Ölkəmizdə mədəniyyətə, incəsənətə dövlət qayğısı gənc sənətçilərin yetişməsində də özünü göstərir. Belə gənclər arasında öz istedadı, sənəti ilə tanınan rəssamlar da var. Tez-tez müxtəlif sərgilərdə, müsabiqələrdə yaşlı nəslin nümayəndələri ilə yanaşı, onların da əl işləri ilə tanış oluruq. Maraqlı rəsm kompozisiyaları, özünəməxsus üslubu ilə seçilən, əsərləri təkcə ölkəmizdə deyil, xaricdə də sərgilənən gənc fırça ustalarından biri də Ramil Əliyevdir.
   
   28 yaşlı rəssamın sənətdə atdığı uğurlu addımlar onu artıq peşəkar sənətçi kimi püxtələşdirib. Ağ və qara rənglərlə öz sənət dünyasını canlandıran Ramil rəssamlığın qrafika növü ilə məşğul olur. 2005-ci ildə Azərbaycan Rəssamlıq Akademiyasının “Kitab qrafikası” bölümünü fərqlənmə diplomu ilə bitirib. Daha sonra akademiyada “İllüstrator” ixtisası üzrə magistr dərəcəsi alan Ramil peşəkar karyerasını uğurla davam etdirməkdədir. Hazırda Rəssamlıq Akademiyasının doktorantıdır, “Kitab qrafikası” mövzusunda nəzəri və praktiki təcrübə və biliklərinə söykənərək elmi işinin müdafiəsinə hazırlaşır. Rəssam 2002-ci ildən müxtəlif nəşriyyat, reklam şirkətləri ilə əməkdaşlıq edir. Müxtəlif reklam, bədii və animasiya filmləri layihələrində iştirak edib.
   Ramil Əliyev yaratdığı əsərləri ilə ölkəmizi layiqincə təmsil edərək, xaricdə də tanınmaqdadır. O, ABŞ, Meksika və digər ölkələrdə keçirilən sərgilərdə iştirak edib, mükafatlara layiq görülüb. Gənc rəssam Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Karikaturaçılar Cəmiyyətinin üzvüdür.
   Ramil qrafika üslubunda yaratdığı əsərlərində xalq nağılları, dastanları, folkloru müasirliklə vəhdətdə yüksək ustalıqla canlandırır. Xalq ruhuna yaxın, milli koloritlərin qabarıq təsviri əsərlərinin əsas xəttini təşkil edərək, geniş məna çalarları ilə insanı düşünməyə və qədim mədəni dəyərləri tamaşaçıya hər cizgidə çatdırmağa hesablanıb. Rəssamın ağ və qara rənglərdən ibarət qrafika üslubuna aid yaratdığı əsərlər yeni, gənc təfəkkür tərzinin məhsulu kimi ideya və fikir müxtəlifliyinə görə də rəngarəngdir.
   Rəssam öz fərdi üslubunu, yanaşma tərzini bu cür izah edir: “Çəkdiyim əsərlərdə insan təsviri əsasdır. Ətrafda yer alan bütün varlıqlar insana nəzərən götürülür və ona tabe olur. Rəsmlərimdə süjet xətti insan amili üzərində qurulur. Ümumilikdə insan mənə hərtərəfli maraqlıdır. Onu yaratmaqla “insan”ı öyrənməyə, bizə məlum olmayan cəhətlərini kəşf etməyə çalışıram”.
   Qeyd edək ki, bu yaxınlarda keçirilmiş “Şərqdən Şərqə” adlı rəsm sərgisində Ramilin gözəl, məzmunlu əl işləri ziyarətçiləri ən çox maraqlandıran, özünə cəlb edən əsərlər sırasında idi. Rəssam gələcəkdə yaratdığı yeni-yeni əsərləri ilə daha geniş şəkildə fərdi sərgisini keçirməyi planlaşdırır.
   
   Eldar İbrahimoğlu







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar