![](/img/news/700x420/3462.jpg)
Bu günlərdə yenicə nəşr olunmuş “Azərbaycan kinematoqrafçıları” (II buraxılış) kitabı da görülən bu işlərin əməli davamı kimi diqqəti cəlb edir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmaqla bərabər, həmçinin gələcək tədqiqat işlərinin də aparılmasına böyük təkan vermiş olacaq.
Ömrünün əlli ilini Azərbaycan kinosunun təşəkkül tapmasına və inkişafına həsr edən kinorejissor və kinoaktyor Ağarza Quliyev, Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Almaszadə, kinooperator və ssenarist Muxtar Dadaşov, xalq artisti Lütfəli Abdullayev, kinorejissor Arif Babayev, uzun müddət kino sahəsində çalışmış xalq rəssamı Məmmədağa Hüseynov, bəstəkar Emin Sabitoğlu, xalq artisti Həsənağa Turabov, milli kinomuzun tarixində özünəməxsus obrazları ilə dərin iz qoymuş xalq artisti Həsən Məmmədov, kinooperator Şərif Şərifov, xalq artisti Şahmar Ələkbərov, kinorejissor və kinoaktyor Ceyhun Mirzəyev, maraqlı ekran əsərləri ilə tanınmış kinorejissor Gülbəniz Əzimzadə haqqında deyilən hər bir fikir bu şəxslərin həyat və yaradıcılığına diqqət çəkməklə, onların böyük yaradıcılıq yollarının öyrənilməsi və təbliği baxımından əhəmiyyət kəsb edir.
Kitabın sonunda toplanmış filmoqrafiya və Azərbaycan filmlərinin bir qismini özündə cəmləşdirən illüstrasiyalara daha böyük maraqla baxılır və Azərbaycan kinosunun şərəfli tarixindən xəbər verir.
Kitabın ərsəyə gəlməsində kinoşünas Aydın Kazımzadə ilə yanaşı, buraxılışa məsul Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyevin, redaktor Şəhla Bürcəliyevanın, dizayner Rəşad Qasımovun, korrektor Nailə Hacıyeva və kompyuter yığımı üçün Xəyalə Hidayətzadənin də əməyi xüsusi qeyd edilməlidir.
Kino tariximizin tədqiq və təbliği missiyasını üzərinə götürmüş Əməkdar incəsənət xadimi Aydın Kazımzadəyə gələcək işlərində uğurlar arzulayır və yeni nəşrləri gözləyirik.
Anar Bürcəliyev,
teatrşünas