1941-ci ilin 22 iyununda faşist Almaniyası ilə Sovet İttifaqı arasında müharibənin başlanmasıyla Azərbaycan kino işçiləri öz işlərini dövrün ağır tələbləri əsasında yenidən qurmalı oldular. Müharibə başlanandan bir neçə gün sonra Bakı kinostudiyasında şair və yazıçılardan Səməd Vurğun, Mehdi Hüseyn, studiyanın direktoru Şəmsəddin Abbasov və rejissor A.Beknazarovdan ibarət bir komissiya təşkil olundu. Bu komissiyanın vəzifəsi müharibə mövzusunda qısametrajlı bədii və sənədli filmlərin, xüsusi buraxılışların, kinojurnalların yaradılmasına rəhbərlik etməkdən ibarət idi. Bu məqsədlə yazıçılardan S.Rəhman, İ.Qasımov, M.Cəlal, Ə.Sadıq, Ə.Məmmədxanlı, M.Rəfili, rejissorlardan M.Mikayılov, R.Təhmasib, A.Quliyev, M.Dadaşov, N.Bədəlov və başqalarına ssenarilərin yazılması və filmlərin çəkilişləri tapşırıldı.
    
   
   Sənədli kino ustalarının ilk işi istehsal etdikləri “Ordenli Azərbaycan” kinojurnalının 20 və 21-ci nömrələri oldu. Bu xüsusi buraxılış 1941-ci ilin iyun ayında hazırlanmış, bütünlüklə müharibənin başlanmasına və azərbaycanlı gənclərin könüllü olaraq cəbhəyə getməsinə həsr olunmuşdu.
   Müharibə illərində Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun döyüşdə göstərdiyi hünərdən danışan “Sovet pəhləvanı”, arxa cəbhədə zəhmət adamlarının əməyindən söhbət açan “Sovqat” qısametrajlı, dənizçilərin göstərdiyi igidliklərdən bəhs edən “Sualtı qayıq “T-9” tammetrajlı bədii filmləri, müharibə illərində xalqlar dostluğundan danışan “Bir ailə” kinoalmanaxı və s. istehsal olunmuşdu.
   Kinematoqrafçılarımız arxa və ön cəbhədə xalqımızın hünərindən bəhs edən onlarla sənədli film, o cümlədən “Cənub sərhədlərinin keşiyində”, “Biz Bakını müdafiə edirik”, “416-cı”, “Cəbhə arxasında”, “Qayğı”, “Vətən uğrunda”, “Bakı neftçiləri”, “Şəfa nəğməsi”, “Xəzər dənizçiləri”, “Qardaşlıq köməyi”, “General Həzi Aslanov” və s. çəkmişlər.
   Müharibənin ilk günlərindən başlayaraq kinematoqrafçılarımızın bir hissəsi arxa cəbhədə gecə-gündüz öz işini davam etdirirdisə, digər hissəsi ön cəbhədə çəkilişlər aparırdı. Belə çətin və təhlükəli tapşırıqların yerinə yetirilməsində kino işçilərindən Cavanşir Məmmədovun, Xan Babayevin, Mirzə Mustafayevin, İsmayıl Əfəndiyevin, Əbdül Həsənovun, Kazım Həsənovun, Tofiq Tağızadənin, Camal İsmixanovun, Leonid Koretskinin, Vladimir Yeremeyevin, Mirzə Rəfiyevin, Ağa Zeynal Ələkbərovun, Əli Musayevin, Aleksandr Popovun, Əlihüseyn Hüseynovun və başqalarının böyük zəhməti olmuşdu.
   Kinooperatorlardan Ağa Zeynal Ələkbərov, Kazım Həsənov, Mirzə Mustafayev, Cavanşir Məmmədov, Xan Babayev, Leonid Koretski, Əlibala Ələkbərov, Məmmədağa Axundov, Əbdül Həsənov, Vladimir Yeremeyev və başqaları ön cəbhədə çəkilişlər aparmış, düşmənlə vuruşmuş, dəfələrlə ölümlə üz-üzə dayanmışlar. Bu cəbhəçi kinematoqrafçıların silahı kinokamera idi.
   Kinooperator L.Koretski danışırdı ki, bir dəfə Soldatskaya stansiyasını bizim döyüşçülər faşistlərdən elə sürətlə təmizlədilər ki, hətta düşmənlər silah anbarlarını belə partlatmağa imkan tapa bilmədilər. L.Koretski özü də bu əməliyyatda iştirak edirdi. O, kilometrlərlə uzanan döyüş sursatlarını lentə alırdı. Ən dəhşətlisi o idi ki, buradakı mərmilərin, top güllələrinin üzərində bu sözlər yazılmışdı: “Bakı üçün”.
   Kino işçilərimizin böyük bir hissəsi əllərində silah müxtəlif cəbhə bölgələrində faşistlərə qarşı qəhrəmanlıqla vuruşurdular. Ssenarist Ədhəm Qulubəyov 416-cı Taqanroq diviziyasında rabitəçi idi. Tale onu bir cəbhədən digərinə atırdı. Gənc döyüşçü harada olursa-olsun hitlerçi quldur dəstələrinə qarşı mərdliklə vuruşurdu. Kinostudiyanın kinomexaniki Vasili Lozov müharibənin bütün ağır yollarından keçmiş, göstərdiyi qəhrəmanlıqlara görə 1943-cü ildə ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.
   Görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin oğlu Məhəmməd Maqomayev müharibə başlanana qədər Bakı kinostudiyasında rəssam işləyirdi. Müharibə illərində o, könüllü olaraq cəbhəyə getmiş, kəşfiyyatçı olmuşdu. Bir sıra mühüm əməliyyatlarda iştirak etmiş, qələbəyə on gün qalmış ağır döyüşlərin birində yaralı yoldaşını xilas edərkən həlak olmuşdu. Quraşdırma çəkilişlər rəssamı Mirzə Rəfiyev, kinooperatorlardan Teyyub Axundov, Əlihüseyn Hüseynov, Seyfulla Bədəlov kinostudiyanın işçisi Yunus Muradov, kinostudiyanın direktoru Zəki Səfərov, rejissorlardan Tofiq Tağızadə, Əjdər İbrahimov, Şamil Mahmudbəyov və başqaları sovet ordusu sıralarında müxtəlif cəbhələrdə vuruşublar.
   Müharibə qurtarandan sonra sənətə əyinlərindən hərbi formanı hələ çıxarmamış, dəhşətli hadisələrin iştirakçısı olmuş, vaxtından əvvəl yaşlanmış adamlar gəliblər. Onlar ekran vasitəsilə nəsilləri adından, həlak olmuş yoldaşları adından müharibəyə öz münasibətlərini, nifrətlərini bildirmiş, öz sözlərini demişlər.
   Rejissor T.Tağızadə müxtəlif illərdə yaradıcılığında müharibə mövzusuna müraciət edərək “Şopenin qayıtması” (diplom işidir), “Uzaq sahillərdə”, “Əmək və qızılgül”, “Mən ki gözəl deyildim” kino əsərlərini yaratmışdır.
   Rejissor Əjdər İbrahimov moskvalı həmkarı İ.Qurinlə birgə “Bir məhəllədən iki nəfər” kinopovestinə quruluş verəndən sonra 1958-ci ildə özü müstəqil olaraq “Onun böyük ürəyi” filmini çəkmişdir. Üç dövrü - müharibədən əvvəl, 1941-1945-ci illər müharibəsi və dinc quruculuq illərinin hadisələrini əhatə edən bu filmdə adamların yüksək mənəviyyatından, ön cəbhədə alman faşizminə qarşı qəhrəmanlıqla vuruşub şücaət göstərmələrindən bəhs edilir.
   Azərbaycan kinosunda seçilən rejissorlardan olan Şamil Mahmudbəyov müharibə haqqında, özünün müharibədə iştirakı barədə danışmağı sevməzdi. O, müharibəyə o qədər nifrət edirdi ki, bu barədə ondan danışmağı xahiş edəndə deyirdi: “Vuruşmuşuq ki, ana-bacılarımızı faşist taunundan xilas edək. Müharibə dövründə milyonlarla insan hitlerçi işğalçılara qarşı vuruşurdu, mən də onlardan biri, vəssalam. O ki qaldı müharibə mövzusuna, bu barədə mən sözümü ekrandan deyirəm”.
   Ona görə də Ş.Mahmudbəyovun yaratdığı filmlər arasında müharibə mövzulu (“Şərikli çörək”, “Dörd bazar günü”, “Skripkanın sərgüzəşti”), bu və ya digər dərəcədə hərbi mövzuya toxunan (“Torpaq. Dəniz. Od. Səma”, “Tənha narın nağılı”) kino əsərləri xüsusi yer tutur.
   Azərbaycan kinosunda arxa cəbhəni əks etdirən bədii filmlər çoxdur. “Bakının işıqları” (rej. A.Zarxi, İ.Xeyfits, R.Təhmasib), “Bizim Cəbiş müəllim” (rej. H.Seyidbəyli), “Gilas ağacı” (rej.T.İsmayılov), “Bakıda küləklər əsir” (rej. M.Dadaşov), “Tütək səsi” (rej. R.Ocaqov) və s. bu qəbildəndir. “Bizim Cəbiş müəllim” hərbi kinopovesti müharibə illərində hərbi texnikanın hərəkətə gətirilməsində neft Bakısının həlledici rol oynamasından, bunun əhəmiyyətindən bəhs edən tutarlı bədii kino əsəridir.
   “Bizim küçə” (rej. Ə.Atakişiyev), “Dağlarda döyüş” (rej. K.Rüstəmbəyov), “Ömrün ilk saatı” (rej. A.Babayev), “Ölsəm, bağışla” (rej. R.Ocaqov), “Sahilsiz gecə” (rej. Ş.Ələkbərov) və s. filmlərdə də müharibə mövzusuna toxunulub. Lakin Azərbaycan kinosunda ön cəbhənin əks olunmasına az rastlanır. Buna müharibədən sonra yaradılmış “Uzaq sahillərdə”, “Skripkanın sərgüzəşti” və “Sizi dünyalar qədər sevirdim” bədii filmlərini misal göstərmək olar.
   Rejissor Rasim İsmayılovun çəkdiyi “Sizi dünyalar qədər sevirdim” qəhrəmanlıq kinodramı C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradıcılıq uğuru kimi qiymətləndirilmiş və filmə ümumittifaq baxışı keçirilmişdir.
   Film iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasının səhifələrini canlandırır. Filmdə Həzi Aslanovun iştirak etdiyi döyüş səhnələri Belorusiyada qış vaxtı, çoxsaylı hərbi texnika ilə o qədər real və təbii çəkilib ki, onunla bağlı hər epizod tamaşaçıda həyəcanla bərabər qürur hissi doğurur.
   Böyük Vətən müharibəsindən sonra Azərbaycan kino sənətində müharibə mövzusunda 25-dən artıq sənədli film istehsal olunub. Bu filmlərdə xalqımızın istər müharibənin ilk günlərindən sonuna kimi döyüş meydanlarında, istərsə də müharibədən sonra quruculuq dövründə əsl hünər və şücaət göstərmələrindən söhbət açılır.
   2005-ci il mayın 5-də böyük qələbənin 60 illiyi münasibətilə bu sətirlərin müəllifinin təşəbbüsü və kinostudiya rəhbərliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının həyətində 1941-1945-ci illər müharibəsində iştirak etmiş kinematoqrafçıların şərəfinə xatirə lövhəsinin açılış mərasimi keçirildi. Tədbirdə çıxış edənlər müharibədə iştirak etmiş kino işçilərinin müxtəlif cəbhələrdə mərdliklə vuruşmalarından, faşist orduları ilə üz-üzə gələrkən həm əsl şücaət və igidlik göstərmələrindən, həm də kino çəkilişləri aparmalarından danışdılar.
   Kinooperatorların bu müharibədə böyük zəhməti olmuşdur. Əgər onlar çəkiliş aparmasaydılar, bəlkə də tarix bu qəhrəmanları, ağır döyüş epizodlarını əks etdirən müharibənin səhifələrindən xəbər tutmazdı. Biz heç vaxt bu insanları yaddan çıxarmamalıyıq.
   
   Aydın Kazımzadə,
   Azərbaycanın əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar