“Nəfsinə əsir olan birisi ağac görəndə təsəvvürünə ət taxtası, toxmaq gəlir. Başqa birisi isə taxtanın cizgilərini metafizik aləmə gedən cığır kimi görür”
   
   Xəttatlıq sənəti təşəkkül tapdığı orta əsrlərdə yüksək savad, bilik dərəcəsi hesab edilirdi. Ona görə də bu sənətdə şöhrət qazanmaq olduqca çətin idi. Xəttatlar tarixən kitab üzü köçürər, memarlıq abidələri, binalar və məzar daşları üçün yazı qəlibləri hazırlayardılar. Bu sənət əsrlərdən keçərək bu günümüzə gəlib çıxıb. Xəttatlıq sənətini yaşadan, bu sənətin mahir bilicilərindən biri də Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun əməkdaşı xəttat Seyfəddin Mənsimoğludur.
      
   Seyfəddin Mənsimoğlu (Məhəmmədvəliyev) 1936-cı ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1960-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1975-ci ildə İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) bitirib. 1964-cü ildən Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda işləyir. Bu illər ərzində muzeyləri bəzəyəcək sənət əsərləri yaradıb. “Soltan Məhəmməd”, “Rəhil” adlı əsərləri Berlindəki İslam Mədəniyyəti Muzeyinin ekspozisiyasında saxlanılır. Əlyazmalar İnstitutunun ekspozisiyasında klassik şair və yazıçılarımıza həsr olunmuş işləri nümayiş etdirilir. 2007-ci ildə Səudiyyə Ərəbistanında keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində təşkil olunan sərgidə əsərləri böyük maraq doğurub.
   Haqqında onlarla məqalə yazılıb, televiziya və radioda verilişlər hazırlanıb, “İki ömür” adlı televiziya filmi çəkilib.
   Sənətkar keçdiyi ömür yoluna belə nəzər salır:
   - Hər kəsin bir ömür, tale payı var. Ömrün qısa və ya uzun olması əhəmiyyət kəsb etmir. Çünki insan layiq olduğu kimi yaşadıqda ömrü mənalı olur. Mənalı ömür isə düşüncə ilə bağlıdır. Nəfsinə əsir olan birisi ağac görəndə təsəvvürünə ət taxtası, toxmaq gəlir. Başqa birisi isə taxtanın cizgilərini metafizik aləmə gedən cığır kimi görür...
   Hər kəsin canında görmək, götürmək və yaratmaq hissi var. Bunun üçün zaman, məkan və şərait lazımdır. Rəssamlıq Məktəbini, İncəsənət İnstitutunu bitirdim, amma təhsil aldığım ixtisaslar üzrə çalışmadım. Taleyin qismətinə bax, quru ağac parçalarında gördüyüm işlər üçün yarandığıma sevindim.
   - Bu sahədə sizə heç istiqamət verən, yol göstərəniniz olubmu?
   - Xeyr! Yeganə müəllimim qədim əlyazmalardır. Əmək və zəhmət məni bu sənətin vurğununa çevirdi. Gördüyüm işlərin cığırı da, yolu da özümündür. Bir gün Türkiyədə çap olunmuş "Rəsmli türk ədəbiyyatı tarixi" kitabına baxırdım. Kitabda üç formada bədii xətlə yazılmış Quran ayələrinə rast gəldim. Bu yazı mənim taleyimi həll etdi. Ömrümün 48-ci ilində ilk dəfə "Allah hər şeydən xəbərdardır" mübarək kəlamını ağac üzərinə köçürdüm.
   - Xəttatlıq ağır zehni əmək və əl işi olsa da, məncə, daha çox zövq və təxəyyüllə bağlıdır. Azərbaycanda tarixən bu sənətlə məşğul olan çox olub...
   - Mədəniyyət tariximiz müxtəlif sənət nümunələri ilə zəngindir. Çünki xalqımız çox dahilər yetirib. Onların hər birinin özündən sonra qoyub getdiyi irs kitablarda və yaddaşlarda yaşayır. Bizdən də bu dünyaya nişanə qalacaq iz payı var. Mənə elə gəlir ki, mükəmməl sənət sahiblərinin qəlbi, təxəyyülü cəmiyyətlə, keçmişlə bağlı deyilsə, onun yaradıcılığı ötəridir. Özümü ustadlarımıza borclu sayıram. Yaradıcılığımın hər bir vergül və nöqtəsində vətəndaşlıq borcumu ödəməyə çalışıram. Onu da deyim ki, kökü sənət tariximizin dərin qatlarına gedib çıxan xəttatlığın müasir düzümü yeni tərzdə, ağac üzərində meydana çıxıb. Xəttatlıq tariximizdə ömrünü ağacişləmə sənətinə həsr etmiş usta Hacı Əhməd oğlunu (XIV əsr, Təbriz), usta Babanı (XVIII əsr, Bakı), usta Abuzər Bədəlovu (XVIII - XIX əsrlər, Şahbuz), usta Əhmədi (XIX əsr, Lənkəran), usta Məhəmmədi (XIX əsr, Gəncə) və s. onlarla sənətkarı misal göstərmək olar. Bu gün də bədii ağacişləmə sənətinin ənənələrini respublikanın bir çox şəhər və rayonlarında yaşadan ustalar var.
   - Sənətdə ilk uğurunuz sizdə hansı hiss və duyğular oyatdı?
   - İlk uğur məndə daha çox öyrənmək hissi oyatdı və axtarışlara səslədi. Ona görə də Azərbaycanın dekorativ-tətbiqi sənət örnəkləri, Şərq xəttatlıq nümunələri, daş Səbail kitabələri ilə tanış oldum. Ardınca isə Xaqani Şirvani, Soltan Məhəmməd, Məhəmməd Füzuli, Nizami Gəncəvi, Hüseyn Cavid, Aşıq Qurbani, Üzeyir Hacıbəyli və s. dühalara həsr olunmuş əsərlər yaratdım. Ağac üzərindəki bu yazıların kağız variantının yaranmasında xəttat Müzafəddin Əzizov yardımçım oldu. Müəyyən vaxt ərzində bir çox ağac növlərini təcrübədən keçirmişəm. Əsasən fıstıq və qoz ağacları üzərində işləyirəm. Dahi şairimiz Məhəmməd Füzuliyə formaca bir-birindən fərqli beş əsər həsr etmişəm. Böyük miniatürçü Soltan Məhəmmədə həsr etdiyim əsər də çox maraqlı və uğurlu alındı. Bu əsər Almaniyanın Berlin şəhərindəki İslam Mədəniyyəti Muzeyinin Azərbaycan bölməsində saxlanılır.
   Sənət taleyimdən razıyam. Yaradıcılığım həmişə diqqət çəkib. Mütəxəssislər yüksək dəyər verib. Məlumdur ki, Azərbaycan mənəviyyatını onun sənətkarları yaşadır. Bu işdə damla qədər də olsa payım olduğunu təsəvvür edəndə qürur hissi keçirirəm. Bu vaxtacan bir çox ölkələrdə oldum. Müxtəlif səviyyəli, dünya görüşlü insanlarla qarşılaşdım.
   - Adətən sənətkarlar özlərindən sonra sənətinin davamçılarını yetişdirirlər. Övladlarınızdan bu sənəti davam etdirən varmı?
   - Respublikamızda ağac üzərində oyma işi üçün yaxşı şərait var. İmkanlı adamlar təzə ev tikdirirlər. Qapıların, yataq əşyalarının hamısını yaxşı ustalara işlədirlər. Bu yaxşı haldır, amma sənətə çevriləcək işlər çox azdır. Bütün dövrlərdə görülən sənət işlərinin ustaları olub. Bu ustalar gördükləri işlərlə yanaşı, özlərindən sonra mükəmməl davamçılarını da yetişdiriblər. Mən də bu sahədə ustalar yetişdirmişəm. Bunun üçün çox şadam. Böyük oğlum Fəxrəddin rəssamdır, miniatür əsərlər çəkir. Ondan kiçik oğlum Firudin isə ağacişləmə işi ilə məşğuldur. Digər tələbələrimdən Yadulla Fərhadov, Rövşən Vəliyev, Samir Quliyev və s. ustaların işləri məni çox sevindirir. Bu sənəti sevənlərə və mənə müraciət etmək istəyənlərə həmişə qapım açıqdır... Bildiklərimi hər kəsə öyrətməyi özümə vətəndaşlıq borcu hesab edirəm...
   
   Söhbəti qələmə aldı:
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar