Azərbaycan müasir təsviri sənətinin müxtəlif sahələrində çox məhsuldar çalışmaqla yaddaqalan əsərlər yaradan sənətkarlarımızdan biri də Əməkdar rəssam İsmayıl Məmmədovdur. Bunu onun 30 ildən artıq müddətdə rəngkarlıq və qrafika, teatr-dekorasiya və monumental rəngkarlıq sahəsində yaratdığı əsərləri də təsdiqləyir. 
   
   İsmayıl Əsəd oğlu Məmmədov 1948-ci il martın 31-də Bakı şəhərində anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində (1963-1968-ci illər), İ.E.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1968-1974) təhsil alıb. 1976-cı ildən müxtəlif beynəlxalq və yerli sərgilərin iştirakçısıdır. 1978-ci ildən Rəssamlar İttifaqının üzvüdür. Ötən illərdə Rəssamlar İttifaqı idarə heyətinin katibi (1987-1992), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rəssamı (1998-2007), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun baş rəssamı (2007-2008) və başqa yaradıcı, ictimai vəzifələrdə səmərəli fəaliyyət göstərib. Hazırda ingilis dilində çap olunan “Visions of Azerbaijan” adlı jurnalın baş rəssamıdır.
   Rəssamın rəngkarlıq və qrafika işlərindən ibarət ilk fərdi yaradıcılıq sərgisi 1985-ci ildə keçirilib. İ.Məmmədov “Humay” (1995) və “Qızıl Dərviş” (1999) mükafatlarına layiq görülüb. Rəssam bir sıra ölkələrdə (Türkiyə, Britaniya, Rusiya, ABŞ və s.) yaradıcılıq ezamiyyətlərində olub, fərdi sərgilərini yerli tamaşaçılara təqdim edib. Yaratdığı əsərlər dünyanın müxtəlif muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.
   İ.Məmmədov yaradıcılığı mövzu dairəsinin çoxşaxəliliyi, əsərlərinin kompozisiya quruluşunun mürəkkəbliyi, kolorit həllinin rəngarəngliyi, ifadə üslubunun müxtəlifliyi, janr xüsusiyyətlərinin zənginliyi, icra manerası, mövzuya özünəməxsus yanaşma xüsusiyyəti və görüm tərzinin fərdiliyi ilə seçilir. İ.Məmmədov Şərq incəsənətinin ənənəvi xüsusiyyətlərini, onun simvolik çoxmənalılığını, eləcə də Qərb incəsənətinin mütərəqqi cəhətlərini ümumiləşdirməklə bu tendensiyaları əsərlərində birləşdirməyə - vəhdətdə verməyə çalışır.
   Rəssam dəzgah rəngkarlığı, qrafika, teatr-dekorasiya, divar boyakarlığı və kompyuter qrafikasında bir-birindən maraqlı əsərlər qalereyası yaradıb. Onun süjetli tablolarından “Oyanış”, “Dərketmə”, “Musiqi dərsi”, “Analıq”, “Muğam”, “Neft daşlarında fırtına”, “Abşeron ritmləri”, ”Yenə də bahar”, “Kənddə konsert”, “İş günü”, “Üsyan” və s. əsərlərinə yüksək sənətkarlıq və bədii işlənmə xüsusiyyətləri xasdır.
   Rəssamın folklor nümunələrimizə həsr etdiyi tablolar da duyğulandırıcılığı ilə yadda qalır. “Güləş”, “Abşeronda”, “Çörək”, “Baharda”, “Pensər kəndindən olan əməkçi” və başqa əsərləri bu qəbildəndir. Qeyd etmək lazımdır ki, rəssamlarımız nə qədər bu cür milli-etnoqrafik mövzulara müraciət etmiş olsalar, bir o qədər də yerli və xarici ölkə vətəndaşlarının qəlblərini fəth etməklə əsərlərinin daha uzunömürlülüyünü təmin etmiş olarlar.
   İ.Məmmədov eyni zamanda çoxsaylı abstrakt kompozisiyalar müəllifidir. Sənətin azadlığını yaradıcılığı ilə təsdiqləyən müəllif özünü hər hansı çərçivə daxilində saxlamaqdan uzaqdır. Təbii ki, sənət yollarına yenicə qədəm qoyan şəxs özünütəsdiqədək dünyəvi və milli ənənələrdən bəhrələnməlidir. Çünki sənətdə qəbul edilən və edilməyən bütün üslub və cərəyanlar sənətkarın özünü ifadəsi üçün, yaradıcı dünyasının təzahürü üçün bir vasitədir. Bu mənada rəssamın “Major”, “Minor”, “Kainat”, “Qarşıdurma” və “Kompozisiya” adlandırdığı bir çox mücərrəd əsərləri onun daxili bədii dünyasının, gərgin yaşantılarının ustalıqla təcəssümüdür.
   Rəssamın yaratdığı portret əsərlərinə misal olaraq “Zərifə” “Bibixanım”, “Gənc oğlan kitabla”, “Rövşən”, “Eksteryerdə ailəvi portret”, “Güzgü ilə avtoportret”, “Bakılı rəssam Gennadi Brijatyuk”, “Sara”, “Bu, Fərmandır”, “Rasimin qapıları”, “Məhəmməd Füzuli”, “Dədə Qorqud”, “Cavanşir Quliyev” və başqa uğurlu əsərlərini göstərmək olar.
   Rəssam eyni zamanda təsviri sənətin mənzərə və natürmort janrında yaradılmış bir-birindən maraqlı əsərlərin müəllifidir. İ.Məmmədovun mənzərə əsərləri onun müxtəlif ölkələrə yaradıcı səfərlərindən, doğma diyarımızın dilbər guşələrinin əsrarəngiz təbiətinin duyğulandırıcı təsirindən qaynaqlanan bədii görüntülərdir.
   Rəssamın yaratdığı mənzərə əsərlərinə misal olaraq “Alupkada aylı gecə”, “Biq Ben alaqaranlıqda”, “Hayd Park alaqaranlıqda”, “Qızıl körpü, Venesiya”, “Yağışdan sonra, Venesiya”, “Günotra, Venesiya”, “Günəşli Venesiya”, “Qondolalar, Venesiya”, “Süleymaniyyə məscidi, İstanbul” və başqa əsərlərini göstərmək olar. Sadalanan mənzərə əsərlərinə həm real bir coğrafi məkanın təsviri və həm də eyni zamanda rəssamın təxəyyülündən doğan təkraredilməz bir məkan kimi xarakterizə etmək olar.
   Sənətkar diqqətçəkən natürmortlar müəllifi kimi də özünü təsdiq edib.
   “Zəncirotular”, “Emalatxanada”, “Heyva ağacının budağı”, “Narla natürmort” və s. əsərlərində rəssam əşya və predmetlərin incəliklərinə varmaqla sonda estetik təsir yükünə malik bitkin kompozisiyalar yarada bilib.
   İ.Məmmədov qrafikanın bütün sahələrində eyni şövqlə maraqlı əsərlər ərsəyə gətirib. Rəssamın karandaş, pastel, qarışıq texnika, və s. bədii-texniki vasitələrlə işlədiyi lövhələr, eləcə də monotipiyaları, cizgi rəsmləri, kitab qrafikası və başqa qrafika əsərləri özünün orijinal işlənmə üslubu və bədii ifadə həllinin kamilliyi ilə diqqəti cəlb edir.
   Rəssamın əsərlərində Bakının özünəməxsus yeri var. Sənətkar köhnə Bakı səhnələrinin, əvəzedilməz “İçərişəhər” mənzərələrinin mahir tərənnümçüsüdür. Rəssamın “İçərişəhər”i və Bakıda XX əsrin əvvəllərində inşa edilmiş tarixi binaların hər birini böyük zəhmət hesabına təsvir edərək bədii biçimdə tamaşaçılara təqdim edib. Onun Azərbaycanın tarixi abidələrinin, eləcə də “İçərişəhər”in ayrıca abidələrinin bədii xəritəsini yaratmaq qüdrəti xüsusilə qeyd edilməlidir. Rəssamın bu işləri Azərbaycanın turizm potensialının əcnəbilərə təbliği və ölkəmizin xaricdə tanıdılması işində xüsusi töhfələr verəcək.
   İ.Məmmədovun Azərbaycanın mədəniyyət xadimlərinə həsr etdiyi bədii markalar (“Üzeyir Hacıbəyli”, “Qara Qarayev”, “Akademik Həsən Əliyev”, “Cəfər Cabbarlı”, “Bülbül” və s.) özünün bədii ifadə həllinə və işlənmə səlisliyinə görə fərqlənir.
   Rəssamın “Mənim rəngli yuxularım”, “Dədə Qorqud”, “Afrika maskaları”, mifoloji və folklor mövzularında yaratdığı monotipiya nümunələri özünün mövzu tutumu və bədii həlli baxımından xüsusilə diqqəti cəlb edir.
   İ.Məmmədov 10 ilə yaxın Musiqili Komediya Teatrında baş rəssam işləyib. Rəssam həm də Akademik Milli Dram Teatrında və Dövlət Rus Dram Teatrında qoyulan tamaşalara bədii tərtibat verib və geyim eskizləri hazırlayıb. Bunlara misal olaraq Milli Dram Teatrında səhnələşdirilən İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsərini, Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” (“Göytürklər”) və “Dar ağacı” və başqa tamaşaları göstərmək olar.
   İ.Məmmədov həm də monumental rəngkarlıq nümunələri yaradıb. Təəssüf ki, müəyyən səbəblərdən bu bədii sənət inciləri qorunub saxlanılmayıb. Bu məqamı digər monumentalçı rəssamların yaradıcılığına da şamil etmək olar. Çox zaman təmir zamanı naşılıqdanmı və hansısa digər səbəbdən rəssamlarımızın ağır zəhmət hesabına ərsəyə gətirdikləri bədii lövhələr sıradan çıxır. İ.Məmmədov “Əfsanə” kafesində (1984-1985-ci illər) (Sirus Mirzəzadə ilə birgə), “Retro” foto otelyesində (1986-1987-ci illər) (Sirus Mirzəzadə ilə birgə) və “Azərbaycan” kinoteatrında (1987-1988-ci illər) monumental bədii tərtibat hazırlayıb. Rəssamın bu işləri bədii ifadəlik, məna və məzmun yükünə görə heç də yaradıcılığının başqa sahələrində yaradılmış əsərlərdən geri qalmır.
   Ümumiyyətlə, İ.Məmmədovun yaradıcılığında milli qaynaqlar, milli çalarlar əsas aparıcı xətt kimi keçir. Əslində hər bir yaradıcı şəxs, o cümlədən də rəssam nəyi və necə yaradacağından asılı olmayaraq daim öz milli mənsubluq hissini büruzə verməlidir. Elə təsviri sənətdə özünəməxsus bədii izi olan Əməkdar rəssam İsmayıl Məmmədov kimi.
   
   Əsəd Quliyev,
   sənətşünas







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar