Fevralın 2-də Ankara Rəsm və Heykəl Muzeyində Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin yaranmasının (14 yanvar 1991) 20-ci ildönümü münasibətilə azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılıb. Sərginin təşkilatçıları Azərbaycanın Türkiyədəki səfirliyi, TÜRKSOY təşkilatı və Türkiyə Mədəniyyət və Turizm Nazirliyidir. Tədbirdə Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay, TÜRKSOY-un baş direktoru Düsen Kaseinov, türkdilli dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak edib.
Açılış mərasimində çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov iki qardaş ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib. Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay mərasim iştirakçılarını salamlayaraq, 20 ili tamam olan Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin əhəmiyyətini vurğulayıb.
Azərbaycanın Xalq rəssamı, professor Fuad Salayev rəssamlar adından sərginin təşkilatçılarına təşəkkür edib, burada Səttar Bəhlulzadə kimi dünya şöhrətli fırça ustaları ilə yanaşı, gənc rəssamların da əsərlərinin nümayiş etdirildiyini deyib.
Sərgi fevralın 15-dək davam edəcək.