Ədhəm Yusubov: “Qobelen düşüncə tərzidir!”
   
   Qobelen dünyada geniş yayılmış, Azərbaycanda isə qədim xalq mədəniyyətinə aid süjetli xalça sənətidir. Bu gün dünyada məşhur olan bu sənət XII əsrdə ərəblər tərəfindən inkişaf etdirilib və tədricən bir çox Şərq ölkələrinə yayılıb. 
   
   Qobelen o dövrlərdə türk xalqlarının da çox işlətdiyi lazımlı məişət əşyası olmaqla yanaşı, kübarlığın rəmzi olaraq varlı insanların evlərində geniş yer alan dekor vasitəsi, saraylara, qəsrlərə ecazkar gözəllik bəxş edən sənət nümunəsi olub. Lakin Şərqin digər mədəniyyət nümunələri kimi, bu sənəti də sonrakı dövrlərdə avropalılar mənimsəyərək öz adlarına çıxarmağa çalışıblar. Orta əsrlərdə artıq qobelen sənəti Avropa ölkələrində daha da təkmilləşərək geniş yayılmışdı, kral saraylarını bəzəyirdi.
   Azərbaycanda bu sənət qədim vaxtlardan xalq tətbiqi sənətləri sırasında yer alıb. Qeyd edək ki, xalq məişətində geniş istifadə olunan üzəri təsvirli xalçaları Azərbaycanda nənələrimiz toxuyanda Avropada bu sənət növündən hələ xəbərsiz idilər. Buna sübut kimi ölkənin müxtəlif ərazilərində aparılan qazıntılarda bu sənət növünə aid xalça nümunələrinin tapılmasını göstərmək olar. Tapıntılarda tarixi eramızdan əvvəllərə söykənən xalça qalıqları üzərində xalqımızın qədim adət- ənənələrini əks etdirən dolğun, məzmunlu kompozisiyalarla zəngin, hazırda “qobelen” adlandırılan xalça nümunələri aşkarlanıb.
   Qobelen xovsuz xalça növü olub, hazırda dekorativ sənət kimi tanınmaqdadır. Sənəti dekorativ edib, onu adi xalıdan fərqləndirən əsas cəhət isə qobelen üzərində insan duyğularının, hisslərinin cəmləşdiyi süjetli kompozisiyanın məna və məzmunla ipə-sapa köçürülməsidir.
   Qobelenin hazırlanma texnikasının əsasını öncədən çəkilmiş eskiz, fikir, ideya təşkil edir. Qobelen sənəti ilə məşğul olan ilk növbədə yaradıcı rəssam olmalıdır. Rəssamın qobelen toxuması üçün ona ilk lazım olan avadanlıq, material düşüncə və xəyallarıdır. Daha sonrakı proseslər isə sadəcə icradır. Belə ki, rəssamın hazır karton eskizi dəzgaha yerləşdirildikdən sonra qobelen sadə keçirmə üsulu ilə toxunur.
   Hazırda ölkə incəsənətində xalq tətbiqi sənətinin az işlənən və unudulmaqda olan növlərindən olan qobelen yalnız şəxsi sifarişlər hesabına yaşamaqdadır. Lakin bu sənətin digər xalq tətbiqi sənəti növlərindən müsbət cəhəti də vardır ki, qobelen sənəti peşəkar ustalar tərəfindən tədris olunur və bu sənəti öyrənməyə maraq göstərənlər də var. Bu fikirləri qobelen sənətinin yaşamasında və inkişafında müstəsna xidmətləri olan sənətkar, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti, Əməkdar rəssam Ədhəm Yusubov da bizimlə söhbət zamanı vurğuladı: “Qobelen düşüncə tərzidir. Hər kəs, hər bir sənətkar öz sifətini, daxili və zahiri aləmini, xəyal dünyasını ora köçürür. İndi belədir ki, qobelen sənəti sifarişlər hesabına, şəxsi ofis, müəssisə və mənzillərdə dekor olaraq hələlik yaşayır. İstərdim, bu sənət və ümumilikdə bütün xalq tətbiqi sənətinə aid qədim mədəniyyət nümunələrimiz tam, hərtərəfli dövlət nəzarətinə götürülsün.”
   Ədhəm müəllim qobelen sənətinə maraq göstərən gənc kadrların yetişdirilməsi məsələsinə də toxundu: “On il əvvəl ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Rəssamlıq Akademiyasının yaradılması incəsənətimizə böyük töhfə, ölkə rəssamlarına isə əvəzsiz fəaliyyət stimulu oldu. Akademiyanın yeni binasına köçürülərkən, şəxsən mən qobelenin burada tədris edilməsini zəruri hesab etdim və göstərdiyim təşəbbüs sayəsində bu gün sənətin sirləri tələbələrə öyrədilir. Amma təəssüf ki, həmin kadrların az qismi sonradan sənətin arxasınca gedir”.
   Beləliklə, qobelen sənəti xalq tətbiqi sənətinin tərkib hissəsi kimi, unudulmaq təhlükəsi altında olsa da, yaşayır. Bu sənətin yaşadılıb daha geniş şəkildə inkişaf etdirilməsi xalqımızın minilliklərdən süzülüb gələn məişət mədəni irsinə, onun təbliğinə mühüm töhfə olar.
   
   Eldar İbrahimoğlu






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar