Onu tanımamışdan öncə yaradıcılıq işi ilə tanış olmuşdum. Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Rəssamlar İttifaqı ilə birgə təşkil etdiyi “Azərbaycan rəssamlarının avtoportretləri” adlı sərgidə nümayiş etdirilən əl işi çoxları kimi mənim də marağıma səbəb oldu. Gənc rəssam Elay Məmmədov öz avtoportretini metal pərçimləmə yolu ilə düzəltmişdi. Fərqli bacarıq nümayiş etdirən istedadlı gənci yaxından tanımaq və oxuculara da tanıtmaq qərarına gəldim. 
      
   Elay Məmmədov Naxçıvan şəhərində doğulub. Uşaqlıqdan rəssamlığa həvəs göstərib. Sonradan rəssamlığa olan marağı onu bu ixtisas üzrə biliklərini genişləndirməyə həvəsləndirib. 2002-ci ildə Naxçıvan Dövlət Universitetinin təsviri-incəsənət və rəsmxət fakültəsinə daxil olan Elay 2006-cı ildə təhsilini başa vurub.
   Hərbi xidmətdən sonra rəssam olmaq istəyi onu Dövlət Rəssamlıq Akademiyasına gətirib, rəngkarlıq şöbəsində bu sənətin sirlərini öyrənib. Bu il təhsilini başa vuran Elayın Azərbaycanın müxtəlif bölgələrində təşkil olunan sərgilərdə əsərləri nümayiş olunub. O, fərdi sərgisinin də təşkilini planlaşdırır.
   Dediyinə görə, incəsənətdə öz “sözünü” fərqli şəkildə deyə bilən rəssam olmaq arzusundadır: “Rəssamlıq yeniliyi sevən sənətdir. Yeniliyin olması üçün fərqli düşüncə və fərqli iş olmalıdır. Düşünürəm ki, rəssamlıq sonu bilinməyən bir sənətdir. Bu sahədə həmişə öyrənməliyəm”.
   Söhbət əsnasında metal sink qarışığından avtoportret yaratmaq ideyasının haradan yarandığını soruşuram. Gənc rəssam deyir ki, incəsənətin bütün növlərində fərqli və yeni bir şey əldə etmək insanlarda xoş əhvali-ruhiyyə yaradır: “Mən rəngkarlıq və heykəltəraşlıq janrlarında da avtoportretimi çəkə və ya hazırlaya bilərdim. Düşündüm ki, yaradacağım əsər izləyicinin yaddaşında iz buraxmalıdır. Məndə ideya yarandı ki, metaldan nə isə hazırlayam. Bu işimdə əymə, birləşdirmə və pərçimləmələrdən istifadə etmişəm. Hər halda metaldan əvvəllər nələrsə düzəldilib. Amma hansısa rəssamın metaldan öz avtoportretini hazırlamasına rast gəlməmişəm. Bununla iştirakçılarda əl işlərimə maraq yaradacağımı düşünürdüm”.
   Elay Məmmədov Rəssamlıq Akademiyasında təhsil alarkən diplom işini Qarabağ mövzusuna həsr edib. Deyir ki, hər bir rəssam Qarabağ mövzusuna əsər həsr etməlidir. Azərbaycanlı rəssamlar öz fırçasının gücü ilə həqiqətləri dünyaya çatdırmalıdırlar. Klassiklərin əsərlərindən çox şey öyrəndiyini bildirən rəssam hələ sənət yolunda öz üzərində çox çalışmalı olduğunu vurğulayır.
   Həmsöhbətimin rəssamlıqla bağlı maraqlı fikirləri var: “Məncə, rəssamın üzərinə düşən ən böyük iş öz dövrünün fəlsəfəsini tapmaqdır. İşlədiyi janrdan asılı olmayaraq onu öz yaradıcılığında əks etdirən rəssam həmişə yadda qalır. Tarixə nəzər yetirsək görərik ki, kim ki, dövrünün fəlsəfəsini əks etdirir, onlar daha çox xatırlanır”.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar