Dekabrın 27-də Milli Azərbaycan Tarixi Muzeyində bu muzeyin, Rəssamlar İttifaqının və Bakı Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə tanınmış fırça ustası Vüqar Həziyevin “Qələbə ayini” əsərinin təqdimatına həsr olunmuş “Bir rəsmin sərgisi” adlı tədbir keçirildi.
Tədbirdə çıxış edən Bakı Rəsm Qalereyasının müdiri Eldəniz Babayev bildirdi ki, rəssamın beşillik zəhmətinin bəhrəsi olan, tarixi janrda işlənmiş əsər milli dövlətçiliyimizi və qədim köklərimizi əks etdirir. Əsər böyük ölçüsü, mürəkkəb kompozisiyası ilə seçilir və eramızdan əvvəl VII-VI əsrdə Azərbaycanın qədim Manna, Midiya kimi möhtəşəm dövlətlərini idarə etmiş Kiaksara həsr edilib. Əsərdə assuriyalılara qalib gəlmiş Kiaksarın qələbəsi şərəfinə keçirilən yığıncaq təsvir olunub. Tabloda 29-dək kişi təsvirlərinin hər birinin üz cizgilərinin dəqiq və zərif işlənməsi, daxili hissiyyatının təsviri rəssamın portret janrında yüksək məharətindən xəbər verir.
Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, muzeyin əməkdaşı, Əməkdar elm xadimi Gülşən Hacıyeva, AMEA-nın müxbir üzvü, professor İlyas Babayev, Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, professor Rafiq Sadıqov, sənətşünas Ziyadxan Əliyev və digər çıxış edənlər orijinal kompozisiya həlli, rəng və harmoniyanın vəhdəti ilə diqqəti cəlb edən əsərin məziyyətlərindən danışdılar, süjetin mürəkkəbliyinə baxmayaraq, kompozisiya tamlığı ilə fərqləndiyini qeyd etdilər. Natiqlər uzun illər rəssamlarımızı düşündürən bu tarixi mövzunun nəhayət ki, bədii təcəssümünün tapmasını yüksək qiymətləndirdilər.
Rəssam V.Həziyev sənətinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi, yaradıcılıq planlarından danışdı.