Aprelin 1-də Azərbaycan Dövlət Filarmoniyasında uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II Respublika müsabiqəsi iştirakçılarının yekun konserti keçirildi. 
   
   Konsertdən öncə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov son illər ölkəmizdə mədəniyyətin müxtəlif sahələrində həyata keçirilən layihələrdən danışdı. Yeni musiqi məktəblərinin inşa olunduğunu, onların maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər görüldüyünü bildirdi.
   Qeyd olundu ki, ölkə miqyasında yeniyetmə və gənc musiqiçilərin iştirakı ilə müxtəlif musiqi festivalları, müsabiqələr təşkil olunur. Artıq ikinci dəfə təşkil olunan nəfəsli və zərb alətləri üzrə musiqi müsabiqəsinin təşkilində bu sahədə istedadlı uşaqların aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsidir. F.Qurbanov uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə I Respublika müsabiqəsi ilə müqayisədə bu dəfə iştirakçıların sayının artdığını qeyd etdi: “Müqayisə aparsaq görərik ki, budəfəki tədbirə Azərbaycanın daha çox bölgəsindən iştirakçı qatılıb. Nəfəsli və zərb alətlərinə hər il maraq artır. Belə müsabiqələr davamlı olaraq keçiriləcək. Düşünürəm ki, ildən-ilə bu müsabiqələrdə iştirak edən yeniyetmələrin sayı da artacaq”. Natiq sonda müsabiqənin münsiflər heyətinə minnətdarlığını ifadə etdi, müsabiqə iştirakçılarına və qaliblərə yaradıcılıq uğurları arzuladı.
   Sonra qalib ifaçıların mükafatlandırılma mərasimi keçirildi. Qeyd edək ki, fleyta, qaboy, klarnet, truba, trombon, valtorna, tuba, saksofon, zərb alətləri ixtisasları üzrə iki yaş qrupunda keçirilmiş müsabiqədə Bakı, Gəncə, Sumqayıt, Şirvan şəhərlərindən, Abşeron, Hacıqabul, Füzuli, Quba, Qusar, Sabirabad, Samux rayonlarından, Naxçıvan Muxtar Respublikasından 100-ə yaxın şagird iştirak edib. Münsiflər heyətinin qərarına əsasən L. və M.Rostropoviçlər adına 21 nömrəli 11 illik musiqi məktəbinin şagirdi İsrafil Rəsulov, 24 nömrəli 11 illik musiqi məktəbinin şagirdi Yusif Yusifov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəb-studiyasının şagirdləri Ənvər Kərimov və Emil Bağırov I dərəcəli diplom və pul mükafatına layiq görülüblər. Ümumilikdə 28 gənc ifaçı müsabiqənin laureatı adını qazanıb. Onlara müxtəlif dərəcəli diplomlar və pul mükafatları təqdim olundu. Bundan əlavə, şagirdləri I dərəcəli diploma layiq görülmüş bütün müəllim və konsertmeystrlərə fəxri fərman və pul mükafatları verildi.
   Sonra müsabiqə qaliblərinin iştirakı ilə konsert oldu. Konsertdə çıxış edənlər Azərbaycan və xarici bəstəkarların əsərlərindən musiqi nömrələri səsləndirdilər.
   
   Ceyhun Zərbəliyev






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar