymayıb. Üzünü neft mədənlərinə tutub. “Buruqlar meşəsinin” ab-havasını ala-ala irəliyə, gələcəyə, arzusunun ona “əl edib yanına çağırdığı” üfüqlərə doğru addımlayıb. Bəzən ruhdan düşsə də, özünü ələ almağı bacarıb. Belə anlarda heç kəsin deyil, yalnız öz qəlbinin səsinə qulaq asıb. Səhnəyə, teatr aləminə, aktyorluq peşəsinə “bir könüldən min könülə” vurulan gənc Firuz bu “gizli sevgisini” dünyanın ən ağır yükü kimi qəlbində gəzdirə- gəzdirə buruqlar dünyasından keçərək sənət dünyasına, teatr aləminə səmt götürüb.
  
   Təhsil illəri
 
 
   Tələbəlik illəri, institut həyatı hər bir insanın ömür yolunun “qızıl dövrüdür”. Bu mənada M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) tələbəsi Firuz Xudaverdiyev üçün də təhsil illəri həyatının ən unudulmaz və ən mənalı çağları olub. O, burada kimlərdən dərs almayıb, kimləri görməyib, kimlərlə ünsiyyətdə olmayıb...
   Tələbəlik illərinin xatirələrindən:
   “O vaxtlar Rasim Balayev, Mikayıl Mirzə, Əlabbas Qədirovla eyni kursda təhsil alırdıq. Biz SSRİ xalq artisti, professor Mehdi Məmmədovun sinfində oxuyurduq. O zaman bizlər - gələcəyin gənc aktyorları böyük arzularla yaşayırdıq. İnstitutda bizə dərs deyən müəllimlərimizin əksəriyyəti Azərbaycanın tanınmış və məşhur sənətçiləri idilər. Yaxşı xatirimdədir, səhnə danışığı kafedrasının rəhbəri Müxlis Cənizadə biz tələbələrin həm də yaxın dostu və sirdaşı idi. Onun rəhbərliyi altında maraqlı kompozisiyalar, səhnəciklər, tematik süjetlər hazırlayardıq. Radioda da çixışlarımız olardı».
   Firuz Xudaverdiyev danışdıqca ömrünün unudulmaz anlarını kino lenti kimi gözləri önündən keçirərək, bizi də bu maraqlı dünyaya müsafir edir. Bir az nostalji, bir az kədərli, bir az da nisgil duyulan səsində neçə-neçə məşhur sənətçinin, tanınmış aktyorların, dünyasını dəyişmiş, bu gün həyatda olmayan səhnə ustalarının unudulmaz simaları canlanır.  

    Mingəçevir teatrında
  

    1969-cu ildə müəllimi Mehdi Məmmədovun xeyir-duası ilə Mingəçevir Dövlət Dram Teatrının səhnəsində fəaliyyətə başlayan Firuz Xudaverdiyev, necə deyərlər, qolunu çırmayaraq işə başlayır. O, qısa bir zaman kəsiyində bir-birinin ardınca yaddaqalan və maraqlı səhnə obrazları yaradır. C.Cabbarlının “Almaz” əsərində Fuad, S.S.Axundovun “Eşq və intiqam” pyesində Şəmsi bəy, S.Vurğunun “Fərhad və Şirin” mənzum dramında Vəzir obrazı gənc aktyor Firuz Xudaverdiyevi mingəçevirli tamaşaçılara sevdirir. Oynadığı obrazları səhnədə özünəməxsus bir istedadla, spesifik ampluada, xarakterin daxili aləmini məharətlə acmaqla canlandırmağı bacaran Firuz Xudaverdiyev tamaşadan-tamaşaya, obrazdan-obraza, səhnədən-səhnəyə püxtələşdikcə özünə olan inamı daha da artır, onu daha mürəkkəb obraz və xarakterlər yaratmağa ruhlandırır. Təsadüfi deyil ki, yazıçı-dramaturq İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesindəki Ədalət, böyük türk şairi və dramaturqu Nazim Hikmətin “Şöhrət və ya unudulan adam” dramındakı assistent obrazları Firuzun simasında səhnəyə yeni bir istedadın gəldiyini təsdiqləyir.
   Qeyd etmək lazımdır ki. Firuz Xudaverdiyevin Mingəçevir Dövlət Dram Teatrında fəaliyyət göstərdiyi illər aktyorun yaradıcılıq bioqrafiyasında xüsusi yer tutur. Onun milli və dünya dramaturgiyasının şah əsərlərində yaratdığı obrazlar qalereyası istər forma, istərsə də məzmun etibarilə olduqca maraqlı, rəngarəng və yaddaqalandır. Lakin bütün bu uğurlara və müvəffəqiyyətlərə baxmayaraq, Firuz Xudaverdiyev ürəyində çoxdan kök salmış ən böyük arzusuna qovuşmaq üçün nəhayət ki, paytaxt Bakıya qayıdır.1976-cı ildə çoxdan həsrətində olduğu Akademik Milli Dövlət Dram Teatrının aktyor heyətinə qəbul edilir.
  
   Böyük səhnənin işıqları...
  

   Ömrünün 7 ilini Mingəçevir teatrına həsr etmiş Firuz Xudaverdiyevi Akademik Milli Dram Teatrının səhnəsində ən çox həyəcanlandıran və həm də sevindirən böyük səhnənin işıqları olub. O, bu səhnənin işıqları altında zəngin bir yaradıcılıq yolu keçmiş, 40 illik aktyorluq həyatının böyük bir hissəsini milli teatr sənətinin inkişafına həsr etmiş, bu yolda əlindən gələni əsirgəməmişdir.
   Məlum bir həqiqətdir ki, aktyor üçün teatr ikinci ev sayılır. Bu mənada AMDT Firuz Xudaverdiyevin ikinci evi olub. O, burada milli teatr mədəniyyətimizin görkəmli və tanınmış nümayəndələri, korifey sənətkarlar, adlı-sanlı səhnə ustaları Rza Təhmasib, Mehdi Məmmədov, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Əliağa Ağayev, Hökumə Qurbanova, Həsən Turabov, Həsənağa Salayev, Hamlet Xanızadə, Məlik Dadaşov, Mikayıl Mirzə, Tofiq Kazımov, Ağakişi Kazımov kimi sənət fədailəri ilə bir yerdə, bir sırada, bir səhnədə nəfəs almış, onlardan çox şey görüb-götürmüşdür. Firuz Xudaverdiyevin böyük səhnədə yaratdığı obrazlar qalereyası olduqca zəngindir. Onun C. Məmmədquluzadənin “Dəli yığıncağı”nda bir kişi, A. Şaiqin “Fitnə” əsərində Qoca, Şeksprin “Maqbet”ində Əsgər, R.İbrahimbəyovun “Biganələr oteli”ndə xəstə, A.Safronovun “Daşqın” dramında Kokin, L.Frankın “Yad adam”ında çolaq, Anarın “Səhra yuxuları”nda 1-ci polis, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərində Ter-Vahan və Mamay, Ə, Haqverdiyevin “Bəxtsiz cavan”ında Kərbəlayiı Bəndalı, M. F. Axundovun “Lənkəran xanının vəziri”ndə 1-ci ərizəçi, N.Hikmətin “Kəllə” dramında həkim, H.Həsənovun “Brüsseldən məktublar” pyesində Molla, Mir Cəlalın “Dirilən adam” əsərində Hacı Hüseyn və digər obrazları tamaşaçılar tərəfindən həmişə alqışlarla qarşılanıb.
   Firuz Xudaverdiyevin dediklərindən:
   “Teatrda, səhnədə rolun böyük-kiçiyi olmur. Əsl aktyor ən kiçik rolu belə tamaşaçıya sevdirə bilər. Mən səhnə həyatımda çox şöhrətli aktyorlarla tərəf-müqabil olmuşam. Bir dəfə qəribə bir əhvalat baş verdi. Baş rolun ifaçısı olan aktyorlardan biri qəzetlərə verdiyi müsahibəsində tamaşanın bütün ağırlığının onun üzərində olduğunu söyləyərək lovğalanmışdı. Bu müsahibə bütün aktyor heyətinin narazılığına səbəb oldu. O zaman hamımız sözü bir yerə qoyduq ki, növbəti tamaşa zamanı səhnədə hər kəs sadəcə olaraq öz sözünü desin, obraz yaratmasın. Razılaşdıq və növbəti tamaşa zamanı aktyorlar sadəcə olaraq öz sözlərini deməklə kifayətləndilər. Baş rolun ifaçısı nə qədər canfəşanlıq eləsə də, tamaşa hamıya ölü bir təsir bağışladı. Həmin şöhrətli aktyoru isə başa saldıq ki, teatrda ugur və müvəffəqiyyət bir nəfərin deyil, bütün aktyor heyətinin zəhmətinə bağlıdır. Səhəri gün o, həmin qəzetdə çıxış edərək müsahibə zamanı öz fikirlərini düzgün çatdırmadığı üçün oxuculardan üzr istədi”.
   Yeri gəlmişkən, qeyd edək ki, Firuz Xudaverdiyev bir sıra televiziya tamaşalarında da maraqlı və yaddaqalan obrazlar yaradıb. O, ”Dəvətnamə”də müəllim, “Həmyerlilər”də Sarı Sarızadə, “Ordan burdan”da müəllim, “Pəncərədə işıq”da Firuz obrazlarını da sevərək yaradıb.
   Bu il əməkdar artist Firuz Xudaverdiyevin 70 illik yubileyi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yüksək səviyyədə qeyd edilib. O, nazirliyin xüsusi mükafatına layiq görülüb. Hazırda Akademik Milli Dram Teatrının səhnəsində çalışan aktyor Azərbaycan Mədəniyyət Fondunun nəzdindəki “Sönməyən ulduzlar” teatrında da maraqlı obrazlar yaradır. Şəhid atası olan Firuz Xudaverdiyevin ən böyük arzusu səhnədə şəhid atası obrazını yaratmaqdır.
  
   C. Tağıyev







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar