Hər sənət onu yaradan sənətkar, yaşadan xalq sayəsində mədəniyyət nümunəsinə çevrilir. Sənətkarın yaratmaq, yaşatmaq eşqinin, istəyinin qarşısını isə heç nə ilə almaq mümkün deyil. O, öz istedadını, nəyə qadir olduğunu aləmə car çəkib, özünü ifadə edəcək. 
   
   Azərbaycan Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri, “Lətif Kərimov adına Azərbaycan xalçaçılığının inkişafı fondu” İctimai Birliyinin vitse-prezidenti, Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin “Rənkarlıq və rəsm” kafedrasının müdiri Ənvər Qarayev ölkəmizin dekorativ-tətbiqi sənət rəssamları arasında böyük nüfuz sahibidir. Dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində yaradıcılıq uğurları qazanan rəssam Azərbaycan xalq sənətkarlığının nəfis, unikal növü olan və dünyada “batika” adı ilə tanınan sənətin incəliklərinə yiyələnmiş mütəxəssisdir.
   Batika sənətinin vətəni Azərbaycandır. Qısaca ifadə etməli olsaq, bu, Azərbaycan xalqının qədim ənənələrə malik kəlağayı sənətinin çağdaş varisidir. Lakin bizdə qismən unudulmaqda olan kəlağayı sənətini hazırda digər bir sıra Şərq və Avropa ölkələri inkişaf etdirərək batika adı ilə dünyada nümayiş etdirir.
   Batika nazik ipək və pambıq parça üzərində xüsusi vasitələrlə müxtəlif rəsm əsərlərinin əks olunduğu sənət növüdür. İşlənmə texnologiyasına görə batikanın iki istiqamət üzrə inkişafını qeyd etmək olar: soyuq batika və isti batika. Soyuq batika sənətkarların adətən az müraciət etdikləri növdür. Burada rəssam parça üzərində təsvir olunacaq işin tam, dəqiq və aydın eskizini çəkir. Daha sonra rezin yapışqanı, rəng və benzin məhlulların qatışığından alınan mayeni xüsusi alətlə rəsmin konturları üzərinə həkk edib, prosesi bir neçə dəfə davam etdirirlər. Bu əməliyyat gələcəkdə müəyyən rəng tonlarının təsvir üzərində bir-birinə qarışmaması üçün aparılır və hər dəfə rəng tonlarının artmasına, nəticədə isə keyfiyyətli, gözəl işin alınmasına gətirib çıxarır.
   Batikanın ikinci növü olan isti batika isə rəssama daha geniş imkanlar açır. İsti batika işlənmə texnologiyasına görə də çox maraqlı və zövqlüdür. Bu növdə hazırlanan batika nümunələrinin əsasını parafin şamı təşkil edir. Mum xüsusi qazanlarda qızdırıldıqdan sonra “ştif batik” adlanan elektrikli alətə doldurulur və yenə də öncədən hazırlanmış təsvirin cizgiləri üzərində hərəkət etdirilib, kontur edilir. Sonra kompozisiyanın mövzusuna uyğun olaraq rəssam tərəfindən rənglənir.
   Nəzərinizə çatdıraq ki, isti batikanı rəssamlar üçün daha maraqlı edən cəhətlərdən biri də onun sonradan sənətkarın da belə gözləmədiyi effektli nəticələr verməsidir. Sanki əsər özü-özünü gözəlləşdirib, baxımlı edir.
   Rəssam Ənvər Qarayev də batika əsəri üzərində işləyərkən son mərhələni səbirsizliklə gözləyir: “Müasir dövrdə isti batikanın bir çox işlənmə metodları var. Bunlardan biri də əsər hazır olduqdan sonra onun qızdırılmış mumun içərisinə salınaraq, rənglənməsidir. Mum quruduqdan sonra onun üzərində çatlar əmələ gəlməyə başlayır. Həmin hörümçək toruna oxşar çatlar müvafiq rənglərə salındıqdan sonra tündləşdirilir. Bu zaman rəng yaranmış çatlara daxil olur və çox gözəl, ecazkar görkəm alır. Bax, bu rəssamın özünün də böyük həvəslə gözlədiyi andır”.
   İstedadlı rəssam Ənvər Qarayev sənətində Azərbaycan folkloruna xüsusi önəm verir. O bildirir ki, xalqımızın milli-mədəni sərvəti olan kəlağayı sənəti bu gün özünü batikada təzahür etdirir. “Bu sənətə Litvadan olan bir batika ustası ilə tanışlıqdan sonra maraq göstərmişəm. Lakin qədim kəlağayı sənəti isə əsl xalqımıza məxsus adət-ənənədir. Mən bu gün bu sənəti milli ənənələrə sadiq qalaraq inkişaf etdirməyə, həm kəlağayı sənətində, həm də müasir batikada Azərbaycanın tarixini, mədəniyyətini, folklorunu hər işimdə dünyaya çatdırmağa çalışıram”.
   Ənvər müəllimin gözoxşayan əsərləri dünyanın bir çox ölkələrində və beynəlxalq sərgilərində böyük rəğbətlə qarşılanır. Rəssamın mədəniyyətimizi, xalqımızı yüksək məzmunlu çalarlarla tərənnüm etdiyi əsərləri bəyənilərək, dünyanın tanınmış muzeylərində, qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılır. Moskvadakı Şərq Muzeyində sənətkarın “Çovqan”, Berlin Dekorativ İncəsənət Muzeyində “Cıdır”, Antalya Rəssamlıq Qalereyasında “Türkün sözü” və s. əsərləri sərgilənərək, izləyənləri Azərbaycan haqda yüksək düşüncələrə kökləyir, ölkəmizin mədəniyyəti barədə məlumat verir.
   Sonda əlavə edək ki, mədəniyyətin, sənətin, tarixin, mənəvi dəyərlərin keşiyində dayanmağın müxtəlif yolları var. Azərbaycanın Əməkdar rəssamı Ənvər Qarayev də istedadını, əməyini bu yöndə sərf edib, mədəniyyətimizi layiqincə təmsil və təqdim etməyə çalışır.
   
   Eldar İbrahimoğlu






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar