Orxan Hüseynov: “Yeniliklər sənətə baxış tərzini dəyişir”
   
   Gənclər hər zaman cəmiyyətə yeniliklər gətirən, tərəqqiyə yol açan hərəkətverici qüvvə olublar. Bunu incəsənətin ayrı-ayrı sahələrində də görmək mümkündür. Gənc nəslin öz baxışları, yaradıcılığı ilə yeni nəfəs gətirdiyi sahələrdən biri də rəssamlıq sənətidir.
   
   Son zamanlar ölkəmizdə gənc rəssamların bu sahədə yeni cərəyan və istiqamətlərə diqqət göstərməsi, maraqlı əsərlər yaratması müasir incəsənətin gələcək inkişafına əsaslı zəmin yaradır. Sənətə kütləvi marağın azaldığı bir vaxtda mövcud stereotipləri dəf edəcək yeni qüvvənin adı müasir aktual incəsənətdir. Sənətdə bu istiqamət üzrə fəaliyyət göstərən, yaradıcılığını yeniliklərə sərf edən gənc, istedadlı rəssamlardan biri də Orxan Hüseynovdur.
   Müasir aktual incəsənət rəssamlığın dəyişik tərzdə fərqli yönlərini diqqətə çatdırmaqla bu sənətin imkanlarını genişləndirir. Belə ki, artıq rəsm çəkmək, əsər yaratmaq üçün yalnız sulu boya, kağız, kətan, fırça və s. ənənəvi vasitələr vacib deyil. Yeni düşüncə tərzinə, müasir aktual incəsənətin təbliğ etdiyi ideologiyaya görə rəssamın material seçimi müxtəlif ola bilər. Yəni gördüyümüz, bizi əhatə edən hər bir məfhum, canlı, cansız rəssamın yaratmaq istədiyi əsər üçün materialdır. Əsas fikrin, məqsədin təsvirlə çatdırılmasıdır. Əsərlər isə video, quraşdırma və s. üsullarla yaradılır.
   Qeyd edək ki, bu cür sərgilər əsasən xarici ölkələrdə təşkil olunur. Ölkəmizi maraqlı əsərləri, rəngarəng ideyaları ilə xaricdə təmsil edən Orxan Hüseynov isə dünya rəssamları ilə ayaqlaşa bilən müasir aktual incəsənətin təmsilçilərindəndir. Bunun bariz nümunəsi kimi rəssamın dünyanın ən mötəbər sərgilərindən biri olan “Venesiya Biennale”sində nümayiş etdirdiyi işləri göstərmək olar. Bundan başqa, gənc rəssamın əsərləri Britaniya, Fransa, Almaniya, İsveçrə, Türkiyə, Rusiya və s. ölkələrdə də sərgilənib.
   Orxan Hüseynov yaradıcılığını yeni təsvirlər, əlvan ideyalarla müasir incəsənətə sərf etməsini belə izah edir: “Hazırda insanları nə iləsə təəccübləndirmək çətindir. Bunu yeniliklər sayəsində qismən də olsa etmək mümkündür. Məhz rəssamlıq müasir aktual incəsənətin timsalında fərqli, dəyişik şəkildə insanlara təqdim olunaraq, onlarda maraq və təəccüb hisslərini artırmağı nəzərdə tutur. Müasir incəsənət bütün məhdudiyyətləri, sərhədləri aşaraq, rəssam işi ilə izləyici, tamaşaçı arasında vəhdəti təmin edir. Məsələn, mənim elə işlərim olub ki, əsərlər sərgiyə gələnlərin fikirləri, istəkləri, maraqları sayəsində tamamlanıb. Rəssamın iştirakı olmadan əsərə öz münasibətlərini bildirib, istəklərini həyata keçiriblər. Belə yeniliklər sənətə baxış tərzini dəyişir. Müasir incəsənət rəssamın adi cızma-qarasına da böyük önəm verir. Əsas odur ki, bu tamaşaçıya, izləyiciyə nə isə çatdırsın, fikir, ideya aşılasın”.
   Orxan Hüseynov qarşıda yeni layihələrə hazırlaşdığını deyir. Rəssamın əl işləri martda Bakıda keçiriləcək “Mükəmməl dördlük” adlı sərgidə nümayiş olunacaq. Sərgidə Orxan Hüseynovla yanaşı, Rəşad Ələkbərov, Faiq Əhməd və Fərid Rəsulovun əsərləri nümayiş olunacaq. Düşünürük ki, belə sərgilərin ölkəmizdə tez-tez keçirilməsi vacibdir. Bu, digər sahələrdə oldu kimi, incəsənətdə də qabaqcıl dünya praktikasına söykənərək, inkişafa nail olmağın vacib elementidir. 

  Eldar İbrahimoğlu







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar