Rejissor Elçin Musaoğlunun “40-cı qapı” filmindəki hadisələr ötən əsrin sonunda (90-cı illər) yeniyetmə bir gəncin həyatından bəhs edir. 14 yaşlı Rüstəmin (Həsən Səfərov) Moskvaya alver üçün getmiş atasının ölüm xəbəri gəlir. Həyata hazır olmayan yeniyetmə gənc və çıxılmaz vəziyyətdə qalan evdar anası adi məişət problemlərinin əlində aciz qalırlar. Belə vəziyyətdə Rüstəm ailəyə qazanc gətirmək məqsədilə məktəbi atmağa məcbur olur. Dolanışıq naminə hər cür əziyyətə qatlaşan bu yeniyetmənin maraqlı bir dünyası var. O, ruhunun ritminə uyğun olan musiqilərin avazı ilə xəyal qurur, mahir nağara ifaçısı olmağı arzulayır, bu musiqi alətini almaq üçün pul toplamağa çalışır. Lakin maşın yumaqla gündəlik yaşayışlarını güclə təmin edən yeniyetmə xəyallarının gerçəkləşə bilməyəcəyini də başa düşür.
   
   Ailənin ağırlığının azyaşlı oğlunun çiyinlərinə düşməsinə razı olmayan Rüstəmin anası ona kömək etmək istəsə də, həyatın sərtləşmiş qanunları və ətrafındakı bədniyyətli insanların olması ona bu imkanı vermir. O, susmağa, oğlunun qəmgin həyat tamaşasındakı “çaşqın qurban” obrazını seyr etməyə məcburdur.
   Hadisələrin cərəyan etdiyi Bakıətrafı kiçik qəsəbədə (“40-cı qapı”da) belə yeniyetmələrin çoxluq təşkil etdiyini görürük. Məktəbi atıb, küçələrdə maşın yumaqla bir tikə çörək qazanmağa məcbur olan Rüstəm isə onların ümumiləşdirilmiş obrazıdır.
   Rüstəm İbrahimbəyovun gözəl bir sözü var: “İncəsənətin əsas məqsədi insanda insanlığı qorumaqdır”. “40-cı qapı” filmində də bu meyar əsas götürülüb. Həyatın sıxıntıları ilə dolu kadrların fonunda insanlara ünvanlanmış mərhəmət, səmimiyyət prinsipləri dayanır. Həyatın yazılmamış amansız qanunları dünya kinosunun həmişə aktual mövzusu olub.
   Sürrealizm, neorealizm cərəyanlarına aid olaraq dünyanı heyrətə salan filmlər müxtəlif xalqların sakinlərinin daxili aləmlərinin, mənəvi dünyalarının mahiyyətini bədii dəyələrlə, vizual effektlərlə dəqiq şərh etdiyinə görə cəmiyyəti heyrətə gətirirdi.
   Bizim kinoda isə hadisələrin mahiyyəti bəzən sovet rejiminin qadağalarına məruz qaldığına görə o qədər də qabarıq və emosional işlənmədiyindən bəzi dövrlərin kino təqdimatında həyat süni və yad təsir bağışlayıb. Bu gün isə vizual vasitələrin (televizor, kompyuter, telefon və s.) bolluğunda olan tükənməz tamaşaçı tələbatına cavab vermək çətindir. Filmlərin baxılmamağının səbəbini bu kimi amillərlə əsaslandırsaq da, kinosevərlərin arasında səmimi, sadə hadisələrin poetik və yaxud real təsvirlərinin seyrinə üstünlük verən düşüncəli tamaşaçılar da çoxdur.
   Bu mənada kinoda tamaşaçıların gözlərini qamaşdıran köməkçi təsvir vasitələrinin (kompyuter qrafikası, ən son texniki təchizat və s.) rolu o qədər də həlledici deyil. Çünki, bədii mahiyyəti güclü olan ekran əsərlərinin dramaturji materialına bu kimi amillərin yoxluğu elə də xələl gətirmir.
   Deməli, kinonun durmadan inkişaf edən imkanlarının labüdlüyü hər bir film üçün vacib deyil. Yetər ki, yaradıcı kollektivin fərdi keyfiyyətlərindəki peşəkarlıq aydın və qabarıq şəkildə özünü büruzə versin.
   “40-cı qapı” filmindəki reallığa maksimum səviyyədə yaxın olan hadisələrin şablonsuz təsvirlərinin kamera dinamiksizliyi ilk baxışda sanki məziyyətlərin qəbul olunmasını ləngidir. Lakin hadisələrin məntiqi mənasını dəqiq diktə edən mizanlardakı personajların mövqeyi, aktyorların qabarıq ifaları bizi ekrandakı dramatik hadisələrə biganə qalmamağa məcbur edir. Reallıqların əksi olan bədii materialın ekran variantı daim tamaşaçılar üçün maraqlı olub. Köməkçi, gözqamaşdıran texniki vasitələr kinonun vizual effektlərini gücləndirsə də, maddi çətinliklər dövrundə bunlarsız da güclü kompozisiyaya malik ekran əsərləri uğur qazanır. Belə kinonu yoxsul, lakin zəngin mənəviyyatı olan bir canlıya bənzətmək olar.
   “40-cı qapı”dakı hadisələrin mahiyyəti dərindir. Uşaq dünyasını, qadın zərifliyini həyat mübarizəsi zəminində qəddarlıq qanunlarına əsasən tapdalayan həyat amilləri, küçə qanunları əslində qlobal bəlaların başlanğıcıdır. Hamımız bilirik ki, kinonun tərbiyəvi cəhətlərindən biri də insanda mədəni, mənəvi keyfiyyətlərin yüksək olmasının labüdlüyünü vurğulamaqdır. Buna əngəl olan amillər isə ya müharibələr, ya da ki, insanın insan tərəfindən istismarına rəvac verən diktatorluq iddiasıdır. Sən demə, küçədə bir tikə çörək qazanmaq üçün maşın yuyanların da qazandıqları qəpik-quruşdan haqq verəcəkləri “reketlər” var. Onların mövqeyi isə kütləvi şəkildə odlu və soyuq silahla silahlanmış cinayətkarlardan da təhlükəlidir. Ona görə ki, dünyanın sivil dövründə psixoloji istismara üstünlük verən bu cinayətkar dəstələrin əsas qurbanları məhz həyatın məngənəsində sıxılmaqla problemlərinə boyun əyən azyaşlı, çarəsiz uşaqlardır.
   İnsanların fərdi xüsusiyyətləri kimi formalaşdırdığı küçə anlayışları kinematoqrafiyanın daim müraciət etdiyi bir mövzudur. Ta qədimdən insanların kimliyini, mövqeyini müəyyənləşdirən məskənləri fərqlənib. Bu fərqliliyin fonunda isə yaşayan insanların həyat mövqeyini, düşüncələrini kino daha dəqiqi səciyyələndirir.
   “40-cı qapı»da yoxsullara dayaq durmağa çalışan çarəsiz oğru da var, əlacsız kasıb da, əxlaqsız varlı tacir də. Qəribədir ki, “40-cı qapı” balansı böyük olan həyat tərəzisinin ölçüsünə görə ən kiçik, orada məskunlaşan və imkansızlıqları daxilində əriyən sakinlərinin dərdlərinin çəkisinə görə isə ən ağır daşıdır.
   “40-cı qapı” sirlərlə, təzadlarla dolu olan dünyanın bizi təəccübləndirən qaranlıq bir otağıdır. Bu otaq filmdən də göründüyü kimi, alınlarına yoxsulluğun əzab və iztirabları yazılmış nakam insanlara məxsusdur. Yoxsulluqdan, qazanc dalınca evindən didərgin düşən insanların (Rüstəmin atası, dayısı) da qaranlıq həyatlarının natamam sonluqlarını “40-cı qapı” özünə çəkir. Bir sözlə, “40-cı qapı” sözün əsl mənasında həyat məngənəsidir. Lakin burada yaşayan insanlar ümidlərini itirmirlər. Onların mənəvi zənginlikləri maddi yoxsulluqlarını üstələyir.
   Deməli, dünyanı dəyərləndirən “kəşməkəşli rəngarəngliyi” yox, insanlığa dəyər verən, onları mədəniyyətə doğru səsləyən, güc verən zəngin mənəviyyatdır. Bu mənəviyyatın keşiyində duranlar isə dədə-baba xalçasını, mirasını hər vəchlə qorumağa çalışan, dinamik həyat ritmlərini qəlblərində səsləndirməyə məcbur olan Rüstəm kimi məğlubedilməzlərdir. O, hələ üzünə gülməyən həyat qapısının başlanğıcındadır. Sonu görünməyən yüzlərlə qaranlıq mənzillərin qapısını isə onun əqidəsi, cəsarəti açacaq. O əqidə ki, başqalarının da yoluna nur saça biləcək.
   14 yaşlı Rüstəm obrazının ifaçısı Həsən Səfərov obrazın psixoloji cəhətlərini, mövcud xüsusiyyətlərini real canlandırıb. O, qaranlıq dünyanın “40-cı qapı”sının kiçik sakininin həyata baxış formalarını şablonsuz oynayıb. Hadisələrin bədii mahiyyətinin tamaşaçıya operativ çatdırılmasında Rüstəm obrazının xüsusi rolu var. Lakin tərəf-müqabillərinin kamera qarşısındakı naşılığı onun da yaradıcılığına kölgə salır. Məsələn, maşın yuyan uşağın donuq jestləri, Rüstəmin döydüyü “reket” oğlanın arxayın qaçışı, kor uşağın həyatı ilə razılaşmış mövqeyi və s.
   Qaranlıq dünyalarına işıq ucu düşməyən qadınların ümumiləşdirilmiş obrazlarının dramaturji psixologiyasını açmaq isə Rüstəmin anası rolunu ifa edən Gülər Nəbiyevanın üzərinə düşüb. Bu obraz ərini dinc dövrdə deyil, müharibədə, cəbhədə itirən çarəsiz bir qadın təsiri bağışlayır. Yalnızlığın dəhşətini, imkansızlığın insanı səfilliyə, çarəsizliyə sürükləyən vəhşətinin dözülməzliyini Gülər bütün yaradıcılıq imkanları daxilində ifa etməklə, rejissor ideyalarını tamaşaçıya daha da yaxınlaşdırmış oldu. Bu film bizi 1990-cı illərdə ölkəmizdə yaşanmış gərginliklərlə dolu hadisələrə nəzər salmağa vadar edir.
   Həyatımızın müəyyən mərhələlərini tərənnüm edən bu kimi filmlər insanlara yeni, gözəl həyat quruculuğu uğrunda apardığı mübarizələrdə stimul verir, onları əyilməzlik naminə inkişafa, tərəqqiyə, maarifpərvərliyə çağırır.
   Rejissor Elçin Musaoğlu həyata olan fərqli baxışlarını yaradıcılığı fonunda bizə pıçıldamaqla sənətdə olan prinsipiallığını göstərmiş oldu.
   
   Şəhla Bürcəliyeva,
   kinoşünas







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar