Bu günlərdə iki həmyerlimiz - Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi Zəhra Əliyeva və “ART qrup” qalereyasının direktoru, rəssam Cəmilə Həşimova Belçika Krallığında yaşayan şahzadə Stefani de Vindiş Qretsin qonağı olublar. Şahzadə Stefani Avstriyanın imperatriçası olmuş Yelizavetanın (Sisi) Belçika kralı II Leopoldla izdivacından dünyaya gələn nəticələrindəndir. Şahzadənin Avstriyada öz qəsri olsa da Belçikada yaşamağa üstünlük verir. Brüsseldə onun üçün ayrılmış ərazidə 500 kv.m sahəsi olan böyük mülk tikdirərək orada “Vindiş-Qrets” fondu yaradıb. Fondun devizi “Mədəniyyət vasitəsilə insanları dialoqa gətirmək”dir. Onu da qeyd edək ki, həmyerlilərimiz Belçikaya səfər zamanı on gün ərzində şahzadə xanımın həmin mülkündə yaşayıblar. Zəhra Əliyeva səfər təəssüratını bizimlə bölüşdü:
   
   - Üç il əvvəl xanım Stefani de Vindiş Qretslə Əlcəzairdə - sufiliklə bağlı beynəlxalq konfransda tanış olarkən onun səmimiliyindən, Şərqə olan münasibətindən bir istilik hiss etdim. Adlı-sanlı, mötəbər soy-kökdən olan bu xanım yüksək insani keyfiyyətləri, mədəniyyəti ilə də diqqəti cəlb edirdi. Sufiliklə maraqlanan şahzadə biləndə ki, bu fəlsəfi cərəyanın yaradıcıları arasında böyük azərbaycanlı mütəfəkkirlər olub, mənə daha çox diqqət yetirdi. Oradakı çıxışımı dinlədikdən sonra məni Belçikada görmək, dostları ilə tanış etmək istədiyini dedi. Nəhayət, bu səfər baş tutdu.
   Onu deyim ki, “Vindiş-Qrets” fondu mədəniyyətin inkişafı, küçə uşaqlarına hamilik etmək, elm, incəsənət, texnologiya mübadiləsi və s. sahələrlə məşğuldur, ətrafında intellektləri, incəsənət nümayəndələrini, alimləri, mütərəqqi fikirli adamları - insanlığın gələcəyi üçün narahat olanları toplamağa çalışır. 70 yaşlı şahzadə xanım həm də gözəl rəssamdır. Dünyanın əksər ölkələrində sərgiləri keçirilib. O, əsasən şam işığında portretlər və savannanın vəhşi heyvanlarını çəkir. Anası ilə bir müddət Keniyada yaşayan xanım dəfələrlə Saxara səhrasına səfər edərək müxtəlif qəbilələr, şamanlarla tanış olub. Yeri gəlmişkən, böyük qırğız yazıçısı Çingiz Aytmatov Lüksemburqda diplomatik işdə çalışarkən şahzadə Stefani onunla yaxından tanış olub, sonra Qırğızıstana gələrək bir neçə ay dağda - şamanlarla bir yerdə yaşayıb. Xanım Stefani bu səfərlərin nəticəsi olaraq onlarla kitab ərsəyə gətirib, sonuncu kitabı “Müdriklərin zamanı” adlanır.
   Müxtəlif layihələr həyata keçirən fondun “Çayxana” adlanan layihəsi də var. Onun əsasında xanım Stefani müxtəlif ölkələrdən dostlarını - sufizmlə məşğul olan müğənniləri, rəqqasələri, qələm sahiblərini qonaq dəvət edərək onları görüşdürür. Biz orada muzeyləri, bəzi görməli yerləri ziyarət etməklə yanaşı Seneqal, Pakistan, Əfqanıstan, Mərakeşdən gəlmiş sufi müğənnilərin konsertində də olduq.
   Mənim görüşlərim əsasən dünyanın ən böyük, qədim təhsil ocaqlarından olan, təməli 1425-ci ildə filosof Rotterdamlı Erazm tərəfindən qoyulmuş Luven Katolik Universitetində oldu. Bu təhsil ocağı 1968-ci ildə iki yerə ayrılsa da (fransız və flamand) əzəli katolik adını saxlamaqdadır. Universitetdə müasir dünyada İslamın öyrədilməsi mərkəzi də fəaliyyət göstərir. Burada alimlərlə görüşlər keçirib Fəzlullah Nəimidən, Seyid Yəhya Bakuvidən və başqalarından bəhs edən maraqlı söhbətlər apardım. Onu da deyim ki, həmin söhbətlər zamanı universitetin nəzdində fəaliyyət göstərən elmi mərkəzdə həmin mövzularda daha geniş məruzələr etməyə dəvət aldım. AMEA-nın Fəlsəfə İnstitutunda sufizm mövzusunda beynəlxalq konfrans keçirməklə həmin elmi mərkəzlə sıx əlaqələr yaratmaq niyyətindəyik.
   Cəmilə Həşimova da Brüsseldə öz fərdi sərgisini keçirdi. Sərgini şahzadə xanım açdı. Sərgiyə gələnlərin bir çoxu onun adlı-sanlı dostları idi (onlar sonda bəzi əsərləri öz kolleksiyaları üçün aldılar). Sərginin işində göstərdiyi köməyə görə Azərbaycanın Belçikadakı səfirliyinə, eləcə də səfərimizin reallaşmasında bizə yardımçı olmuş Belçikanın Azərbaycandakı səfirliyinə minnətdarıq. Belçikada olduğumuz müddətdə Cəmilə xanım bu ölkənin bir neçə şəhərində də sərgilər keçirmək üçün dəvət aldı.
   Bir qədər də şahzadə xanımın qonaqpərvərliyindən danışmaq istəyirəm. Xanım Stefani əziz dostları kimi bizi öz evində yerləşdirmişdi - Qırmızı Çin otağında yaşayırdıq. Öz şəcərəsinin gerbi haqqında açıqlama verən şahzadə başına tac qoyulmuş boz qurdu göstərərək fəxrlə etiraf edirdi: “Bu, Şərqdən gəlmiş canavardır”. Bizə səhər yeməyini və axşam çayını özü hazırlayıb süfrəyə gətirirdi. Ev sahibəsi kimi bu işi onun əlindən ala bilmirdik. Ümumiyyətlə, fondun binasından içəri daxil olarkən özünü başqa aləmdə hiss edirsən. Buranın ab-havası, bütün gördüklərin səni qədim dövrlərə aparıb çıxarır. Yüksək incəsənət nümunələri toplanmış, divarları Stefaninin özü çəkdiyi portretlərlə bəzədilmiş bu möhtəşəm evdə şahzadə xanımın kökü yüzilliklərə gedib çıxan kübar şəcərəsini duyur, əsl-nəslini göz önündə canlandırıb qədim Avropa monarxiyasına səyahət edirsən. Şahzadə Stefani öz əcdadlarından qalan 3 min əsər toplanmış zəngin kitabxanasını, fondda saxlanan bütün mədəni irsi gələcək nəsillər üçün şəcərəsindən bir ərməğan kimi qoruyub saxlayır. Onda gördüyümüz yüksək mədəniyyəti, kübarlığı, qonaqpərvərliyi heç vaxt unutmayacağıq.
   
   İradə Əsədova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar