Dekabrın 7-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilən tədbirdə “Amerika arzularımda” adlı müsabiqənin qalibləri elan olundu. Akademiya ilə əməkdaşlıq şəraitində ABŞ-ın Bakıdakı səfirliyi tərəfindən təşkil olunan rəsm müsabiqəsində 52 azərbaycanlı tələbə rəssam iştirak edib. Bu incəsənət əsərləri hazırda Dövlət Rəssamlıq Akademiyasının qalereyasındakı sərgidə nümayiş olunur.
Sərgi ABŞ səfirliyinin nümayəndəsi Terri Devidson və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov tərəfindən açılıb. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin aparıcı məsləhətçisi Qalib Qasımov da tədbirdə çıxış edərək sərgi iştirakçılarına uğurlar arzulayıb.
Qeyd edək ki, bu, Amerika səfirliyi tərəfindən maliyyələşdirilən ikinci rəsm müsabiqəsi və sərgisidir. Sərginin məqsədi Birləşmiş Ştatlarla Azərbaycan arasında qarşılıqlı anlayışı dərinləşdirməkdir. “Ümidvarıq ki, bu növ layihələr azərbaycanlılara və amerikalılara bir-birlərini daha yaxşı tanımaq imkanı verəcək. Akademiyanın tələbələri tərəfindən işlənən rəsm əsərləri və heykəltəraşlıq işləri böyük istedad və Birləşmiş Ştatlara olan marağı nümayiş etdirir. Biz Rəssamlıq Akademiyası xüsusilə də tələbə rəssamlarla tərəfdaş olmaqdan şərəf duyuruq”, -deyə Terri Devidson bildirib.
Mehparə