Brüsselin «Brenart» İnternasional Qalereyasında «Azərbaycanın gənc rəssamları Belçikada» adlı sərgi açılıb. «Dirçəliş» Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən keçirilən sərgi Azərbaycanın Belçikadakı səfirliyinin və ölkəmizin Avropa İttifaqı yanındakı daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilib. Martın 31-dək davam edəcək tədbir BMT-nin hər il 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etməsi, Azərbaycan müstəqilliyinin 20, Avropa Şurasına üzv olmağımızın 10 ilinin tamam olması münasibətilə iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə olaraq təşkil olunub.
   Tədbirdə çıxış edən Azərbaycanın Belçikadakı səfiri Emin Eyyubov sərginin həm də xeyriyyə məqsədi daşıdığını və təşkilatçıların əsərlərin satışından əldə edəcəkləri gəlirin bir hissəsini Yaponiyada zəlzələdən zərər görmüş insanlara yardım fonduna köçürməyi qərara aldıqlarını qeyd edib.
   Belçika Senatının fəxri sədri An Mari Lizən çıxışında azərbaycanlıların istedadlı xalq olduğunu və Brüsseldə gənc rəssamların rəngarəng əsərlərinin nümayişinin buna parlaq sübut olduğunu vurğulayıb.
   Tədbirdə iştirak edən Yaponiya səfiri Jun Yokota zəlzələdən əziyyət çəkənlərə yardım təşəbbüsünə görə sərginin təşkilatçılarına təşəkkür edib.
   «Dirçəliş» Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyevin sözlərinə görə, sərgidə nümayiş etdirilmək üçün 17 rəssamın 100-ə yaxın əsəri seçilib: «Sərginin keçirilməsində məqsəd Azərbaycanın gənc rəssamlarının yaradıcılıq imkanlarını daha da artırmaq, Avropa dəyərlərini gənclər arasında təbliğ etmək, mədəniyyətlərarası dialoqun inteqrasiya üçün vacibliyini bir daha diqqətə çatdırmaqdır».
   Qeyd edək ki, Azərbaycan mətbəxinin zənginliyini nümayiş etdirmək məqsədi ilə martın 30-da Brüsseldəki «Sazz N Jazz» restoranında «Azərbaycan mətbəxi günü» də keçiriləcək.
   
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar